spot_img
HomeBloqİxtisasımı imtahan nəticəm müəyyən edir, yoxsa iradəm?
spot_img

İxtisasımı imtahan nəticəm müəyyən edir, yoxsa iradəm?

Hazırda ölkədə və ya xaricdə təhsil almağa hazırlaşan, həyatlarının ən əhəmiyyətli qərarlarını verdikləri anda saysız suallarla qarşılaşan yeniyetmə və gənclərin zehnini məşğul edən mövzular ətrafında təhsil sahəsində olduqca geniş təcrübəyə malik psixoloq Aynur İskəndərova ilə müzakirə apardıq. Gənclərin, xüsusilə abituriyentlər və ali təhsil pilləsində (bakalavr və magistratura) oxuyan və ya hazırlaşan şəxslər tez-tez özlərinə verdiyi, amma bəzən səsləndirməkdən çəkin­diyi sualları onların adından mütəxəssisə yönəltdik.

İlk sualla müzakirəni açmaq istəyirəm. Aynur xanım, təsəvvür edin ki, mən abituriyentəm və balım arzuladığım ixtisasa çatmır. Qarşımdakı seçim isə belədir: balımın uyğun olduğu ixtisası seçmək, yoxsa bir qədər zaman ayırıb özümü inkişaf etdirərək hədəfim üçün yenidən hazırlaşmaq… “Hər hansı bir bal kriteriyası gələcəyimi müəyyən etməlidirmi?” Belə bir vəziyyətdə gənclər qərarı necə verməlidir?

— Gənclərin, xüsusilə də abituriyentlərin ən həssas dövrlərindən biri imtahan nəticələrinin açıqlandığı vaxtdır. Burada söhbət imtahana ciddi şəkildə hazırlaşan və nəticələri ilə bağlı böyük gözləntilər formalaşdıran gənclərdən gedir.

Bəzən gənclər bütün gələcəklərini topladıqları imtahan balı ilə birbaşa əlaqələndirirlər. Halbuki bir imtahan nəticəsi insanın bütün həyatını və gələcəyini müəyyən etmir. İmtahan balı sadəcə müəyyən bir dövrdəki hazırlıq səviyyəsini əks etdirir. İnsanların bacarıqları, inkişaf potensialı, xarakter xüsusiyyətləri və həyatda uğur qazanma ehtimalları isə bundan daha geniş anlayışdır.

Əgər gənc hər hansı bir peşə ilə bağlı konkret qərar veribsə və bu seçim onun daxili motivasiyası, məqsədi və psixoloji hazırlığı əsasında formalaşıbsa, qarşılaşdığı uğursuzluğu son deyil, gecikmiş hədəf kimi qiymətləndirməyi bacarmalıdır.

Təəssüf ki, bəzi gənclər imtahan nəticəsini öz şəxsi dəyərləri ilə eyniləşdirir və “çatmadımsa, deməli bacarıqsızam” kimi düşüncələrə qapılırlar. Halbuki psixoloji baxımdan bu yanaşma doğru hesab olunmur.

Məhz bu və buna bənzər, gənclərin gələcək seçimlərinə təsir edən vacib suallar ətrafında müzakirəmizi davam etdiririk.

  1. Gənclər çox vaxt “bir il itirmək” qorxusu yaşayırlar. Psixoloji baxımdan bu qorxu haradan yaranır?

— Gənclərdə “bir il itirmək” qorxusu əsasən sosial müqayisə, ailə və cəmiyyət gözləntiləri, həmçinin gələcəklə bağlı qeyri-müəyyənlik hissindən qaynaqlanır. Xüsusilə abituriyent dövründə gənclər özlərini yaşıdları ilə müqayisə etməyə daha meyilli olurlar. Onlar düşünürlər ki, əgər həmin il universitetə qəbul olunmasalar, digərlərindən geri qalacaqlar və bu, onların həyat yoluna mənfi təsir göstərəcək.

  1. Bəzən ailə və cəmiyyət “təki universitetə qəbul ol” düşüncəsini ön plana çəkir. Bu təzyiq yeniyetmələrin qərarlarına necə təsir edir?

— Bu düşüncə imtahan iştirakçılarının düzgün peşə və gələcək seçimlərinə psixoloji baxımdan mənfi təsir göstərə bilər. Belə hallarda gənc əvvəlcədən müəyyən etdiyi, maraq və potensialına, şəxsi keyfiyyət və dəyərlərinə uyğun peşəni deyil, sadəcə hər hansı bir ali təhsil müəssisəsinə qəbul olunmağı əsas məqsəd kimi qəbul edir. Bu cür təzyiq altında verilən qərarlar isə sonradan peşə narazılığına, motivasiya itkisinə və emosional gərginliyə səbəb ola bilər.

  1. Şagird öz arzusu ilə real imkanları arasında qaldıqda nə etməlidir?

— Qərar verməkdə çətinlik çəkən gənc valideyn, təhsil eksperti və psixoloq kimi şəxslərdən dəstək almalıdır. Çünki əksər hallarda gənci ən yaxşı tanıyan valideyn onun hansı potensiala malik olduğunu daha düzgün qiymətləndirə bilir. Təhsil eksperti isə peşələrin gələcək perspektivləri və təhsil imkanları barədə daha geniş məlumata sahib olur. Psixoloq isə gəncin şəxsi keyfiyyətlərini, maraq və motivasiyasını müəyyən etməsinə, özünü daha yaxşı tanımasına və qərarvermə prosesini daha sağlam şəkildə həyata keçirməsinə dəstək göstərə bilər. Bu istiqamətdə göstərilən düzgün yanaşma gəncin özünə uyğun və daha doğru seçim etməsinə yardımçı olur.

  1. Sizcə insan sevmədiyi ixtisasda uğurlu ola bilərmi?

— Bu, sevmədiyi ixtisasın onun şəxsi keyfiyyətlərinə, potensialına, dəyərlərinə uyğun və seçilən sahənin perspektivli olub-olmamasına bağlıdır. Bu amillər insanın həmin peşədə uğurlu və davamlı inkişaf edə bilməsində mühüm rol oynayır. Əgər seçilən ixtisas bu xüsusiyyətlərlə müəyyən qədər uyğunluq təşkil edirsə, insanın zamanla həmin sahəyə maraq və bağlılıq formalaşdırması da mümkündür. Əks halda isə zaman keçdikcə motivasiya azalması, emosional yorğunluq və peşə narazılığı yarana bilər.

  1. Gənclər hansı halda “yenidən hazırlaşmaq” qərarı verməlidirlər?

— Əgər gənc seçmək istədiyi peşə ilə bağlı dəqiq qərara malikdirsə, həmin sahəyə marağı davamlıdırsa, uğursuzluğun əsas səbəbi hazırlıq prosesindəki çatışmazlıqlardırsa və yenidən hazırlaşmaq üçün psixoloji dözümlülüyə sahibdirsə, bu seçim məqsədəuyğun hesab oluna bilər.

  1. “Hamı artıq universitetə qəbul oldu, mən geri qaldım” hissi gənclərə necə təsir edir?

— Bu düşüncə gənclərdə özünü digərləri ilə müqayisə etmə meylindən yaranır və onların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir. Bu hiss özünəinamın azalmasına, uğursuzluq düşüncələrinin güclənməsinə və gələcəklə bağlı ümidsizlik hissinin yaranmasına səbəb ola bilər.

  1. Xaricdə təhsil planlayan gənclər üçün IELTS və digər tələblərə görə gözləmək psixoloji olaraq doğru qərar sayıla bilərmi?

— Əgər gəncin xaricdə təhsil almaqla bağlı məqsədi dəqiqdirsə və bu seçim onun maraq, potensial və gələcək planlarına uyğundursa, IELTS və digər tələblərə görə müəyyən müddət gözləməsi psixoloji baxımdan yanlış qərar hesab olunmamalıdır. Əksinə, bu müddət məqsədə daha hazırlıqlı şəkildə yaxınlaşmaq və özünü inkişaf etdirmək üçün faydalı mərhələ ola bilər.

  1. Aynur xanım, bəzən abituriyent arzuladığı ixtisasın ölkəmizdə tədris olunmadığını görür və xaricdə təhsilin çətinliklərindən, eyni zamanda valideynlərinin narazılığından çəkinərək sevmədiyi bir ixtisası sırf ölkədə qalmaq üçün seçir. Sizcə belə vəziyyətdə gənclər arzularının arxasınca gedib risk etməlidirlər, yoxsa daha təhlükəsiz görünən seçimə yönəlməlidirlər?

— Bu vəziyyət əslində “risk–təhlükəsizlik” qarşıdurmasından daha çox, “şəxsi məqsəd–mövcud imkanlar” balansı kimi dəyərləndirilməlidir. Burada tək bir düzgün cavab yoxdur; qərar gəncin psixoloji hazırlığı, resursları və uzunmüddətli məqsədləri əsasında formalaşmalıdır.

  1. Sizcə gənclər ixtisas seçərkən daha çox nəyi düşünməlidirlər: əmək bazarını, maraqlarını, yoxsa potensiallarını?

— İxtisas seçimi zamanı bu üç amili bir-birindən ayırmaq doğru yanaşma deyil, çünki onlar bir-birini tamamlayan faktorlardır. Daha sağlam qərar isə bu üçünün balanslı şəkildə nəzərə alınmasıdır.Maraqlar gəncin daxili motivasiyasını formalaşdırır. İnsan maraqlandığı sahədə daha həvəsli olur, çətinliklərə daha dözümlü yanaşır və uzunmüddətli inkişaf göstərə bilir. Potensial isə həmin marağın real bacarıqlara çevrilə bilmə imkanını göstərir. Yəni insan istədiyi sahədə nə qədər irəliləyə biləcəyini müəyyən edir. Əmək bazarı isə bu seçimin real həyatda tətbiq olunma və gəlir gətirmə perspektivini göstərir.

  1. “Prestijli ixtisas” anlayışı gənclərin seçimlərinə nə qədər təsir edir?

— “Prestij” anlayışı zamanla dəyişən və subyektiv bir anlayışdır. Bu gün yüksək statuslu hesab edilən bir sahə sabah əmək bazarında eyni dəyəri daşımaya bilər və ya əksinə. Ona görə də yalnız sosial imicə əsaslanaraq seçim etmək həmişə stabil və etibarlı yanaşma deyil.

  1. Sizcə uğurlu karyera daha çox doğru ixtisas seçimindən asılıdır, yoxsa insanın sonradan göstərdiyi inkişafdan?

— Uğurlu karyera təkcə doğru ixtisas seçimindən və ya yalnız sonradan göstərilən inkişafdan asılı deyil — bu iki amil bir-birini tamamlayan proseslərdir. Doğru ixtisas seçimi insana ilkin istiqamət və motivasiya verir. Əgər seçim gəncin maraqlarına, potensialına və dəyərlərinə uyğundursa, o, həmin sahədə daha rahat öyrənir, çətinliklərə daha dözümlü olur və peşəyə daha tez uyğunlaşır. Bu, karyeranın başlanğıcı üçün mühüm təməl rolunu oynayır. Lakin təkcə düzgün seçim kifayət etmir. Karyera dinamik bir prosesdir və burada insanın sonradan göstərdiyi inkişaf, özünü təkmilləşdirməsi, yeni bacarıqlar qazanması və dəyişən əmək bazarına uyğunlaşması həlledici rol oynayır. Eyni ixtisası bitirən iki insanın karyera nəticələri məhz bu inkişaf səviyyəsinə görə tam fərqli ola bilər. Ona görə də uğurlu karyeranı bir nöqtəyə deyil, bir prosesə bənzətmək daha doğrudur. Başlanğıcda düzgün istiqamət vacibdir, lakin davamlı inkişaf və öyrənmə olmadan uzunmüddətli uğur əldə etmək çətindir.

  1. Gənclər özlərini və həqiqi maraqlarını tanımaq üçün hansı sualları özlərinə verməlidirlər?

Gənclərin özlərini və həqiqi maraqlarını tanıması üçün ilk növbədə daxili ehtiyaclarını, dəyərlərini və motivasiyalarını anlamağa çalışmaları vacibdir. Bunun üçün onlar özlərinə bəzi əsas sualları verməlidirlər:

— Mən hansı fəaliyyətləri edərkən özümü daha motivasiyalı və enerjili hiss edirəm?

— Hansı mövzular və sahələr diqqətimi daha çox cəlb edir?

— Mən uğuru necə təsəvvür edirəm: status, maddi qazanc, faydalı olmaq, yoxsa şəxsi məmnunluq?

— Çətinliklə qarşılaşdıqda hansı sahədə davam etmək istəyim itməz?

— Bu seçimi öz istəyimlə edirəm, yoxsa ailə və cəmiyyətin təsiri ilə?

Bu suallar gəncin yalnız peşə seçimini deyil, öz şəxsiyyətini və həyat məqsədlərini daha yaxşı anlamağına kömək edir. Çünki insan özünü tanıdıqca qərarlarını da daha şüurlu və sağlam şəkildə verməyə başlayır.

  1. İmtahan nəticəsini şəxsi dəyər kimi görmək nə qədər təhlükəlidir?

— İmtahan nəticəsini şəxsi dəyərin göstəricisi kimi qəbul etmək psixoloji baxımdan olduqca riskli yanaşmadır. Çünki bu halda gənc uğuru yalnız topladığı balla əlaqələndirir və nəticəni öz şəxsiyyəti ilə eyniləşdirməyə başlayır. Nəticə gözlənildiyi kimi olmadıqda isə “mən bacarıqsızam”, “uğursuzam” və ya “digərlərindən geriyəm” kimi düşüncələr formalaşa bilər. Bu yanaşma özünəinamın azalmasına, güclü stress və emosional gərginliyə, hətta bu hisslər daha da  dərinləşərsə intihara səbəb ola bilər. Bəzi hallarda gənclər öz potensiallarını görmək əvəzinə yalnız uğursuz nəticəyə fokuslanırlar. Halbuki imtahan nəticəsi insanın yalnız müəyyən bir dövrdəki hazırlıq səviyyəsini göstərir; onun xarakterini, bacarıqlarını, emosional gücünü və gələcək uğur potensialını tam müəyyən etmir.

  1. Sosial şəbəkələrdə başqalarının uğurunu görmək qərar vermə prosesinə necə təsir edir?

— Sosial şəbəkələrdə başqalarının uğurlarını davamlı şəkildə görmək gənclərin qərarvermə prosesinə və özlərini qiymətləndirmə tərzinə ciddi təsir göstərə bilər. Çünki sosial mediada insanlar adətən həyatlarının ən uğurlu və ideal görünən tərəflərini paylaşırlar. Bu isə bəzi gənclərdə “hamı məndən daha uğurludur” düşüncəsini formalaşdırır. Nəticədə gənc öz inkişaf yolunu və imkanlarını obyektiv qiymətləndirmək əvəzinə, özünü başqaları ilə müqayisə etməyə başlayır. Bu müqayisələr isə tələsik qərarlara, öz seçimlərindən narazılığa və bəzən də sırf trend və ya sosial təsirə uyğun seçim etməyə səbəb ola bilər.

Bu müzakirə göstərir ki, gənclərin təhsil və karyera seçimləri təkcə akademik göstəricilərdən deyil, həm də psixoloji faktorlar, sosial təzyiq və şəxsi dəyərlərdən güclü şəkildə asılıdır. Ona görə də hər bir qərar fərdi yanaşma, özünü tanıma və real imkanların düzgün qiymətləndirilməsi əsasında verilməlidir. Ümid edirik ki, bu müzakirə gənclərə öz seçimlərinə daha şüurlu yanaşmaqda və qərarvermə prosesində daha inamlı olmalarında faydalı olacaq.

Aysel Nağıyeva
Aysel Nağıyeva
Mənim üçün təhsil inkişaf və dəyişikliklərin açarıdır. Bu blog vasitəsilə öz təcrübələrimi sizinlə bölüşürəm.Məqsədim təhsil sevərlər üçün faydalı məlumatlar paylaşmaqdır.
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar