spot_img
HomeBloq“Təhsilə qoyulan hər sərmayə gələcəkdə artıqlaması ilə qayıdır” – İngiltərədə doktorantura təhsili...
spot_img

“Təhsilə qoyulan hər sərmayə gələcəkdə artıqlaması ilə qayıdır” – İngiltərədə doktorantura təhsili alan azərbaycanlı gənc

Xaricdə təhsil almaq çoxlarının arzusu olsa da, bu yolun həm çətin, həm də öyrədici tərəfləri var. İngiltərədə “Təhsil elmləri” sahəsində doktorantura təhsili alan həmvətənimiz təhsil, tələbə həyatı, akademik araşdırmalar və şəxsi inkişaf mövzusunda dəyərli təcrübələrini bizimlə bölüşdü. O həm “culture shock”, həm də tələbə büdcəsi ilə xaricdə yaşamağın real çətinliklərindən danışır, müəllim-tələbə münasibətlərində gördüyü fərqləri qeyd edir və gənclərə doğru ixtisas seçimi ilə bağlı önəmli məsləhətlər verir. Müsahibimizə ilk sualımız İngiltərədə oxuyarkən yaşadığı “culture shock” baradə oldu.

– Düzünə qalsa, böyük bir “shock” yaşadığımı xatırlamıram, ancaq bizim insanımız ilə buradakılar arasındakı əsas fərqin məsələlərə baxış bucağımız olduğunu deyə bilərəm. Məsələn, bizim önəmsiz saydığımız, ya da çox önəmli hesab etmədiyimiz şeylər buranın insanı üçün çox böyük mahiyyət kəsb edə bilir.Nümunə olaraq deyə bilərəm ki, buranın insanı demək olar ki hər yaşda öz mental və fiziki sağlamlığı ilə maraqlanır, hətta yaşlı insanlar belə daimi olaraq aktiv həyat tərzi sürməyə çalışırlar. İstər həftəiçi, istərsə də həftəsonları şəhərdə velosiped sürən, sahil kənarında yürüyüş edən insanları görmək mümkündür. Onların arasında yaşı 60 və daha üzəri olan şəxslərin sayı isə kifayət qədərdir. Ölkəmizdə isə, təəssüflər olsun ki, insanların öz mental və fiziki sağlamlıqlarına yetəri qədər diqqət yetirmədiyinin şahidi oluruq.

Təqaüd proqramı ilə oxuyursunuz? Tələbə büdcəsi ilə İngiltərədə yaşamaq necə alınır? Təqaüd bütün ehtiyaclarınızı ödəyə bilir?

– Bəli, Dövlət Proqramı vasitəsilə İngiltərənin Bristol Universitetində Təhsil ixtisası üzrə Doktorantura təhsili alıram. Dövlət Programı çərçivəsində nəzərdə tutulan məbləğin (aylıq 1100 pound) Bristol şəhərində yaşamaq üçün kifayət etdiyini düşünmürəm. Təqaüd əksər hallarda yalnızca yataqxana xərclərini ödəməyə bəs edir. Qida və digər günlük xərclər üçün işləmək tələb olunur. Digər ucuz şəhərlər üçün isə təqaüd bəs edə bilər.

Tədqiqat prosesiniz necə gedir? Müəllimlə tələbə arasındakı münasibət orada necədir?

– Tədqiqatım “Universitet İdarəetməsində Tələbə İştirakı və Rolu” barəsindədir. Tədqiqatımın ilk iki ilini uğurla başa vurmuşam və hazırda 3-cü ilimə qədəm qoyuram. Bu ildə əsas məşğuliyyətim lazımi dataların toplanılması və analizindən ibarət olacaq. Hər iki supervayzerimlə olan münasibətim çox yaxşıdır. Ayda bir dəfə il ərzində 12 dəfədən az olmayaraq görüşlərimiz keçirilir və hər görüş üçün yazdığım və hazırladığım hissələr barəsində ətraflı “feedback” alıram. Müəllim və tələbə münasibətinə gəldikdə isə nümunə olaraq deyə bilərəm ki, qəti şəkildə “professor” olaraq çağırılmağı sevmirlər. Onlara öz adları ilə müraciət etməyimi tələb edirlər. Buna görə də, asanlıqla deyə bilərəm ki, burada müəllim və tələbələr arasında formallıqdan fərqli səviyyədə, səmimi bir münasibət mövcuddur. Yalnız bu verilən tapşırıqları yerinə yetirmədiyiniz və ya axsatdığınız təqdirdə hər an dəyişə bilər :)

Sizin üçün bakalavrdan magistra olan ixtisas dəyişimi hansı şəxsi və ya akademik maraqlardan qaynaqlandı? Nə üçün bu dəyişikliyi seçdiniz?

– Bu sualı cavablandırmaq üçün öncə, niyə görə Bakalavr təhsilimdə Tərcümə ixtisasını seçməli olduğumdan danışmalıyam. 2017-ci ildə keçirilən universitetlərə qəbul imtahanında 653 bal toplamışdım. Bu bal o dönəmdə qəbul olmağı çox istədiyim indi isə nə yaxşı ki qəbul olmamışam dediyim Hüquq ixtisası üçün yetərli olmadı. Mən isə bu təqdirdə müəllimlik oxumağa qərara aldım. Dillər Universitetinin müəllimlik ixtisasını seçməyi hədəfləyirdim, lakin müəllimlərim və valideynlərimin təkidi (“Tərcümə oxusan, müəllim də ola bilərsən, ancaq müəllimlik oxusan, tərcüməçi ola bilməzsən.”) ilə tərcümə ixtisasını seçməli oldum. Düzü, təhsilim müddətində dil bacarıqlarımı çox yaxşı inkişaf etdirsəm də, öyrənmə və öyrətmək sevgimdən uzaq düşdüyümü hiss edirdim. Bakalavrdan məzun olduqdan sonra isə Corc Vaşinqton Universiteti ilə Pedaqoji Universitet tərəfindən təşkil olunan Təhsil və İnsan İnkişafı programı ilə tanış oldum və məhz bu programın mənə yenidən Təhsil sahəsinə qayıtmaq üçün bir şans yaradacağını düşündüm və 2021-ci ildə bu programa seçildim. Magistr təhsilim mənə çox yaxşı dostluqlar qazandırmaqla yanaşı, həm də Doktorantura təhsilimi məhz “Təhsil” sahəsində davam etdirməyimə də imkan yaratdı. Buna görə də, nə yaxşı ki, magistr təhsilim zamanı ixtisas dəyişikliyi etmişəm.

Əvvəlki təhsiliniz və təcrübəniz PhD mövzusuna təsir etdimi? etdisə necə?


– Əlbəttə! İstər bakalavr, istərsə də magistr təhsilim zamanı təhsil sahəsində gördüyüm boşluqlar bugünkü tədqiqat mövzumun formalaşmasında böyük pay sahibidirlər. Belə ki, ölkəmizdə universitet idarəetməsində tələbələrin sahib olduğu simvolik rollar onları keyfiyyətli təhsil almaq imkanlarından önəmli dərəcəyə qədər məhrum edir və universitetləri “ikinci evləri” kimi sahiblənməklərinə icazə vermir. Tələbələrin bir çoxu universitetləri sadəcə gəlib bir neçə il təhsil aldıqları ötəri bir yermiş kimi qəbul edirlər. Bu isə tələbə-universitet münasibətlərinə ciddi zərbə vurur. Bu halın qarşısını almaq üçün isə universitet həyatında və biləvasitə olaraq idarəetməsində tələbə rolunun gücləndirilməsinə böyük ehtiyac olduğuna inanıram.

Azərbaycandakı doktorantura təhsili ilə İngiltərədəki doktorantura təhsili arasındakı əsas fərqləri nədə görürsünüz?


– Azərbaycanda doktorantura təhsili almadığım və bir təcrübəyə sahib olmadığım üçün bu barədə hər hans bir şərh bildirməyin faydalı olacağını düşünmürəm.

Sizcə, ölkəmizdəki doktorantura təhsilini daha keyfiyyətli etmək üçün təhsil sistemində nələr dəyişdirilməlidir?


– Daha öncədən bildirdiyim kimi ölkəmizdəki doktorantura təhsilin strukturu və keyfiyyəti ilə yaxından tanış olmadığım üçün bu barədə hansısa bir konkret fikir irəli sürməyin çox da faydalı olacağını düşünmürəm, lakin istənilən sahədə keyfiyyət əldə etmək ilkin olaraq bir niyyət və istəyin olmasına inanıram. Yalnız bu istək formalaşdıqdan sonra mümkün həll yollarından bəhs etmək doğru olar.
Təhsilimizin keyfiyyətinin artırılması ilə bağlı subyektiv yanaşmama gəldikdə isə, bunun kifayət qədər absurd səslənəcəyinin fərqində olmağıma baxmayaraq, ali təhsilin inkişaf etdirilməsi üçün məhz elə ibtidai təhsilin keyfiyyətinin artırılmasının önəmli olacağını düşünürəm, çünki təhsil pillələrini bir-birindən ayrı şəkildə düşünməyin mümkün olmadığına inanıram. Təhsilimiz ilkin olaraq güclü oxu və yazı vərdişlərinə sahib olan bir ibtidai sinif şagirdi yetişdirməyi, daha sonra isə orta təhsili müddətində o tələbəni tənqidi-təfəkkür, problem həll etmə kimi bacarıqlara yiyələndirməyi hədəfləməlidir. Yalnız bu təqdirdə özündən və ətrafından daha çoxunu tələb edə biləcək potensiala sahib fərdlərin yetişdirilməsinə nail ola bilərik. Beləliklə, tələbin formalaşdığı yerdə təhsilimiz də o tələblərə cavab vermək üçün inkişaf etməli olacaq.

Həm ABŞ həm də İngiltərə Universitetlərində təhsil almısınız. Bu iki ölkənin təhsilini müqayisə etdikdə əsas fərqi nədə görürsünüz?

– Əslində bu suala cavab vermək kifayət qədər çətindir, çünki bu ölkələrdə təhsilin fərqli pillələri üzrə tədris almışam və hələdə almaqdayam. Buna görədə başa-baş müqayisə aparmaqda bir xeyli çətinlik yaşayıram, ancaq doktorantura təhsilinin magistr təhsili ilə müqayisədə çox daha çətin və tələbkar olduğunu nəzərə alaraq tənqidi düşüncəmin daha da sürətli inkişaf etməsində doktorantura təhsilimin böyük rol oynadığını asanlıqla dilə gətirə bilərəm. Belə ki, doktorantura təhsili almağa başladığım ilk aylardan etibarən professorlarım tərəfindən verilən şəxsi geridönüşlər tənqidi təfəkkür və tənqidi yazı bacarıqlarımın inkişafında çox önəmli olub. Bu vaxta qədər daha çox descriptive (təsviri) yazılar yazdığım halda, verilən geridönüşlərdən sonra həm tezisimdə, həm də digər yazı işlərində harada descriptive, harada isə critical yazı yazmalı olduğumu çox daha yaxşı öyrəndim. Daha öncədə qeyd etdiyim kimi, hər iki ölkədə fərqli təhsil pillələrində təhsil almağımı və hər təhsil pilləsinin fərqli tələbləri və çətinlik səviyyəsi olduğunu nəzərə alaraq burada ABŞ ya İngiltərə təhsilinin birinin digərindən üstün olduğunu qeyd etmək çox da doğru olmaz, ancaq mənim təcrübəmdə, xüsusilə də akademik inkişafım baxımından İngiltərə təhsilinin daha faydalı olduğunu vurğulamağın bu ölkələrdə təhsil almaq arzusunda olan gənclərimiz üçün faydalı olacağına inanıram.

George Washington Universitetində öyrəndiyiniz elə bir yanaşma varmı ki, onu Azərbaycan təhsilinə gətirmək istərdiniz?

    – Bu suala cavab vermək üçün sizinlə magistr təhsilim zamanı yaşadığım bir təcrübəni bölüşmək istəyirəm. Magistr təhsilimin son kursunda Corc Vaşinqton Universiteti tərəfindən Advanced Data Analysis fənnini tədris etmək üçün yeni məzun olmuş bir PhD tələbəsi bizim müəllimimiz olaraq təyin edilmişdi. Həmin müəllimin texniki bilikləri çox yaxşı səviyyədə olmağına baxmayaraq, tədris prosesindəki bacarıqları bir o qədər də yaxşı deyildi. Həm tədris prosesinin gedişatı, həm də tələbə-müəllim kommunikasiyasında ciddi boşluqlar formalaşmışdı. Bütün bu sadaladığım səbəblərə görə bir neçə qrup yoldaşımla birlikdə həmin müəllim barədə öz şikayətlərimizi Corc Vaşinqton tərəfindəki program rəhbərimizə bildirdik və proses araşdırıldıqdan sonra bizim verdiyimiz geridönüş əsasında həmin müəllim ikili diplom program professorları siyahısından çıxarıldı və başqa bir müəllimlə əvəz olundu. Bu verdiyim nümunə əsasında Corc Vaşinqton Universitetinin tələbə məmnuniyyətini necə önəmli hesab etdiyinin şahidi ola bilərsiniz və bəli əgər imkanım olsa, məhz bu yanaşmanı öz universitetlərimizdə də görmək istəyərdim, çünki əfsuslar olsun ki, yerli universitetlərimizin bir çoxunda tələbə geridönüşləri formallıqdan və “maşın büroktratiyasından” (geridönüşlərin formal qaydada toplanılması, lakin geridönüşlərə əsaslanan tutarlı dəyişikliyin həyata keçirilməməsi) kənara çıxa bilmir. Tələbələr bir məsələ ilə bağlı şikayətlərini bildirdikəri zaman ya müəllimlər, ya da rəhbərlik tərəfindən qısnamalara məruz qalırlar. Ümid edirəm bir gün bizim universitetlərimiz də tələbə geridönüşlərinə lazımi diqqəti göstərəcək və tələbələrin də öz təhsil aldıqları universitet barəsində fikir bildirmə haqlarının olduqlarını qəbul edəcəklər.

    Bir müəllim olaraq, IELTS- ə hazırlaşan tələbələrə hansı tövsiyələriniz var?


    – Dil səviyyənizi “Upper-intermediate”-ə çatdırmadan IELTS-ə hazırlaşmayın, çünki IELTS hazırlığı müddətində bunu etməyə çox da imkanınız olmayacaq. IELTS kifayət qədər çətin bir imtahandır və ortalama olaraq 3 aylıq hazırlıq müddətində tələbələrə ümumi dil bacarıqlarından daha çox sual tiplərini necə işləməli, vaxtı necə idarə etməli və esse strukturları öyrədilir. Buna görə də, 7 və daha üzəri bir nəticə əldə etməyi istəyən tələbələrin minimal halda “Strong-intermediate”, vaxt varsa “Upper-intermediate” ilə IELTS hazırlığına başlamaqlarını tövsiyə edərdim.

      Sizcə, IELTS- də tələbələrin ən çox buraxdığı səhv nədir və bunu necə düzəltmək lazımdır?


      – IELTS Writing bölməsində tələbələrin etdiyi ən önəmli səhvlərdən birinin sadəcə band sampleları oxuyaraq, hətta əzbərləyərək yüksək nəticə əldə edəcəklərinə inanmasıdır. Writing bölməsində digər bölmələr kimi yalnızca praktika edildiyi zaman inkişaf edir. Buna görədə tələbələrə band sampleları əzbərləməklə vaxt itirməməklərini tövsiyə edərdim. Bunun əvəzinə gündə 1 saat müxtəlif tasklar (1 yaxud 2) üzrə praktika etməkləri və o yazdıqları esselər üzərindən keyfiyyətli feedback almaqlarının onlar üçün daha faydalı olacağını bildirmək istəyirəm.

      Kaş tələbə olardım, mənim müəllimim də belə dərs keçəydi” dediyiniz dərs metodikası varmı?

      – Ən yaxşı metodika belə pis (qayğıkeş olmayan, texniki bilikləri yetərsiz, soft bacarıqları kasad) bir müəllimin əlində heç bir işə yaramır. Buna görədə müəllimlərin ilk öncə müəllimliyi sevərək və istəyərək etməklərinin tərəfdarıyam. İstək olduqdan sonra sadaladığım digər bacarıqlara yiyələnmək nisbətən asan olur. Bundan əlavə olaraq isə “emotionally intelligent” (ifadənin tam qarşılığı dilimizdə tam istənilən mənanı kəsb etmir) müəllimlərin digərlərindən 1 addım daha irəlidə olduqlarına inanıram. Bu tip müəllimlər şagirdin öz problemlərini dilə gətirmədiyi zaman belə onun susqunluğundan, jest və ya mimikalarından işlərin yolunda getmədiyini anlaya bilirlər. Elə buna görədə “kaş mənim də bütün müəllimlərim emotionally intelligent olaydı”, deyirəm.

      Sizcə, dil biliyi səviyyəsi 6.0-dan 7.5-ə qalxan tələbənin uğurunun sirri nədir? Metod, psixologiya, yoxsa çalışqanlıq?


      – Spesifik bir nümunədirsə, bu sualı həmin tələbəyə soruşmaq və onun cavab verməsini gözləmək daha doğru olar deyə düşünürəm, lakin bir müəllim olaraq deyə bilərəm ki, əgər tələbə qısa müddət (1 aydan daha az) ərzində iki fərqli IELTS imtahanı verib və nəticələr arasında bu qədər kəskin fərq olubsa, ya həmin tələbə imtahanların birində hansısa səbəblərə görə çox həyəcanlanıb və imtahana nəzarəti itirib, ya da doğru metodlarla yaxud müəllimlə hazırlaşmayıb, çünki qısa müddət ərzində tələbənin ümumi dil səviyyəsini “intermediate”-dən “upper-intermediate” səviyyəsinə qaldırmaq fiziki olaraq mümkün deyil. Bu halda əldə edilən fərqli nəticələr bizə tələbənin dil bacarıqları ilə yox imtahanın strukturu və texnikası ilə problemlərinin olduğunu göstərir. 1 ay ərzində isə lazımi strukturları və texnikaları öyrənmək mümkündür.

      Əgər, yenidən tələbə olsaydınız bugünkü bilik və təcrübələrinizlə özünüzə hansı məsləhətləri verərdiniz?


      Əgər yenidən abituriyent olsaydım, ilkin olaraq yüksək bal toplamağın hər şey demək olmadığını və doğru ixtisasa yiyələnməyin yüksək bal toplamaqdan daha önəmli olduğunu izah edərdim və istədiyim ixtisasa yiyələnmək üçün lazımi balı toplamaq üçün çalışardım.
      Əgər yenidən tələbə olsaydım, böyük ehtimalla yenidən tələbə olduğum müddətdə etdiyim şeyləri edərdim. Belə ki, xüsusilədə bakalavr təhsilim müddətində bir çox tələbə yoldaşımdan fərqli bir tələbəlik yaşadığımı vurğulaya bilərəm. Abituriyent dönəmimdə çox çalışqan hətta (nerd) səviyyəsində bir şagird olmağıma baxmayaraq, bakalavr təhsilim müddətində bu vərdişimdən əl çəkərək özümü inkişaf etdirəcək şeylərə daha çox zaman ayırdığımı deyə bilərəm. Bakalavr təhsilimdə müəllimlərin ən çalışqın şagirdi olmaqdan əl çəkib, daha çox şəxsi inkişaf seminarlarına, müxtəlif təlimlərə və könüllülük programlarına qatıldığımı xatırlayıram. Bundan əlavə olaraq isə ixtisasımın özəyi olan ingilis dilinin inkişaf etdirilməsinə çox diqqətlə yanaşırdım. Nəticə olaraq isə heç bakalavr təhsilimi bitirməmiş yaxşı maaşlı iş təklifləri ala bilirdim. Qısaca, tələbələrə onu deyə bilərəm ki, sizə deyilən hər bir şeyi sorğulamadan etməyə çalışmayın. İlk öncə sizə məsləhət verən insanların hansı təcrübəyə sahib olduqlarını yaxşıca araşdırın, daha sonra onların verdiyi məsləhətləri qəbul və ya rədd edin, və ən önəmlisi öz gələcəyinizi məhz tələbələrik illərinizdən planlayın və plana uyğun təhsilinizə və inkişafınıza yatırımlar edin. Bugün özünüzdən “kəsib” təhsilinizə yatırım etdiyiniz hər bir “qəpik” gələcəkdə sizə artıqlaması ilə geri qayıdacaq. Bundan əmin olun.

      Son olaraq, uğur yolunda sizə hər zaman motivasiya verən, sizi ruhlandıraraq irəli aparan həyat devizinizi tələbələrlə bölüşə bilərsinizmi?


      – Həyat devizim, rol modelim, həyatımı dəyişən kitab/film kimi şeylər heç vaxt olmayıb, buna görə də tələbələrə sırf motivasiya olsun deyə hər hansı bir devizi onlarla bölüşə bilmərəm, bunu etməyim onlar və özüm üçün ən böyük haqsızlıq olar. Mən hər insanın özünün öz həyat devizini özünün formalaşdırmasından yanayam, çünki heç bir insanın həyat hekayəsi digərlərinin eynisi deyil. Bəli, sevinclərimiz, kədərlərimiz, xoş günlərimiz, pis günlərimiz bir-birinə bənzəyə bilər, ancaq onları fərqli və özəl edən məhz bizim, özümüzün mövcudluğumuz, nəfəsimiz və ruhumuzdur. Ona görə də, bir başqasının dediyi fikirlərin, yaşadığı təcrübələrin mənim həyatımın mərkəzində olmasını qəbul edə bilmirəm. Başqalarının təcrübələrindən öyrənirəm, çünki ömür hər şeyi özümüzün təcrübə etməsinə yetəcək qədər uzun deyil, ancaq onları həyat devizimə çevirməyi birmənalı olaraq üstün tutmuram.

        Aydan İbrahimli

        CareerBridge.az
        CareerBridge.azhttps://careerbridge.az
        CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
        OXŞAR POSTLAR
        Reklamspot_img

        Çox Oxunanlar