İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq nəticəsində “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram” istifadəçilərinin “Coursera” platformasında əldə edə biləcəyi kursların sayı artırılıb.
Proqram çərçivəsində əlavə 550 kurs ödənişsiz olaraq vətəndaşların istifadəsinə verilib. Yeni kurslar Kembric, Dyuk, Con Hopkins, London universitetləri və “Meta”, “IBM”, “Microsoft”, “Siemens” kimi aparıcı şirkətlər tərəfindən təmin olunur. Təklif olunan kurslar modelləşdirmə, animasiya, süni intellekt, qrafik və vizual dizayn, data təhlükəsizliyi və digər sahələrdə bacarıqların inkişafına yönəlib.
Artıq “Milli Proqram” istifadəçiləri “Coursera” platformasında 13 mindən çox kurs və təlimdən yararlana bilərlər. Burada Oksford, Stenford, Yel, Edinburq, Mançestr, Miçiqan, İllinoys, Florida, Sidney universitetləri, eləcə də “Google”, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, “SAP”, “Salesforce” kimi dünya səviyyəli texnologiya şirkətlərinin kursları mövcuddur.
Proqram çərçivəsində indiyədək 37 500 vətəndaş kurslardan istifadə edib, istifadəçilər 66 min kursu uğurla tamamlayıblar. Ən populyar sahələr süni intellekt, data elmi, layihələrin idarə olunması və biznesdir.
İstifadəçilərin ən çox müraciət etdiyi TOP 10 kurs bunlardır:
- Süni intellekt hamı üçün (AI For Everyone) – 3 192 nəfər
- Layihələrin idarəolunması əsasları (Project Management Fundamentals) – 1 907 nəfər
- Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Management) – 1 609 nəfər
- Süni intellektə giriş (Introduction to Artificial Intelligence) – 1 512 nəfər
- Data elminin əsasları: Data hər yerdə (Foundations: Data, Data, Everywhere) – 1 426 nəfər
- Data elmi nədir? (What is Data Science?) – 1 253 nəfər
- Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work) – 1 084 nəfər
- Liderlik bacarıqları (Leadership Skills) – 1 070 nəfər
- Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management) – 1 062 nəfər
- İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English) – 1 032 nəfər
“Milli Proqram”ın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək, dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqları inkişaf etdirmək və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Proqrama yaş və məşğulluq vəziyyətindən asılı olmayaraq vətəndaşlar buradan qeydiyyatdan keçə bilərlər.
Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin “Coursera”da müxtəlif təlimlərdən yararlanması nəzərdə tutulub. “Milli Proqram” SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.



