spot_img
HomeBloq"İlk addım – sadəcə cəsarətdir"
spot_img

“İlk addım – sadəcə cəsarətdir”

Müsahibimiz Xəzər Universitetinin “Kimya mühəndisliyi” ixtisasında təhsil alan və ekoloji və ətraf mühitlə bağlı bir çox beynəlxalq layihələrdə öz fəallığı ilə seçilən Leyla Yusifzadədir. Leylaya ilk sualımız bu layihələrə marağının necə yaranması barədə oldu. 

Bu cür layihələrə marağım həmişə olub. Əsas motivasiyam ölkəmi xaricdə təmsil etmək və tanıtmaq idi. Çünki dünyanın bir çox yerində Azərbaycan haqqında kifayət qədər məlumat yoxdur. Belə layihələrdə iştirak həm şəxsi inkişafım, həm də ölkəmin beynəlxalq arenada daha çox tanınması üçün bir fürsətdir. Eyni zamanda müxtəlif ölkələrdən olan insanlarla tanış olmaq, onların mədəniyyətlərini öyrənmək və fərqli baxış bucaqları qazanmaq mənə böyük motivasiya verir.

Erasmus təcrübələriniz hansı ölkələrdə olub və niyə məhz bu ölkələri seçmisiniz?

Erasmus təcrübələrim Mərakeş, Yunanıstan, Polşa və Türkiyədə olub. Bu ölkələri xüsusi olaraq seçməmişdim. Daha çox layihə axtarışı zamanı tələblərə uyğun olan və mənə uyğun gələn proqramlar həmin ölkələrdə yerləşirdi.

Mərakeşdə keçirdiyiniz təcrübə proqramı konkret hansı sahəni və təşkilatı əhatə edirdi? Günlük işləriniz nələr idi?

2023-cü ildə Mərakeşdə güclü zəlzələ baş vermişdi. Bu zəlzələdən sonra bölgədə yüzlərlə insan həyatını itirdi, bir çoxları isə evsiz qaldı. Bizim iştirak etdiyimiz layihə həmin bölgədəki insanlara yardım məqsədi daşıyırdı. Məqsədimiz insanlara psixoloji və mənəvi dəstək olmaq, uşaqlarla vaxt keçirmək, onlara ingilis dili öyrətmək və kənd mühitini gözəlləşdirmək idi.

Mərakeşin fərqli mədəniyyəti ilə ilk qarşılaşmanızda hansı mədəni şokları (culture shock) yaşadınız?

Mərakeşdəki ilk mədəniyyət şokum insanların dindarlığı və dinə əsasən digər insanlara münasibət göstərməsi oldu. Bəzi insanlar qarşısındakına dini mənsubiyyətinə görə yanaşırdı. Digər bir fərqlilik isə alkoqol satışının tamamilə qadağan olunması idi. Bu məqamlar mənim üçün maraqlı və fərqli təcrübələr idi.

Yunanıstandakı layihəyə qəbul almışdım, lakin təəssüf ki, viza ala bilmədiyim üçün iştirak edə bilmədim.

Polşada iştirak etdiyiniz layihənin məzmunu və məqsədi nə idi? Komanda işi və fərqli mədəniyyətlərlə münasibət necə idi?

Polşadakı layihəyə qəbul almışam, lakin layihə hələ başlamayıb. Layihəni başa vurduqdan sonra oradakı təcrübə və təəssüratlarımı daha ətraflı paylaşa bilərəm.

Komanda daxilində iş təcrübəsi necə idi? Hər hansısa bir anlaşılmazlıq yaşandısa necə həll etdiniz?

Ümumilikdə, iştirak etdiyim layihələrdə komanda işi çox uğurlu keçdi. Bəzən kiçik anlaşılmazlıqlar olurdu, lakin hər iki tərəfin sakit və anlayışla yanaşması nəticəsində bunlar tez bir zamanda aradan qalxırdı. Əsas odur ki, hamı bir məqsəd uğrunda çalışır və bir-birinə hörmətlə yanaşırdı.

Bu ölkələr arasında proqramlar baxımından hansı fərqlilikləri hiss etdiniz?

Ən böyük fərqliliklərdən biri mədəniyyətlə bağlı idi. Məsələn, Avropa ölkələrində daha çox ateist və ya qeyri-dindar insanlara rast gəlirdim. Mərakeşdə isə əksəriyyət dindar idi və bu gündəlik həyatlarına da təsir edirdi. Proqramların məqsədlərində də fərqlilik var idi. Mərakeşdəki layihə sosial yardım yönümlü idi, Avropa ölkələrindəki layihələr isə daha çox təhsil, dil öyrənmə və şəxsi inkişaf sahəsində idi.

Bütün bu təcrübələriniz arasından sizi ən çox ilhamlandıran, yaddaqalan bir hadisəni bölüşə bilərsinizmi?

Rumıniyada bir layihədə iştirak etdiyim zaman dostlarımızla birlikdə Bolqarıstana getmişdik və orada mən ağır şəkildə pnevmoniyaya (zatürre) yoluxdum. Heç kəsi tanımadığım bir ölkədə, ingilis dili bilməyən həkimlərin arasında xəstəxanada qalmaq məcburiyyətində qaldım. Bu, həyatımın ən çətin və unudulmaz dövrlərindən biri idi. Ailəm uzaqda idi, maddi baxımdan da çətinlik çəkirdim, çünki Avropadakı son günlərim idi. Buna baxmayaraq, bu hadisə mənim üçün çox dəyərli bir həyat dərsi oldu və heç vaxt unutmayacağım bir təcrübəyə çevrildi.

Əgər bu ölkələrdən birində uzunmüddətli yaşamaq və işləmək fürsəti olsa, hansını seçərdiniz və niyə?

Əslində indiyə qədər getdiyim ölkələrin heç birində uzunmüddətli qalmaq planım olmayıb. Amma mütləq birini seçməli olsaydım, Bolqarıstanı seçərdim. Buna baxmayaraq, gələcəkdə başqa Avropa ölkələrində yaşamaq və işləmək istərdim.

Sizcə, Erasmus intern və layihə formatları gənclərin peşəkar gələcəyinə necə təsir edir? Sizdə hansı bacarıqların formalaşmasına kömək etdi?

Hələ layihələrin bir neçəsi başa çatmayıb, amma artıq deyə bilərəm ki, beynəlxalq mühitdə işləmək bacarığımı inkişaf etdirib. Bu layihələr dil biliklərini, ünsiyyət bacarıqlarını, komanda işini və adaptasiya qabiliyyətini ciddi şəkildə gücləndirir.

Siz bu layihələrə necə müraciət etdiniz? Hansı platformalardan və strategiyalardan istifadə etdiniz?

Ən çox istifadə etdiyim platforma European Solidarity Corps (ESC) olub. Layihələrə müraciət etməzdən öncə elanları diqqətlə oxuyuram və tələbləri tam anlayaraq müraciət edirəm. Uyğun layihələrə doğru şəkildə hazırlandığım üçün seçilmə şansım da yüksək olur.

Erasmus təcrübələriniz ərzində “kaş ki öncədən bilsəydim” dediyiniz bir şey varmı?

Bəli, xüsusilə tarix biliklərimin daha çox olmasını istərdim. İştirak etdiyim ölkələrin tarixi hadisələrini daha dərindən anlaya bilmək üçün əvvəlcədən bu sahədə daha çox oxumaq yaxşı olardı.

Layihələrə seçilmək istəyən, amma tərəddüd edən gənclərə nə məsləhət verərdiniz?

Əmin olun ki, tərəddüd etməyə heç bir əsas yoxdur. Bu proses əslində çox sadədir. Sadəcə motivasiya məktubunuzu yazırsınız və istədiyiniz ölkələrə səyahət edirsiniz! Bu, Azərbaycan gəncləri üçün inanılmaz bir fürsətdir. Odur ki, özünüzə inanın və risk edin! Çünki bir şeyi sınaqdan keçirib peşman olmaq, heç vaxt sınaqdan keçirməyib peşman olmaqdan min dəfə daha yaxşıdır. İnanın ki, artıq birinci, üçüncü, beşinci və ən geci yeddinci müraciətinizdə uyğun layihəyə seçilib gedəcəksiniz.

Müsahibənin sonunda bizimlə bölüşmək istədiyiniz hər hansı bir əlavə fikriniz varmı?

Gənclərə bir məsləhətim var: hər zaman inanın! İçinizdə o inam hissi və parıltı heç zaman sönməsin. Çünki siz istədiyiniz hər bir şeyi etməyə qadir bir gücə sahibsiniz! Özünüzə inanın, arzularınıza sarılın və daim irəliyə doğru addımlayın. Və bir şeyi unutmayın: İngilis dili öyrənin! Çünki bu dil sizə sadəcə qapılar açmır – bu, sizin dünyaya çıxış biletinizdir.

Aydan İbrahimli

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar