MÜSABİQƏ HAQQINDA
2016-cı ildən keçirilən Yer Müşahidəsi Müsabiqəsinin məqsədi peyk görüntülərinin köməyi ilə həyata keçirilən layihələrin inkişafını sürətləndirmək, ölkəmizdə elmi fəaliyyətləri asanlaşdırmaq, sosial-iqtisadi inkişafa töhfə vermək, Yer müşahidəsi xidmətləri və həllərinin müxtəlif sahələrdə tətbiq potensialını tanıtmaqdır. Təsdiqlənmiş iştirakçılara tədqiqat sahəsində müəyyən edilmiş problemlərin həlli üçün Azersky arxivindən peyk görüntüləri təqdim olunacaq.
KİMLƏR İŞTİRAK EDƏ BİLƏR?
18-35 yaş aralığında olan hər kəs müsabiqədə iştirak edə bilər. İştirakçıların ixtisas sahəsi və təcrübəsi ilə bağlı hər hansı tələb yoxdur. Müsabiqə universitet müəllim və tələbələri, elmi-tədqiqat institutlarının əməkdaşları, müstəqil tədqiqatçılar, dövlət və ya özəl sektor nümayəndələri və digər şəxslər üçün açıqdır.
NECƏ QOŞULMAQ OLAR?
Əvvəlcə iştirak formunu doldurub göndərməlisiniz. Bu formda şəxsi və əlaqə məlumatlarınızı, layihənin qısa təsvirini və peyk görüntüləri ilə işləyə bilib-bilmədiyinizi qeyd etməlisiniz. Ərizəniz uyğun hesab olunduğu təqdirdə sizə görüntü məlumatları və layihə təqdim etmə forması göndəriləcək. Bu sənədləri bizə təqdim etdikdən sonra emal olunmuş peyk görüntüləri sizə göndəriləcək və layihənizi 1 noyabr tarixinədək qiymətləndirilmək üçün təqdim etməlisiniz.
LAYİHƏM NƏ HAQQINDA OLMALIDIR?
Bu il müsabiqə “Gələcəyin Xəritəsi” mövzusu altında keçirilir. İştirakçılardan üç əsas istiqamət üzrə layihə təqdim etmələri gözlənilir: Qarabağın inkişafı, süni intellektlə yaradılan proqnoz modelləri və innovativ xəritə dizaynı. İlkin mərhələdə bu istiqamətlərə uyğun layihələrə üstünlük veriləcək. Digər əsas tələb isə layihənin real problem və onun həllini təqdim edən elmi tədqiqat yönümlü olmasıdır. Layihə xülasəsində iştirakçılar seçilən problemi aydın şəkildə göstərməli və peyk görüntüləri ilə süni intellekt alətlərindən bu problemin həllində necə istifadə olunacağını izah etməlidirlər. Layihə Azərbaycan Respublikasının sərhədləri daxilində istənilən bölgəni əhatə edə bilər.
NƏ VAXT ƏRİZƏ GÖNDƏRMƏLİYƏM?
Ərizə qəbulu artıq açılıb və 30 iyun tarixinədək davam edəcək. Bu tarixdən sonra daxil olan müraciətlər növbəti ilin müsabiqəsi çərçivəsində nəzərdən keçiriləcək.
MÜKAFATLAR NƏDİR?
İlk üç yerin qalibləri müvafiq olaraq 5000 AZN, 3000 AZN və 1500 AZN məbləğində mükafatlandırılacaqlar. Əlavə nominasiya üzrə də mükafatların təqdim olunması planlaşdırılır.
Vacib tarixlər:
- 1 may 2025 – Ərizələrin qəbulu başlayır
- 30 iyun 2025 – Ərizələrin qəbulu başa çatır
- 1 noyabr 2025 – Layihələrin təqdim olunması üçün son tarix
- 1 dekabr 2025 – Layihələrin qiymətləndirilməsi yekunlaşır