Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində Fransız dili müəllimliyi üzrə bakalavr, eyni universitetdə Menecment (təhsilin təşkili və idarə olunması) ixtisası üzrə magistratura təhsili almış Qızıl Allahverdiyevadır. O, 2019–2023-cü illərdə Azərbaycan İdman Akademiyasının, 2023–2024-cü illərdə isə Azərbaycan Texniki Universitetinin Karyera Mərkəzində baş mütəxəssis kimi çalışıb. Hazırda Fransanın Besançon şəhərində yerləşən Marie et Louis Pasteur Universitetində “Licence Professionnelle QSE” (Qualité, Sécurité, Environnement) ixtisası üzrə təhsilini davam etdirir. Qızıl xanıma ilk sualımız fransız dili müəllimliyindən hazırkı ixtisasına keçid qərarının necə formalaşdığı və onu bu dəyişiklik üçün nə ilhamlandırdığı barədə oldu.
Bu keçid mənim üçün həm çətin, həm də həyəcanverici bir qərar idi. Fransız dili müəllimliyi mənə dil və mədəniyyət baxımından çox şey qazandırdı, amma zamanla fərqli sahələrdə də özümü sınamaq, daha strateji və idarəetməyə yaxın bir rolda olmaq istədim. İdarəçilik, keyfiyyət və təhlükəsizlik sahəsinə keçməyim həm şəxsi maraq, həm də uzunmüddətli karyera hədəflərimdən irəli gəldi.
- Bu iki ixtisasın sizin üçün hansı tamamlayıcı cəhətləri oldu?
Əslində, bir-birindən fərqli görünsələr də, bu iki sahə bir-birini tamamlayır. Müəllimlik insanlarla effektiv ünsiyyət qurmağı, səbrli olmağı, məlumatı aydın və sistemli çatdırmağı, müxtəlif yanaşmaları dərk etməyi öyrətdi. QSE isə bu bacarıqları daha sistemli və analitik şəkildə istifadə etməyə imkan yaradır. Burada da prosesləri izah etmək, insanları inandırmaq və koordinasiya etmək önəmlidir. Birində ünsiyyət, digərində isə struktur və hər ikisi bir yerdə balans yaradır.
- Karyera Mərkəzində baş mütəxəssis kimi çalışdığınız dövrdə hansı layihə və ya təşəbbüs sizin üçün daha yadda qalan olub?
Azərbaycan İdman Akademiyasında çalışdığım dövrdə ən yadda qalan layihə Müsahibə Simulyasiyası olmuşdu. Beş İnsan Resursları mütəxəssisinin iştirakı ilə bir ay ərzində keçirdiyimiz bu layihədə inanılmaz nəticələr əldə etmişdik. Bu təşəbbüs vasitəsilə onlarla tələbə real İnsan Resursları rəhbər və mütəxsisləri ilə birbaşa təmas qurdu. Layihədən sonra iştirakçıların əksəriyyəti ilk müsahibədən uğur qazandılar. Onların inkişafında az da olsa payımın olduğunu bilmək mənim üçün böyük motivasiya idi.
Azərbaycan Texniki Universitetində isə ən çox yadda qalan təşəbbüs “Karyera Planlaması” mövzusunda tələbələrlə keçirdiyimiz fərdi və qrup sessiyalar idi. Onların çaşqınlıqları, sualları, bəzən sadəcə dinlənilməyə ehtiyacları – bütün bunları görmək və onların yol tapmasına kömək etmək mənim üçün dəyərli təcrübə oldu.

- Sizcə, bir insanın uğurlu karyerası üçün hansı daha vacibdir: doğru yol seçmək, yoxsa seçdiyi yolda doğru davranmaq?
Hər ikisi vacibdir, amma ,məncə, seçdiyin yolda doğru davranmaq daha önəmlidir. Bəzən insan ilk seçimində yanılır, amma çevik və öyrənməyə açıq olduqda, o yol da uğura çevrilə bilər. Əsas olan davamlı inkişaf və adaptasiya bacarığıdır.
- Sizcə, Azərbaycanda tələbələrin karyera yönümlü inkişafı sahəsində ən böyük boşluq nədədir və bu sahədə nə kimi dəyişikliklər təklif edərdiniz?
Ən böyük boşluq real təcrübə imkanlarının azlığıdır. Tələbələr nəzəri biliklər alır, amma onları praktikaya çevirməkdə çətinlik çəkirlər. Universitetlər və şirkətlər arasında daha sıx əməkdaşlıq olmalı, təcrübə proqramları daha əlçatan və effektiv təşkil edilməlidir.
- Əgər zamanla geri qayıtsaydınız, yenidən fransız dili müəllimliyini seçərdiniz yoxsa başqa bir sahəyə yönələrdiniz?
O dövrə qayıtsam, bəlkə fərqli sahəyə yönəlmək ehtimalım olardı. Amma bu yolla getdiyim üçün peşman deyiləm. Fransız dili mənim üçün sadəcə bir ixtisas yox, qapıları açan bir vasitə oldu. O olmasaydı, bu gün Fransada oxumaq da bəlkə mümkün olmazdı.
- Hazırda Fransada “Qualité, Sécurité, Environnement” (QSE) sahəsi üzrə təhsil alırsınız. Bu sahəyə marağınız necə yarandı və nə üçün karyeranızda dəyişiklik edərək məhz Fransada təhsili seçdiniz?
QSE sahəsinə marağım təşkilatlarda strukturun, keyfiyyətin və təhlükəsizliyin necə birlikdə işlədiyini müşahidə etdikcə yarandı. Fransada bu sahə çox ciddi və sistemli şəkildə öyrədilir. Üstəlik, fransız dilinə olan sevgim və burada özümü sınamaq istəyim bu qərarı verməyimdə əsas rol oynadı.
- Fransada oxuyan tələbə olaraq 1 gününüzü bizə təsvir edə bilərsinizmi?
Günüm adətən səhər 8 dən başlayır 18:00- da bitir. Dərslər çox interaktiv keçir, müəllimlər sadəcə danışmır, tələbəni də düşünməyə, sorğulamağa vadar edir. Qiymətləndirmənin təxminən 90 %-i qrup işlərinə əsaslanır. Bu da əlavə olaraq tələbəyə ünsiyyət, komandada işləmək, vaxtı idarə etmək, problemlərə həll yönümlü yanaşmaq kimi yumşaq bacarıqlar qazandırır. Axşamlar isə Fransanın əsrarəngiz təbiətində gəzintiyə çıxıram, bəzən də dostlarla maraqlı tədbirlərə qatılıram.
- “Buradakı təhsil sisteminin mənfi cəhətidir” dediyiniz bir cəhət varmı, varsa nədir?
Bəzən sistem çox bürokratik və yavaş ola bilər. Qeydiyyat, sənədləşmə və ya administrativ proseslər uzun çəkə bilər. Bu da ,xüsusilə, ilk vaxtlarda xarici tələbələr üçün çətinlik yarada bilər.
- Fransada olarkən özünüzdə hansı dəyişiklikləri hiss etdiniz? Qırdığınız stereotiplər oldumu?
Fransada yaşamaq mənə daha çox çevik və adaptiv olmağı öyrətdi. Burada hər şeyin plan üzrə getmədiyi anlar olur və bu zaman vəziyyətə uyğun həll yolu tapmağı bacarmaq çox önəmlidir. Qırdığım stereotiplərdən biri isə “ müəyyən bir yaşdan sonra yeni peşə seçmək üçün artıq gec olur” düşüncəsi oldu. Əslində, hər şey nə qədər öyrənməyə açıq və həvəsli olmağınla bağlıdır. Əlbəttə çətinlikləri var, amma bütün bunlar səni daha güclü və müstəqil edir.
- Fransadakı yerli tələbələrin xarici tələbələrə qarşı münasibəti necədir?
Ümumiyyətlə, gülərüzlü, açıq və yardımsevərdirlər. Əgər sən də aktiv və açıq olsan, inteqrasiya etmək daha asan olur. Əlbəttə, hər yerdə istisnalar var, amma əksəriyyəti maraqlı və mehribandır.
- Azərbaycanlı bir gəncə Fransada oxumağı təklif etsəydiniz, hansı səbəbi deyərdiniz?
Fransada təhsil sistemi tamamilə praktiki yönümlüdür. Müəllimlərin böyük əksəriyyəti, demək olar ki, 90%-i birbaşa əmək bazarından gələn peşəkarlardır. Dərsdə nəzəriyyəni öyrəndikdən sonra, adətən, həmin mövzunu real mühitdə görmək üçün şirkət ziyarətinə gedirik. Bu, biliklərin havada qalmaması üçün əla üsuldur. Burada sistem tənqidə çox açıqdır, hətta, bu, tələb olunur. Hər semestrin sonunda tələbələr mütləq öz rəyini bildirir. Bu həm təşəkkür forması, həm də inkişaf üçün mühüm addımdır. Onların fəlsəfəsi sadədir: “Tənqid varsa, inkişaf da var.”

- Sizi bu günə qədər ən çox motivasiya edən bir ifadəni bizimlə bölüşə bilərsinizmi?
“Ən pis halda, öyrənəcəksən.” Əgər işlər planlaşdırdığın kimi getməsə belə, itirdiyin yox, qazandığın təcrübə olacaq.
- Müsahibənin sonunda həyatında, ixtisasında dəyişiklik etmək istəyib, lakin dəyişiklikdən qorxan gənclərə nə məsləhət vermək istərdiniz?
Qorxmaq normaldır. Amma qorxunun qarşısında dayanmaqla dəyişiklik mümkün olmur. Kiçik addımlarla başlamaqdan çəkinməyin. Özünüzə inanın və unutmayın – heç bir yol zəmanətli deyil, amma cəsarət hər zaman nəyisə dəyişə bilər.
Mənim öyrəndiyim ən böyük dərs odur ki, dəyişiklik üçün heç vaxt tam hazır hiss etməyəcəksən. O hiss gəlmir. Sadəcə başlayırsan və o yolda getdiyin zaman öyrənirsən.
Aydan İbrahimli