İnsan bədəni necə ki, qidalanmaya ehtiyac duyursa, zehnimiz də inkişaf etmək üçün davamlı öyrənməyə möhtacdır. Bəs heç düşünmüsünüzmü: öyrənmə özü də öyrənilə bilən bir bacarıqdırmı? Cavab birmənalı şəkildə bəlidir. “Öyrənməyi öyrənmək” – bu ifadə ilk baxışda paradoksal görünsə də, əslində həyati əhəmiyyət daşıyan bir yanaşmanı təmsil edir.
Öyrənməyi öyrənmək nədir?
Öyrənməyi öyrənmək – bu, sadəcə məlumat toplamaq deyil, məlumatla necə işləməyi, onu yadda saxlamağı və faydalı bilik halına gətirməyi öyrənməkdir. Zamanı səmərəli idarə etmək, informasiyanı strukturlaşdırmaq, məqsədyönlü şəkildə düşünmək və sınaqlardan keçərək inkişaf etmək bu bacarığın əsas sütunlarını təşkil edir. Bu yanaşma yalnız akademik uğur üçün deyil, gündəlik həyatımızda da özünü göstərir.
Zəkanın sərhədsizliyi statik deyil, dinamikdir
Bir çox insan öyrənmənin doğuşdan gələn bir istedad olduğunu düşünür. Halbuki öyrənmək qabiliyyəti inkişaf etdirilə bilən, dəyişkən və öyrədilə bilən bir bacarıqdır. Bunun üçün isə doğru metodlar və düzgün düşüncə tərzi – yəni “growth mindset” (inkişaf yönümlü düşüncə) vacibdir. Hər uğursuzluq bir dərs, hər çətinlik isə fürsət kimi qəbul edildikdə, insan öz potensialını reallaşdıra bilir.
Effektiv öyrənmənin aşağıdakı üsullarına baxaq:
1. Diqqətli və yayılmış modlar arasında balans
Dr. Barbara Oakley-in fikrinə görə, öyrənmə zamanı həm fokuslanmış (focused), həm də yayılmış (diffused) düşüncə rejimlərinə ehtiyac var. Beyin, ancaq fasilə verərək, istirahət edərək yeni məlumatı mənimsəyə bilər. Bu baxımdan Pomodoro texnikası (25 dəqiqəlik iş, 5 dəqiqəlik fasilə) öyrənməyə struktur və dayanıqlılıq gətirir.
2. Məlumatı “hissələrə”(chunking) bölmək
Kompleks mövzuları kiçik, mənalı hissələrə ayırmaq (chunking) yaddaşı gücləndirir. Məsələn, bir sosial elmlər mövzusunu öyrənərkən əvvəl ümumi baxış keçirmək, sonra nümunəyə baxmaq, ardınca tətbiq edib təkrar etmək lazımdır. Bu proses beynin yeni bilikləri daha yaxşı mənimsəməsinə kömək edir.
3. Yalançı öyrənmə illüziyaları
Sadəcə oxumaq və ya müəyyən cümlələri altından xətlə keçmək bizə sanki “bunu bilirəm” hissi verir. Halbuki, bu, öyrəndiyimizə dair sadəcə illüziyadır. Əvəzində, qısa xülasələr yazmaq, öz sözlərimizlə izah etməyə çalışmaq daha təsirli nəticələr verir.
4. Aktiv xatırlama (recall)
Dr. Karpicke-nin araşdırmalarına əsasən, mövzunu yadda saxlamaq üçün onu təkrarən öz yaddaşımızdan geri çağırmaq – yəni aktiv şəkildə xatırlamaq – uzunmüddətli yaddaş üçün əvəzsiz vasitədir.
5. Mini-testlər və özünü qiymətləndirmə
Öyrəndikdən sonra özünüzə kiçik testlər tətbiq edin. Əgər səhv cavab versəniz belə, bu səhvləri düzəldərək yaddaşda daha möhkəm yer edə bilərsiniz. Bu üsul, öyrənməni real nəticələrə çevirən ən praktik addımlardan biridir.
Niyə bu qədər vacibdir?
Müasir dünyada informasiya axını sürətlə artmaqdadır. Artıq müəllim və təlimçilər tək informasiya mənbəyi deyil. Şagird və tələbələrin öz öyrənmələrini idarə edə bilməsi, müstəqil düşünməsi və problemlərə yaradıcı yanaşması ən mühüm məqsədlərdən biri olmalıdır. Bu isə yalnız öyrənməyi öyrənməklə mümkündür.
Nəticə olaraq, öyrənmək həm öyrənilə, həm də öyrədilə bilər. İstənilən yaşda, istənilən sahədə hər kəs özü üçün effektiv öyrənmə üsulunu müəyyən edərək öz öyrənməsini asanlaşdıra bilər. Əgər biz uşaqlara, tələbələrə və hətta özümüzə beynin necə işlədiyini, yaddaşın necə formalaşdığını və hansı strategiyaların effektiv olduğunu öyrədə bilsək – daha güclü, daha bacarıqlı və müstəqil düşünən fərdlər yetişdirə bilərik.
Unutmayaq: Beynimiz bir əzələ kimidir – nə qədər çox məşq etsək, bir o qədər güclənir. Elə isə gəlin birlikdə öyrənməyi öyrənək!