İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq ödənişsiz təlimlərdən yararlana bilərlər. Bunun üçün vətəndaşlar form.4sim.gov.az saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçənlər may ayından başlayaraq “Coursera” onlayn təhsil platformasında 6 həftə ərzində ödənişsiz təlimlərdən yararlanmaq üçün lisenziya əldə edəcəklər.
Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Məqsəd ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.
İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin kurs və təlimlərindən yararlanırlar. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 8000-ə qədər sahəvi kurs və proqramlar “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. “Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur.
4SİM və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində təlimlərdən yararlanmaq istəyənlər üçün qeydiyyat başlayıb.
OXŞAR POSTLAR