Bu yazıda sizə beynəlxalq layihələrin və təqaüd proqramarına müraciətləriniz zamanı prosesin ayrılmaz hissəsi olan Europass CV haqqında ətraflı məlumat verəcəyəm.
Europass CV hazırlayarkən aşağıda verilən bütün detalları diqqətlə oxumağı və lazımi addımları atmağı unutmayın!
Europass CV nədir?
Ümumi tərif versək, CV bacarıq və səriştələrimizi qarşı tərəfə açıq şəkildə təqdim etməyimiz üçün lazım olan sənəddir. Europass isə Avropa vətəndaşlarının bacarıq və səriştələrini Avropada asan və anlaşılan formada təqdim etmələrini təmin edən sənəd anlayışıdır. Layihələr dünyasında bu termini tez-tez eşidəcəksiniz və bu CV formatı ilə müraciət edəcəksiniz.
Europass formatında Online CV hazırlamaq üçün köməkçi linki məqalənin sonunda təqdim edəcəyik. Bu yazıda Europass CV-ni ətraflı şəkildə izah edəcəyik. Europass CV ESC layihələrinə müraciətlərdə istifadə oluna biləcəyi kimi, həmçinin ölkə daxilində və ya xaricində iş müraciətlərində və təqaüd proqramlarına müraciətdə istifadə oluna biləcək bir formatdır, lakin bir ESC layihəsinə müraciət etmək istəyirsinizsə, CV-niz Europass formatında olmalıdır.
ESC proqramına müraciət edərkən CV-nizi hazırlamaq üçün istifadə etməli olduğunuz dil adətən ingilis dilidir. Ancaq bəzi təşkilatlar sizi layihəyə qəbul etmək üçün həmin ölkənin dilini bilməyinizi və sənədlərinizi də həmin dildə hazırlamağınızı tələb edə bilər. Europass CV onlayn şəkildə asanlıqla hazırlaya biləcəyiniz, lazımi bütün başlıqları əhatə edən və hər başlığı doldurduğunuzda sizə kiçik xatırlatmalar və köməkçi ifadələr təqdim edən bir tətbiqdir. Bu səbəbdən CV nizi hazırlayarkən çətinlik çəkməyəcəyinizə inanıram. Bu yazıda əsas diqqət yetirmək istədiyimiz məqam isə bu prosesdə edilən diqqətsizliklər, səhvlər və
diqqətdən qaçmaması gərəkən başlıqlardır. Məqsədimiz CV-nizi necə daha mükəmməl hala gətirə biləcəyiniz barədə sizə məlumat verməkdir.
Hazırsınızsa başlayaq.
Europass CV hazırlayarkən diqqət edilməli məqamlar:
- CV-nizi hazırlamaq istədiyiniz dili seçin.
CV-ni yoxlayarkən və müraciətləri qiymətləndirərkən ən çox rastlaşdığımız səhvlərdən biri, CV hazırlamadan əvvəl dil seçməməkdir. Bəziləri CVdə başlıqları azərbaycanca yazır, cavabları isə ingiliscə doldururlar və bunu sadəcə diqqətsizlik səbəbiylə edirlər. CV-nizi hazırlamağa başlamadan, yəni məlumatlarınızı daxil etmədən öncə dil seçimini edin və sonra başlıqları doldurmağa başlayın. - Şəxsi məlumatlarınızı tam şəkildə daxil edin.
Tam şəkildə yazmağa diqqət yetirməli olduğunuz ən vacib başlıqlardan biri və birincisidir. Adınızı mütləq şəxsiyyət vəsiqənizdə olduğu kimi yazın. Ünvanınızı ingiliscə yazmağa çalışmayın, çünki sizə bir məktub gəldikdə, poçtalyonun həmin ingiliscə ünvanı tapması mümkün olmayacaq. Telefon nömrənizi, e-poçt ünvanınızı, cinsiyyətinizi, doğum tarixinizi və vətəndaşlıq məlumatlarınızı düzgün və tam şəkildə daxil edin. - Şəxsi açıqlama əlavə edin
CV-nizi hazırlayarkən iş və digər müraciətlər üçün fərqli başlıqlardan istifadə edə bilərsiniz, lakin ESC və ya gənclik proqramları üçün “Şəxsi Açıqlama” əlavə etməyinizi tövsiyə edirəm. Bu başlıqda isə həyatınızı qısaca izah etmək, doğum tarixinizi, harada böyüdüyünüzü, harada və nə oxuduğunuzu danışmaq əvəzinə qısa olaraq necə biri olduğunuzu, maraq sahələrinizi, hobbilərinizi və gələcəkdə nə etmək və ya nə olmaq istədiyinizi bildirən bir neçə cümlə kifayət edəcək. CV-də verdiyiniz heç bir bacarığı şəxsi açıqlama bölməsində yenidən qeyd etməyinizə ehtiyac yoxdur, çünki digər məlumatlar artıq CV-də mövcuddur və oxuyan şəxslər bunları təkrar görməkdən yorula bilər. - Sosial media hesablarınızı əlavə edin
Əgər sosial media hesablarınız (Instagram, Facebook, LinkedIn və s.) varsa, mütləq CV-də bu hesablarınızı qeyd edin. Sizə aid bir blogunuz, internet saytınız və ya bir səhifəniz varsa, bunların linklərini də əlavə edin. CV-nizi araşdıran insanlar bu bağlantılar vasitəsilə sizin nələr etdiyiniz və necə biri olduğunuz haqqında daha çox məlumat əldə edəcəklər və şəkilləriniz və ya paylaşımlarınız onların yaddaşında yer edəcəkdir. - Şəkil əlavə edin
CV-nizi incələyən şəxsin sizin haqqınızda bir təəssüratı olması üçün mütləq son 6 ay ərzində çəkilmiş, sizi əks etdirdiyini düşündüyünüz uyğun bir şəklinizi (mütləq pasport şəkli olmalıdır deyə bir qayda yoxdur) CV-yə əlavə edin. - İş təcrübələrinizi açıqlayın
İş təcrübəsi bölməsinə qazandığınız bütün təcrübələri əlavə edə biləcəyiniz kimi, könüllü təcrübələrinizi də bu başlıq altına yazmalısınız. Təcrübələri yazarkən edilən səhvlərdən biri isə təcrübələr zamanı qazandığınız əsas fəaliyyətlər və məsuliyyətlər başlığının boş buraxılmasıdır. İşlədiyiniz müəssisədə gördüyünüz işlərdən qısaca bir neçə cümlə ilə bəhs etməli və ya vəzifələrinizi çox uzun olmamaq şərti ilə maddələr şəklində qeyd etməlisiniz. Bu yolla vəzifələrinizi və daha əvvəl nələr etdiyinizi qarşı tərəfə öyrənmə imkanı verəcəksiniz və bunları bilmək onlara haqqınızda daha çox məlumat verəcəkdir. - Təhsil məlumatlarınızı və təhsilin sizə qazandırdığı bacarıqları əlavə edin
Aldığınız bütün təhsilləri, universitet təhsili, sertifikat proqramları, təlim kursları, gənclik layihələri və ya Erasmus+ layihələrini bu bölmədə qeyd ed bilərsiniz. Bu hissədə diqqət edilməli və doldurulmalı olan başlıq “təhsil çərçivəsində olan əsas mövzular və qazandığınız bacarıqlar”dır. Bu başlığı da aldığınız təhsilin məzmunu əsasında qısa və dəqiq cümlələrlə və ya maddələr şəklində doldurmalı və boş buraxmamalısınız. - Şəxsi bacarıqlarınızı əlavə edin
Şəxsi bacarıqlar bölməsində dil bacarıqları, ünsiyyət bacarıqları, təşkilati /
idarəetmə bacarıqları, işlə əlaqəli və digər bacarıqları diqqətlə
doldurmağınızı tövsiyə edirəm. Bu bacarıqlar könüllü işlərinizdə nələr edə
biləcəyiniz barədə qarşı tərəfə məlumat verir. Məsələn, uşaqlarla əlaqəli bir
layihədə könüllü işlər görmüsünüzsə, bunu etməyin uşaqlarla ünsiyyət
bacarıqlarınızı inkişaf etdirdiyini və ya iş həyatınızda təşkil etdiyiniz iclasların
təşkilatçılıq bacarıqlarınızı artırdığını qeyd edə bilərsiniz. - Dil biliyinizi göstərərkən dürüst olun
Bu bölmədə əvvəlcə ana dilinizi mütləq qeyd etməlisiniz. Sonra isə mənim ən sevdiyim hissələrdən biri olan bildiyiniz dilləri əlavə etməlisiniz. Ən sevdiyim hissə deyirəm, çünki adi CV hazırlama saytlarında və ya Word üzərindən CV hazırlayarkən adətən dil biliyi hissəsinə dilin adı və səviyyəsi yazılır və keçir. Europass bizə bu bölmədə dil səviyyəmizi oxuma, yazma, danışma və dinləmə bacarıqlarımızı ayrı-ayrılıqda qiymətləndirə biləcəyimiz bir plan təqdim edir ki, məncə bu daha düzgün və funksionaldır. Bu hissəni doldurarkən özünüzə və CV-nizi araşdıracaq insanlara qarşı dürüst olmağınız vacibdir. Bildiyiniz kimi, ESC proqramlarında hər hansı bir dil şərti tələb olunmur. Bu səbəblə, dil səviyyəniz əksər layihələr üçün əhəmiyyətli olmasa da, səviyyənizin üzərində bir məlumat daxil etməyiniz vəziyyətində bunun doğru olmadığını anlamaq həm qarşı tərəf üçün çox asan olacaq, həm də onları yanıltdığınız üçün müraciətinizin mənfi nəticələnməsinə səbəb olacaqdır. Bu səbəblə, dil biliyiniz və səviyyəsini diqqətlə qeyd etməyinizi tövsiyə edirəm. Bundan sonrakı məqamlar daha çox CV-nizin formatı və görünüşü ilə əlaqəli detallardır, lakin unutmayın ki, kiçik detallarla böyük nailiyyətlər əldə edə bilərsiniz. - Təcrübələrin sıralanması
Diqqət edilməli olan ən mühüm məqamlardan biri tarixi təcrübələrin sıralamasıdır. İş təcrübələri və təhsil başlıqları altında daxil etdiyimiz bütün məlumatları tarixi sıralamaya uyğun şəkildə, yəni köhnədən yeniyə doğru, yəni ən son olanlarməlumatlar yuxarıda qalacaq şəkildə təşkil etməlisiniz. Hazırda davam etdiyiniz bir neçə təhsil və ya iş təcrübəniz varsa, başlanğıc tarixlərinə görə yenə də günümüzə ən yaxın olan məlumat
yuxarıda qalmalıdır. - Yazı və nöqtələmə, böyük / kiçik hərf istifadəsi
Yenə də incələdiyim bir çox CV-də rastlaşdığım səhvlərdən biri yazı və nöqtələmə xətalarıdır. Hərçənd sadə görünür, amma bu xətalar CV-nin yaxşı görünməməsinə səbəb olur və oxuyanın diqqətini yayındıraraq istər istəməz mənfi təsir yaradır. Eyni zamanda, qarşı tərəfə CV-nizi hazırlayarkən kifayət qədər zaman və diqqət göstərmədiyinizi düşünməyə də səbəb ola bilər. Xüsusilə, hər cümlənin əvvəlində böyük hərf ilə başlamalı olduğunun vacibliyini vurğulamaq istəyirəm. - Tarix göstərimi
Yenə də kiçik, lakin diqqət edildikdə təsirli ola biləcək bir digər məqam tarixlərin göstərilməsidir. Bəs tarix göstərimindən nəyi nəzərdə tuturam? Bir təhsil, iştirak etdiyiniz bir proqram, aldığınız bir sertifikat və ya iş təcrübənizin tarix aralığını daxil edərkən, ya bütün tarixləri gün / ay / il olaraq, ya da yalnız ay / il və ya yalnız il olaraq göstərməlisiniz. Ancaq bunların hamısının eyni üslubda olması CV-nizin görünümündə böyük bir nizam əldə etmənizi təmin edəcəkdir. Məsələn, bir təcrübənizi 01 / 05 / 2018 göstərimi ilə edərkən,
digərini 05 / 2018, daha birini isə 2018 şəklində etməyin. Hamısı eyni formatda olsun. - Səhifə sayı
Bütün bunlara diqqət edərək, başlıqların hər birini doldurduğunuzda əldə edəcəyiniz səhifə sayı da əhəmiyyətlidir. 1 səhifəlik bir CV sizin haqqınızda kifayət qədər məlumat əldə edilməməsinə səbəb olur, 4 səhifəlik bir CV isə oxuyanın gözündə çox sayda detallar və lazımsız məlumatlar göstərən bir CV olaraq görünə bilər. Bu səbəbdən, ümumiyyətlə tövsiyə edilən səhifə sayı 2, maksimum 3 səhifədir. İncələyən şəxsləri yormamaq və
yaxşı bir CV hazırlamaq istəyirsinizsə, qısa, dəqiq və faydalı məlumatlar verərkən səhifə sayısına da diqqət etməyinizi tövsiyə edirəm. Bəli, deyək ki, CV-nizi bütün bu kriteriyalara diqqət edərək hazırladınız və artıq yalnız qarşı tərəfə göndərmək qaldı. CV-ni mütləq PDF formasına çevirib, sənədin adını ad soyad CV olaraq qeyd etməliyik. CV-niz PDF formatında olmazsa, asanlıqla dəyişdirilə bilər və üzərində oynama edilə bilər. Həmçinin, PDF hər
zaman daha rəsmi görünür. Ad soyad yazmağınız isə CV-nizin digər namizədlərin sənədləri ilə qarışmasının qarşısını alacaqdır.
Nümunə qeyd adı: Əli Vəliyev CV
CV-nizi və motivasiya məktubunuzu qarşı tərəfə göndərərkən, e-mail yolu ilə göndərirsinizsə, boş bir e-maile yalnız CV və motivasiya məktubunuzu əlavə edərək göndərməyin. İlk olaraq, e-mail mövzusuna bunun bir ESC layihəsinə müraciəti olduğunu, müraciət etdiyiniz layihənin adını, varsa kodunu əlavə edin.
Nümunə mövzu: ESC Application SPAIN-1012
E-mail məzmununa isə müraciət etdiyiniz layihə mövzusu, ölkə, göndərdiyiniz təşkilat və əlavə etdiyiniz sənədləri izah edən qısa bir yazı yazmağı unutmayın. - Yoxlayın / Yoxlatın
Yuxarıda qeyd etdiyimiz şəkildə bütün mərhələləri diqqətlə CV-nizi hazırladınız, lakin mütləq gözdən qaçan yerlər olacaqdır. Ən başdan sizin üçün hazırlamış olduğumuz bu yazıya dönərək CV-nizi yoxlayın. Hətta sizi tanıyan və yazı və imla qaydalarına hakim birinə CV-nizi detallı şəkildə yoxlatmağı tövsiyə edirəm. Bəzən sizin görə bilmədiyiniz xətaları bir başqası görərək səhv və ya çatışmazlıqları minimum səviyyəyə endirə bilər. - Yeniləyin
“Dəyişməyən tək şey, dəyişimin özüdür.” Sözü çox vacibdir. Həyatımızda daim nələrsə əldə etmək və ya özümüzü inkişaf etdirmək üçün çalışırıq. Etdiklərimizi kağız üzərində qeyd etmək çox önəmlidir. Bu səbəbdən,müəyyən aralıqlarla CV-nizi yeniləyin. Europass CV platforması bunun üçün çox uyğun bir platformadır. Daha əvvəl hazırladığınız CV-də dəyişikliklər edə bilərsiniz.
Europass CV Hazırlamaq üçün link: https://europass.europa.eu/en/create-europass-cv
İlahə Bədəlova,
Career Bridge Komandası