Azərbaycanlı gənc müəllimlər və pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün yeni bir fürsət yaradılıb. “Birlikdən Biliyə” adlı layihə çərçivəsində iştirakçılara Türk dövlətlərinin təhsil sistemləri və metodologiyaları ilə yaxından tanış olmaq imkanı veriləcək.
Layihənin əsas məqsədi – gənc müəllimlərin və bu sahədə təhsil alan tələbələrin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın təhsil strategiyaları haqqında bilik və bacarıqlarını artırmaqdır.
Altı ay müddətində təşkil olunacaq təlimlərdə adıçəkilən ölkələrdə təhsil almış mütəxəssislər müxtəlif mövzularda çıxış edəcəklər. Layihə tamamilə ödənişsizdir və iştirakçılara geniş bilik və təcrübə qazanmaq imkanı təqdim edir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olmuşdur və Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən həyata keçirilir.