ESC (Avropa Həmrəyliyi Korpusu) 18-30 yaş arası gənclərə Avropa İttifaqı ölkələrinin birində və ya öz ölkələrindəki qeyri-hökumət təşkilatlarında könüllü olmaq imkanı təklif edən bir proqramdır. O, 2018-ci ildə Avropa Könüllülük Xidməti (EVS) proqramını əvəz edərək istifadəyə verilib. 2021-2027-ci illəri əhatə edən proqram 1 milyard avro büdcəsi ilə 270 000-dən çox gəncin iştirakını hədəfləyir.
Proqramın məqsədi gəncləri cəmiyyətin mənafeyi naminə sosial layihələrə cəlb etməklə onlara yeni bacarıqlar aşılamaq, onlara müxtəlif mədəniyyətləri yaşatmaq və Avropa vətəndaşlığı şüurunu inkişaf etdirməkdir.
Avropa Həmrəylik Korpusu proqramı çərçivəsində iki formatda könüllülük fəaliyyətləri təklif olunur:
1. Komanda könüllülüyü
2. Fərdi könüllülük
Komanda könüllülüyü layihələri 2 həftədən 2 aya qədər qısamüddətli bir proqram olur. Bu tip layihələrdə 18-30 yaş aralığında hər bir gənc istənilən qədər iştirak edə bilər. Bu layihələrdə iştirakçı sayı müxtəlif ölkələrdən olmaqla 10 nəfərdən 40 nəfərə qədər dəyişir.
Fərdi könüllülük proqramlarının iki növü var: qısamüddətli (1 ilə 8 həftə arasında) və uzunmüddətli (9 həftə ilə 52 həftə arasında). Bir sözlə proqramlar 2 həftə ilə 12 ay arasında davam edə bilər. ESC layihələri haqqında bilməli olduğunuz ən vacib şey odur ki, uzunmüddətli ESC yalnız bir dəfə edilə bilər. Lakin qısamüddətli ESC layihəsində iştirak etmiş biri ümumi müddət 14 aydan çox olmamaq şərti ilə başqa bir uzunmüddətli ESC layihəsində iştirak edə bilər. Yəni ömrü boyu iki dəfə ESC proqramlarından faydalanmaq hüququnuz var. Siz də bu imkanlardan yararlana bilərsiniz, bir şərtlə ki, əvvəlcə qısa müddətli, sonra isə uzun müddətli:)
Bu layihələrdə iştirak etmək sizə nə qazandıracaq?
Bu layihənin ən yaxşı tərəfi onun Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsidir. Bu maliyyələşdirmənin nələri əhatə etdiyini soruşsanız: Proqram boyunca bütün xərcləriniz (yaşayış, yemək və səyahət və sığorta xərcləriniz). Bütün bunlarla yanaşı, sizə günlük cib xərcliyi də verilir. Puldan başqa😁, siz ESC layihələri sayəsində müxtəlif sosial, təhsil idman layihələrində iştirak edə, sosial cəhətdən imkansız qrupları dəstəkləyə və mədəni irsin qorunmasına töhfə verə bilər, həmçinin yerli qeyri-hökumət təşkilatında işləyə bilərsiniz. Göründüyü kimi, ESC layihələri ilə bir çox fərqli sahədə təcrübə qazanmaq mümkündür.
Göndərən təşkilat nədir və niyə lazımdır? Bu layihələrdə iştirak etmək üçün sizə göndərən təşkilat (sending organization) gərəkdir. Bu təşkilat ilə müraciət zamanı (əgər qəbul edən təşkilat tərəfindən bir tələb varsa) və ya seçildikdən sonra əlaqə saxlaya bilərsniz. Göndərən təşkilat seçilmiş gənci layihəyə hazırlayır, viza dəstəyi göstərir, onlara təlim keçir və layihə dönəmində də daimi əlaqədə olur. Bu xidmətlər təşkilat tərəfindən ödənişsiz şəkildə icra olunur.
ESC layihələri üçün müraciət edərkən sizdən tələb olunan sənədlərdən bəzilərini aşağıda qeyd edirəm.
Europass CV: Bu, Avropa Həmrəylik Korpusu üçün xüsusi hazırlanmış CV formatıdır. Europass CV-nizi https://europass.europa.eu/en/create-europass-cv saytında yarada bilərsiniz.
Motivasiya məktubu: Bu, layihədə niyə iştirak etmək istədiyinizi və layihəyə necə töhfə verəcəyinizi izah edən məktubdur. Məktub əsasən ingilis dilində və ya layihənin tələb etdiyi dildə yazıla bilər.
Referans məktubu: Universitetdən, çalışıdığınız müəssisədən və ya sizi tanıyan və sizin üçün istinad ola biləcək bir şəxsdən aldığınız məktubdur. Məktub ingilis dilində və ya layihənin tələb etdiyi dildə yazıla bilər.
Sağlamlıq haqqında sənəd: Bəzi layihələrdə sağlamlıq vəziyyətinizi göstərən sağlamlıq arayışı tələb oluna bilər.
Viza: Ziyarət etdiyiniz ölkəyə daxil olmaq üçün sizə viza lazım ola bilər. Bildiyiniz kimi viza müraciəti üçün tələb olunan sənədlər ölkədən ölkəyə dəyişir.
Əlavə sənədlər:
Dil Sertifikatı: Bəzi layihələrdə dil biliklərinizi göstərən sənəd tələb oluna bilər. Bu sənəd TOEFL, IELTS və ya başqa imtahanın nəticəsi ola bilər.
Əlavə sənədlər: Bəzi layihələrdə əlavə sənədlər tələb oluna bilər. Bu sənədlər sertifikatlar, mükafatlar və ya layihə ilə bağlı digər sənədlər ola bilər.