Xaricdə təhsil almaq bir çox gənc üçün həm böyük fürsət, həm də ciddi sınaqdır. Yeni ölkə, fərqli mədəniyyət, dil baryeri və sosial mühit gənclərin yalnız akademik deyil, eyni zamanda psixoloji dünyasına da təsir edir. Bu prosesdə adaptasiya çətinlikləri, tənha qalma hissi, stress və özünü ifadə etməkdə çətinliklər tez-tez rast gəlinən hallardır. Bu mövzuya daha dərindən işıq salmaq üçün gənc psixoloq və tədqiqatçı Nərgiz Umarova ilə müsahibə apardıq. O, gənclərin xaricdə təhsil alarkən qarşılaşdıqları psixoloji çətinliklər, adaptasiya prosesində yaşanan daxili konfliktlər və bu problemlərlə sağlam şəkildə necə başa çıxmağın mümkün olduğu barədə suallarımızı cavablandırdı.
1. Xaricdə təhsil alan tələbələr ən çox hansı psixoloji çətinliklərlə üzləşirlər?
Ən çox rast gəldiyim çətinliklər tənhalıq, mədəni fərqlərə uyğunlaşma, dil səbəbilə özünü rahat ifadə edə bilməmək və performans narahatlığıdır. İnsan birdən-birə tanış sosial mühitdən çıxır, ailə və dost dəstəyindən uzaq qalır və beynimiz bunu təhlükə kimi qəbul edir. Bu da daxili gərginlik, özünə inamsızlıq, bəzən də geri çəkilmə və sosial təcrid yarada bilir. Bir tərəfdən yeni mühitdə özünü sübut etmə ehtiyacı yaranır, digər tərəfdən isə insan köhnə kimliyini harada yerləşdirəcəyini bilməyə bilər. Bu ikili gərginlik emosional yorğunluğa səbəb olur. Əslində bu reaksiyalar patologiya deyil, adaptasiyanın təbii hissəsidir. Vacib olan odur ki, tələbə bu çətinlikləri vaxtında tanısın və özünə dəstək mexanizmləri qursun.
2. Adaptasiya prosesində ilk aylar niyə psixoloji baxımdan kritik sayılır?
Çünki ilk aylarda insanın sinir sistemi hələ yeni mühitə uyğunlaşmayıb. Beyin daim ətrafı “təhlükəsizdirmi?” deyə yoxlayır. Hər şey yad olduğu üçün bədən uzun müddət gərgin rejimdə qala bilər. Bu da yuxu pozuntuları, tez yorulma, diqqətin dağılması və emosional dalğalanmalarla özünü göstərə bilər. Bu mərhələdə insan köhnə rutinlərini itirir, yeniləri isə hələ formalaşmayıb. Məhz bu boşluq dövrü psixoloji baxımdan həssasdır. Əgər bu mərhələdə insan özünə qayğı göstərməyi, gündəlik struktur yaratmağı və emosiyalarını tənzimləməyi bacararsa, adaptasiya daha sağlam şəkildə davam edir. Əks halda stress uzana və dərinləşə bilər.
3. Azərbaycanlı tələbələrin digər ölkələrdən fərqli yaşadığı xüsusi çətinliklər varmı?
Bəli, əlbəttə var. Biz ailəyə, yaxın münasibətlərə və emosional təmasa çox bağlı bir mədəniyyətdən gəlirik. Xaricdə isə insanlar daha fərdi və məsafəli ola bilər. Bu fərq bəzən tələbədə “soyuqluq” və ya tənha qalma hissi yaradır. Digər tərəfdən, qərarları tək vermək, şəxsi məsuliyyət daşımaq və öz sərhədlərini qorumaq da bizim üçün əvvəlcə çətin görünə bilər. Ailənin gündəlik dəstəyindən ayrılmaq daxili boşluq yarada bilər. Bəzən tələbələr bunu zəiflik kimi qəbul edir, amma əslində bu, mədəni keçidin təbii nəticəsidir. Doğru yanaşma ilə bu proses insanın daxili gücünü və müstəqilliyini də inkişaf etdirə bilir.
Psixoloji hazırlıq mərhələsi
7. Tələbə psixoloji baxımdan özünü xaricə getməzdən əvvəl necə hazırlamalıdır?
Ümumiyyətlə psixoloji hazırlıq pasport və sənəd hazırlığı qədər vacib bir amildir. İnsan özünü tanımalıdır: stress zamanı necə reaksiya verir, tək qalanda onu nə rahatladır, çətinliklə qarşılaşanda hansı üsullarla özünü toparlaya bilir. Bunları əvvəlcədən bilmək adaptasiya zamanı böyük üstünlük yaradır. Eyni zamanda gözləntiləri real qurmaq çox önəmlidir. Hər gün motivasiyalı olmaq mümkün deyil, bəzən darıxmaq, yorulmaq, tərəddüd etmək normaldır. Tələbə öz məqsədlərini, niyə getdiyini və bu yolun ona nə qazandıracağını özünə aydınlaşdırmalıdır. Bu daxili motivasiya çətin günlərdə dayaq olur.
8. Ailə və yaxın mühit bu hazırlıqda necə rol oynamalıdır?
Ailə gənc üçün emosional təhlükəsizlik mənbəyi olmalıdır. Amma bu dəstək nəzarətə və qorxuya çevrilməməlidir. Daim “özünə diqqət et”, “ora təhlükəlidir”, “bizsiz bacarmazsan” mesajları əks təsir yarada bilər. Ən sağlam yanaşma güvən verməkdir: “Sən bacarıqlısan, biz yanındayıq, ehtiyacın olsa dəstək olacağıq.” Bu mesaj gəncin özünə inamını gücləndirir və ayrılıq prosesini daha sağlam edir.
9. Özünütənzimləmə və stresmenecment bacarıqları əvvəlcədən necə qazanıla bilər?
Əslində bunlar çox mürəkkəb texnikalar deyil. Sadə, amma davamlı vərdişlərdən başlayır: nəfəsi tənzimləmək, bədəni hərəkətdə saxlamaq, yuxu rejimini qorumaq, düşüncələri yazmaq. İnsan emosiyasını tanımağı və adlandırmağı öyrəndikcə, onu idarə etmək də asanlaşır. Mən həmişə tövsiyə edirəm ki, tələbə getməzdən əvvəl bu vərdişləri gündəlik həyatına daxil etsin ki, stresli anda sıfırdan öyrənməyə məcbur qalmasın.
Xaricə çıxdıqdan sonra ilk aylar və texnikalar
10. İlk aylarda hansı psixoloji yanaşmalar tələbəyə kömək edir?
İlk aylarda məqsəd insanın daxili balansını qorumaqdır. Mindfulness, gündəlik yazmaq, nəfəs texnikaları emosional yüklənməni azaltmağa kömək edir. İnsan hisslərini kağıza tökdükdə, beynindəki qarışıqlıq da azalır. Eyni zamanda kiçik rutinlər yaratmaq çox vacibdir: səhər gəzintisi, müəyyən saatda yemək, özünə ayırılan qısa fasilələr. Bu cür sabitlik sinir sisteminə təhlükəsizlik mesajı verir.
11. Sosial adaptasiya üçün hansı üsullar effektivdir?
İnsan sosial varlıqdır və tək qalmaq adaptasiyanı çətinləşdirir. Klublara qoşulmaq, tələbə birliklərinə qatılmaq, könüllü işlərdə iştirak etmək yeni əlaqələr qurmağa kömək edir. Burada məqsəd dərhal yaxın dost tapmaq deyil, əvvəlcə sosial mühitə daxil olmaqdır. Kiçik söhbətlər belə insanın özünü aid hiss etməsinə kömək edir.
12. Nostalgiyadan və tənhalıqdan çıxmaq üçün gündəlik nə etmək olar?
Günü strukturlaşdırmaq çox önəmlidir. Plansız günlərdə nostalgiya daha da güclənir. Açıq havada gəzmək, bədən hərəkəti, qısa sosial təmaslar emosional enerjini yüksəldir. Eyni zamanda insana tanış olan kiçik rituallar — sevdiyi musiqi, çay vaxtı, yazı yazmaq — psixoloji rahatlıq yaradır və “ev hissini” qorumağa kömək edir.
Mədəni fərqlərlə necə davranmaq olar?
13. Mədəniyyət şoku hansı mərhələlərdən ibarətdir?
Adətən proses çox romantik başlayır – hər şey maraqlı, fərqli və həyəcanlı görünür. İnsan özünü sanki yeni bir macəranın içində hiss edir. Bir müddət sonra isə reallıq ortaya çıxır: dili tam anlamamaq, ünsiyyətdə yorulmaq, gündəlik xırda çətinliklər insanı emosional olaraq yora bilər. Bu mərhələdə əsəbilik, motivasiya azalması, hətta “niyə bura gəldim?” sualı da yarana bilər. Zaman keçdikcə insan mühitə alışmağa başlayır, qaydaları öyrənir, özünə uyğun sistem qurur və adaptasiya mərhələsinə keçir. Ən önəmlisi bilməkdir ki, bu dalğalanmalar normaldır və müvəqqətidir. İnsan özünü bu hisslərə görə günahlandırmamalıdır.
14. Öz milli kimliyini qoruyaraq necə inteqrasiya olmaq olar?
Ümumiyyətlə bu məqam hər zaman qarışdırılır: inteqrasiya olmaq özünü silmək demək deyil. İnsan öz dəyərlərini, dilini, ailə bağlarını qoruyaraq yeni mədəniyyətlə harmoniya qura bilər. Bəzən tələbələr uyğunlaşmaq üçün özlərini məcburən dəyişməyə çalışırlar və bu daxili gərginlik yaradır. Halbuki balans tapmaq daha sağlamdır. Öz mədəni köklərinə bağlı qalmaq insana daxili sabitlik verir. Eyni zamanda yeni cəmiyyətin qaydalarını öyrənmək və hörmətlə yanaşmaq da adaptasiyanı asanlaşdırır. Bu iki tərəfi tarazlamaq psixoloji sağlamlığın əsas şərtidir.
15. Davranış və ünsiyyət fərqlərini qəbul etməyi özündə necə formalaşdırmaq olar?
Ən təsirli yol müşahidə etmək və tələsmədən öyrənməkdir. İnsan hər davranışı öz mədəni filtri ilə qiymətləndirdikdə tez-tez məyusluq yaşayır. “Bu niyə belədir?” sualını “Burada belədir” kimi qəbul etmək adaptasiyanı xeyli yüngülləşdirir. Sual verməkdən çəkinməmək, səhv etməkdən qorxmamaq və özünə qarşı yumşaq olmaq bu prosesdə çox önəmlidir. Mədəni elastiklik zamanla formalaşır və insanı həm daha dözümlü, həm də daha açıqfikirli edir.
Ağır adaptasiya halları
16. Hansı əlamətlər professional psixoloji yardım lazım olduğunu göstərir?
Əgər insan bir neçə həftədir özünü davamlı çökmüş, ümidsiz və enerjisiz hiss edirsə, gündəlik işlərini yerinə yetirməkdə çətinlik çəkirsə, yuxusu və iştahı ciddi pozulubsa, bu artıq diqqət siqnalıdır. Panik hisslərin artması, davamlı narahatlıq, sosial əlaqələrdən uzaqlaşma və özünü təcrid etmə də risk əlamətləridir. Bəzən psixoloji gərginlik bədəndə də özünü göstərir: səbəbsiz baş ağrıları, mədə problemləri, tez-tez xəstələnmə. Ən önəmlisi isə həyatın mənasızlaşması, ümidsizlik düşüncələrinin artmasıdır. Bu mərhələdə “keçər” deyə gözləmək əvəzinə mütəxəssisə müraciət etmək həm prosesi qısaldır, həm də insanın özünü daha güvənli hiss etməsinə kömək edir.
17. Xaricdə psixoloji dəstək almaqdan çəkinməmək üçün düşüncə necə dəyişməlidir?
Xarici bir ölkədə psixoloqa müraciət etmək insan üçün ikiqat çətin ola bilər. Dil baryeri, mədəni fərqlər, “məni doğrudan anlayacaqlarmı?” qorxusu və sistemə yadlıq hissi çox təbiidir. Bəzən insan öz emosiyasını ana dilində belə ifadə etməkdə çətinlik çəkir, qaldı ki, yad dildə bunu etsin. Bu da təbii olaraq çəkinmə yaradır. Burada düşüncə tərzi bir az dəyişməlidir: məqsəd mükəmməl ifadə olunmaq yox, anlaşılmaq üçün addım atmaqdır. Psixoloji dəstək prosesində dilin sadə olması kifayətdir, əsas olan insanın özünü təhlükəsiz hiss etməsidir. Digər tərəfdən, fərqli mədəniyyətdən olan mütəxəssis hər şeyi bizim kimi yaşamaya bilər, amma bu, faydalı olmayacağı demək deyil. Əksinə, bəzən kənar baxış insanın öz vəziyyətini daha aydın görməsinə kömək edir. Əsas məsələ ilk addımı atmaq və özünə “mən dəstəyə layiqəm” mesajını verməkdir. Ümumiyyətlə istər yad mühitdə, istərsə də öz ölkəndə kömək istəmək zəiflik deyil, psixoloji elastikliyin göstəricisidir. İnsan bu baryeri aşdıqca özünə inamı da artır.
Tövsiyələr və qızıl qaydalar
18. Valideynlər övladlarına bu prosesdə necə düzgün dəstək olmalıdır?
Valideynlər üçün ən çətin hiss övladını uzaqda buraxmaqdır, bunu çox yaxşı anlayıram. Amma burada əsas məsələ qorxu yox, güvən ötürməkdir. Daim narahatlıq mesajı vermək gəncin özünü daha da gərgin hiss etməsinə səbəb ola bilər. Valideynlər övladını dinləməli, dərhal məsləhət verməyə tələsməməli və onun emosiyalarını kiçiltməməlidir. “Keçər”, “sən güclüsən” deməkdənsə, “səni anlayıram” demək daha şəfalıdır. Lazım gəldikdə psixoloji dəstəyə açıq olmaq da sağlam valideyn mövqeyidir.
19. Xaricdə təhsil və işləmək istəyən gənclərə 5 əsas tövsiyəniz nə olardı?
-
Psixoloji hazırlığı ciddi qəbul edin. Bu yol yalnız akademik deyil, emosional səyahətdir.
-
Özünüz üçün sadə, davamlı və real rutin qurun. Rutin sinir sistemini sabit saxlayır.
-
Sosial əlaqələrdən qaçmayın. İnsan tək qaldıqca stres artır.
-
Çətinlikləri təkbaşına daşımalı olmadığınızı özünüzə tez-tez xatırladın. Dəstək almaq normaldır.
-
Öz kimliyinizi qoruyaraq uyğunlaşın. Sizi güclü edən də məhz bu balansdır.



