spot_img
Ana SəhifəBloqPür-Diqqətin Gücü: Hansı Yanaşma Sənə Daha Uyğundur?
spot_img

Pür-Diqqətin Gücü: Hansı Yanaşma Sənə Daha Uyğundur?

Sosial medianın bildirişləri, qəfil gələn zənglər, eyni anda açılmış bir neçə brauzer pəncərəsi… Beynimiz hər gün saysız-hesabsız “diqqət oğrusu” ilə mübarizə aparır. Belə bir dövrdə dərin diqqət tələb edən işlərə necə fokuslana bilərik? Bu sualın cavabı müxtəlif “pür-diqqət” (deep work) yanaşmalarında gizlidir. Bu yazıda bu yanaşmaları daha yaxından tanıyacaq və hansının sizin üçün daha uyğun olduğunu birlikdə düşünəcəyik.

  1. Keşiş Yanaşması: Səssizliyin və fədakarlığın gücü

Keşiş yanaşması, adından da bəlli olduğu kimi, dünyadan təcrid olunaraq yalnız bir məqsədə fokuslanmaq fəlsəfəsinə əsaslanır. Bu yanaşma ilə çalışan insanlar bütün diqqətlərini yalnız bir işə yönəldir, digər məsuliyyətləri minimuma endirirlər.

Kimlər üçün uyğundur?

Yüksək səviyyədə özünü idarə edə bilən, konkret məqsədləri olan və bu məqsəd uğrunda ciddi fədakarlıq etməyə hazır olan şəxslər üçün idealdır.

Misal: Donald Knuth, illərlə e-poçt istifadə etməyərək yalnız kompüter elmlərindəki böyük problemlərə fokuslandı. Bir yazar, sosial həyatdan çəkilərək böyük bir roman üzərində işləyə bilər.

Risk: Sosial təcrid və tək qalmaq hissi yarana bilər. Hər kəs üçün deyil.

  1. İkili Rejimli Yanaşma: İki dünyanın tarazlığı

Bu yanaşma, həftənin və ya günün müəyyən hissəsini dərin diqqətə, digər hissəsini isə gündəlik tapşırıqlara ayırmağı təklif edir. Keşiş kimi tam təcrid olmadan, amma dərin işi planlı şəkildə həyata keçirmək mümkündür.

Kimlər üçün uyğundur?

Həm sosial, həm də akademik və ya yaradıcı həyatı balansda saxlamaq istəyən insanlar üçün.

Misal: Bir professor həftənin 3 günü tədqiqatlara tam fokuslanır, digər günlərdə dərs verir və görüşlərə qatılır.

Üstünlük: Həm dərin iş, həm də sosial həyat mümkündür. Amma keçidlər diqqətli planlaşdırma tələb edir.

  1. Ritmik Yanaşma: Davamlılıq qələbə çalır

Bu yanaşma, hər gün müəyyən saatlarda ardıcıl olaraq pür-diqqət işləməyi hədəfləyir. Məqsəd, zamanla vərdiş halını almaq və beyni müəyyən saatlarda “dərinlik rejiminə” hazırlamaqdır.

Kimlər üçün uyğundur?

Gündəlik ritmini sevən, uzunmüddətli layihələrə addım-addım yaxınlaşmağı üstün tutan insanlar üçün.

Misal: Hər səhər 2 saat kod yazan proqramçı. Bu rejim illərlə davam edərsə, böyük uğurlar gətirə bilər.

Ən böyük gücü: Sistematika və davamlılıq. Bu yanaşma səni yormadan irəlilədir.

(Şəxsən mən də bu rejimi çox sevirəm. Günün müəyyən saatlarında tam sakit bir mühitdə yazmaq mənim üçün həm terapiyadır, həm də məhsuldarlığın zirvəsi!)

  1. Qəzetçi Yanaşması: Fürsətdən dərhal istifadə et

Ən çevik və sərbəst yanaşmadır. Burada plan və sistematik vaxt bölüşdürməsi yoxdur. Əgər bir neçə boş dəqiqə varsa, dərhal dərin diqqətli rejimə keçilir və işə başlanılır.

Kimlər üçün uyğundur?

Artıq yüksək diqqət vərdişi olan, çevik düşünən və boş vaxtlarını səmərəli dəyərləndirməyi bacaran peşəkarlar üçün.

Misal: Walter Isaacson həm jurnalist kimi fəaliyyət göstərib, həm də 900 səhifəlik kitablar yazıb. O, hər fürsəti yazıya çevirməyi bacarıb.

Çətinlik: Yeni başlayanlar üçün risklidir. Dərhal fokuslanmaq asan deyil və bu rejimlə ardıcıl iş görmək çətindir.

Sonda… Hansı Yanaşmanı Seçməli?

Bu yanaşmalar bir-birinə rəqib deyil, əksinə bir-birini tamamlayan modellərdir. Hər kəsin həyat tərzi, işi, psixoloji ehtiyacları və zaman resursu fərqlidir. Əsas məsələ odur ki, sən özün üçün  “ən uyğun ritmi” tapasan.

🔸 Özünü cəmiyyətin səs-küyündən çəkib yalnız bir məqsədə fokuslamaq istəyirsənsə — Keşiş yanaşması

🔸 Həm sosial, həm də yaradıcı balansı qorumaq istəyirsənsə —İkili rejimli yanaşma

🔸 Günbəgün irəliləyərək vərdiş formalaşdırmaq istəyirsənsə — Ritmik yanaşma

🔸 Sürətli və çevik işləməyi sevirsənsə — “Qəzetçi yanaşması” sənin üçün ideal ola bilər.

Sən hansı yanaşmanı tətbiq edirsən?

Fikirlərini şərhlərdə yaz, paylaş və başqalarının da öz iş rejimini tapmasına kömək et!

Aysel Nağıyeva
Aysel Nağıyeva
Mənim üçün təhsil inkişaf və dəyişikliklərin açarıdır. Bu blog vasitəsilə öz təcrübələrimi sizinlə bölüşürəm.Məqsədim təhsil sevərlər üçün faydalı məlumatlar paylaşmaqdır.
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar