Elm nədir sualı tarix boyu elm adamlarını məşğul edib. Elmi digər bilik formalarından (mif, din, ideologiya və s.) fərqləndirməyin əsas xüsusiyyəti nədir? Biz bir iddianın elmə aid olub- olmadığını necə ayırd edə bilərik? Əgər elmin məqsədi təbiəti, insanı və kainatı anlamaqdırsa, bu anlama prosesi necə aparılır? Bu suallara cavab axtaran elm fəlsəfəsi müxtəlif dövrlərdə müxtəlif modellər təklif etmişdir. Bu modellər arasında Karl Popper-in ortaya atdığı “təkzibediləbilənlik” anlayışı elmi bilikləri süzgəcdən keçirmək üçün ən təsirli və hələ də aktual yanaşmalardan biri sayılır.
Popper və Təkzibediləbilənlik Prinsipi
Karl Popper XX əsrin ən tanınmış elm filosoflarından biridir. O, elmi biliklərin digər bilik növlərindən fərqləndirilməsinin əsas yolunun “təkzibediləbilənlik” olduğunu irəli sürdü. Popperə görə bir nəzəriyyə, iddia və ya hipotez yalnız o halda “elmidir” ki, onu səhv çıxarmaq mümkün olsun. Bu o deməkdir ki, istənilən elmi iddia test edilə bilən və bu test nəticəsində yanlışdır deyə bilərik. Əgər bir iddia nə olursa olsun səhv çıxarıla bilmirsə, bu, elmi deyil — sadəcə “metafizik” və ya “ideoloji” iddiadır.
Məsələn, “bütün qu quşları ağdır” deyə bir iddia irəli sürülsə, bu iddia bir dənə belə qara qu quşu tapmaqla “yanlışlanmış” olar. Deməli, bu ifadə elmi ifadədir. Lakin, “bütün hadisələrin arxasında bir məqsəd dayanır” kimi bir ifadə isə nə müşahidə ilə sübut edilə bilər, nə də təkzib. Buna görə də bu iddia elmi sahəyə aid deyil.
Doğrulama ilə Təkzibedilmə Arasındakı Fərq
Elm tarixində əvvəllər çox yayılmış bir fikir var idi ki, elmi iddialar “doğrulanmalıdır”. Bu, “empirik doğrulama” kimi tanınır. Lakin, bu prinsip bir neçə səbəbdən zəifdir: biz heç vaxt sonsuz sayda müşahidə apara bilmərik, və bir şeyin “həmişə doğru” olduğunu sübut etmək mümkünsüzdür.
Təkzibediləbilənlik isə əksinə, sadəcə bir dənə əks hal tapmaqla bir nəzəriyyəni çökdürə bilər. Bu, elmi hipotezləri daha çevik və test edilə bilən hala gətirir.
Bayes Teoremi və Müasir Doğrulama Modeli
Bugünkü elm fəlsəfəsində təkzibediləbilənliklə yanaşı “Bayes təhlili” də çox yayılmış bir metod olaraq istifadə olunur. Bayes teoremi elmi hipotezlərin ehtimal dərəcəsini yeni məlumatlarla yeniləmək üçün statistik alqoritmdir. Bu metodu aşağıdakı formula ilə ifadə edirik:
Bu formulda:
-
P(H|E)
— E müşahidəsi verildikdən sonra H hipotezinin doğru olma ehtimalı (ardıl ehtimal), -
P(E|H)
— H hipotezi doğrudursa, E müşahidəsinin baş vermə ehtimalı, -
P(H)
— H hipotezinin əvvəlcədən (öncədən) doğru olma ehtimalı, -
P(E)
— E müşahidəsinin ümumi ehtimalıdır.
Bu metod göstərir ki, hər yeni müşahidə ilə hipotezin doğru olma ehtimalı “yenilənməlidir”, bu da elmin “dinamik təbiətini” əks etdirir. Bayes modeli Popperin modeli kimi mütləq doğruluq axtarmır, amma ən ehtimal olunan nəzəriyyəni seçməyə çalışır.
Popperə Qarşı Tənqidlər
Popperin təkzibediləbilənlik meyarı çox güclü və təsirli olsa da, bəzi tənqidlərə məruz qalıb. Məsələn, “nəzəriyyələrin testləri də bəzən nəzəriyyələrə əsaslanır” və bu, paradoks yarada bilər. Eyni zamanda, “statistik nəzəriyyələr və ehtimal hesablamaları” konkret təkzibedilmə tələb etmədiyi üçün Popper modelinə tam uyğun gəlmir. Lakin bu, Popperin modelini tamamilə ləğv etmir – əksinə, onu “əlavə metodlarla tamamlayan bir çərçivə” kimi saxlamağı təklif edir.
Elm Səhv Üzərindən Irəliləyir?
Popperin ən böyük töhfəsi elmin “doğru tapmaq” yox, “səhv axtarmaq” üzərindən irəlilədiyini göstərməsi oldu. Bu yanaşma, elmə daha obyektiv, dürüst və təvazökar bir forma verdi. Elmi iddianın elmi olması üçün, onu təkzib edə bilmək əsas şərtdir. Elm bu yolla, özünü daim sınaqdan keçirərək təbiəti anlamaqda daha düzgün addımlar ata bilir.
Əgər biz elmə etibar edirik, bu, onun həqiqəti mütləq bildiyinə görə deyil — onun öz səhvlərini tanımaq və düzəltmək gücünə görədir.
Qeyd: Karl Popperin elm fəlsəfəsinə dair fikirlərini daha dərindən anlamaq üçün onun məşhur əsəri olan “The Logic of Scientific Discovery” (Elmi Kəşflərin Məntiqi) adlı kitabını oxumağınızı tövsiyə edirəm. Bu kitabda Popper, təkzibediləbilənlik prinsipini ətraflı şəkildə izah edir və elmlə saxta elm arasındakı sərhədləri necə müəyyənləşdirdiyini əsaslandırır.