Motivasiya məktubu sizin haqqınızda məlumatları və iştirak etmək istədiyiniz proqram üçün motivasiyanızı özündə ehtiva edən bir məktubdur. Bu məktub sizin qoşulmaq istədiyiniz proqrama marağınızı, istəklərinizi və birbaşa müraciət etdiyiniz proqram haqqında bilgiləri göstərir. Təsəvvür edin ki, siz CV-nizi hansısa quruma təqdim etmisiniz və onlar sizi müsahibəyə dəvət ediblər. Əslində bu məktub sizin yazılı müsahibənizdir. Ona görə də seçiminiz baxımından böyük əhəmiyyət kəsb edir.
Motivasiya məktubunu oxuyub sizi seçəcək təşkilat motivasiya məktublarını araşdırıb könüllü və ya təcrübəçi seçəcəyi üçün özünüzü düzgün və aydın formada ifadə etməyiniz çox vacibdir.
Bəs motivasiya məktubunu necə yazmalıyıq və məktubu yazarkən nələrə diqqət etməliyik?
Təşkilatın sizi seçməsi üçün motivasiya məktubunun nə qədər vacib olduğundan danışdıq, ona görə də bu məktubun birinci abzasında aşağıdakı nüanslara diqqət etməlisiniz. Giriş paraqrafında özünüzü təsvir edən qısa cümlələr yaratmaq çox vacibdir. Özünüz haqqında məlumat (yaşınız, təhsiliniz və məşğuliyyətiniz) geniş məlumat vermək yaxşı olar.
İkinci abzasda hobbiniz və əvvəlki könüllü təcrübələriniz haqqında danışa bilərsiniz. Əgər əvvəllər xaricdə təcrübəniz olubsa, bunu qeyd edə bilərsiniz. Müraciət etdiyiniz proqramın baş tutacağı ölkəyə marağınız barədə danışa bilərsiniz. Güclü və zəif tərəflərinizi də qeyd etməyi unutmamalısınız. Universitetdə tələbə təşkilatlarında rol almısınızsa, onu yaza bilərsiniz. Məsələn, müraciət etdiyiniz proqram idmanla bağlı proqramdırsa, daha əvvəl iştirak etdiyiniz idman tədbirlərini və idmanla bağlı könüllülük təcrübənizi mütləq qeyd etməlisiniz. Niyə bu layihədə iştirak etmək istəyirsiniz? Bu suala dolğun şəkildə cavab vermək lazımdır.
Sonuncu paraqrafda bu proqramdan gözləntiləriniz nədir? Bu proqrama nə qata bilərsiniz? kimi suallara cavab vermək lazımdır. Məktubu oxuyanlara hiss etdirin ki, əgər layihə üçün seçilsəniz, orada uzun müddət qalacaq və işdən həzz alaraq motivasiyalı olacaqsınız. Bacarıqlarınızın müraciət etdiyiniz layihəyə uyğun olduğunu bildirin. Vida, sağollaşma sözlərinizlə yanaşı ad və soyadınızı da əlavə etməyi unutmayın.
Vacib Qeydlər:
- Hər layihəyə eyni motivasiya məktubu göndərməyin. Müxtəlif ölkələrdə müxtəlif mövzulu layihələr olacağı üçün hər layihə üçün eyni motivasiya olmaya bilər.
- Məktubun maksimum 1 səhifə olduğuna əmin olmalısınız. 1 səhifədən uzun motivasiya məktublarını oxumaq qarşı tərəf üçün çətin olacaq. 1 səhifədən də qısa motivasiya məktubu sizi kifayət qədər yaxşı ifadə etməyəcək.
- Layihəyə olan marağınızı onlara hiss etdirin, əlavə olaraq, ölkənin və ya şəhərin mədəniyyəti haqqında nəsə qeyd edə bilərsiniz.
- Motivasiya məktubunu başqasından kopyalamayın.
- Ailəniz haqqında yazmayın (ananız və atanız nə edir, harada işləyir və s.)
- Təşkilat niyə sizi layihə üçün seçməli olduğunu aydın şəkildə ifadə edin. Konkret olun, təkəbbür göstərmədən inandırıcı olun.
- Məsul şəxsin adını bilirsinizsə, məktubunuza həmin adla başlayın. Bu, həmişə məktubun ona şəxsən yaxınlaşdığını hiss edəcək, bu da müsbətdir.
- Həmişə müsbət cəhətlərinizlə başlayın, əgər sizdən mənfi cəhətləriniz barədə soruşsalar, qarşı tərəfə mənfi təsir göstərməyəcək mənfi xüsusiyyətlərinizdən danışın.
- Məktubunuzu müsbət və perspektivli şəkildə tərtib edin. Misal: “Mən öyrənməyə can atıram və özümü yeni iş situasiyalarına uyğunlaşdırmağa hazıram”…
- Yazdığınız cümlələri faktlar və təcrübələrlə əsaslandırmağa çalışın. Məsələn, şəxsi həyatınızdan, aşağıdakı təcrübələrdə olduğu kimi: “Mənim uşaqlara hazırlıq keçmək etmək və onlara motivasiya vermək üzrə 2 illik təcrübəm var.
- Müraciət etdiyiniz Təşkilat haqqında məlumat toplayın. Bu şəkildə maraq göstərsəniz və məktubunuzu təşkilatın ehtiyaclarına daha yaxşı uyğunlaşdırsanız, bu da sizi ön plana çıxaracaq.
- Özünüzü eyni təhsilli digər namizədlərdən necə fərqləndirdiyinizi izah edin.
Növbəti yazılarda görüşənədək,