Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və AZCON Holding-in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqram İT sahəsində təhsil alan sonuncu kurs bakalavr tələbələrinə akademik biliklərini real iş mühiti ilə birləşdirmək imkanı verir. 2026-cı ilin fevral – may aylarını əhatə edəcək proqram iştirakçılara müvafiq sahə üzrə təcrübəli mütəxəssislərlə birgə çalışmaq, onların bilik və bacarıqlarından yararlanmaq, həmçinin peşəkar iş mühitini yaxından tanımaq fürsəti yaradacaq.
Təcrübə dövründə iştirakçılar müxtəlif öyrənmə və inkişaf tədbirlərinə cəlb ediləcək, o cümlədən onlara mentorluq dəstəyi və rəqəmsal tədris platformalarına çıxış imkanları veriləcək.
Proqramın məqsədi:
Biliklərin tətbiqi
İnformasiya texnologiyaları sahəsində təhsil alan tələbələrə nəzəri biliklərini real iş mühitində praktiki tapşırıqlar üzərində tətbiq etmək imkanının yaradılması.
Mentorluq və inkişaf dəstəyi
Tələbələrin fərdi və peşəkar inkişafının təmin edilməsi məqsədilə onlara təcrübəli mütəxəssislər tərəfindən yumşaq bacarıqların inkişafına yönəlmiş təlimlər, mentorluq dəstəyi və rəqəmsal öyrənmə platformalarından istifadə imkanlarının təqdim edilməsi.
Karyera idarəetməsində dəstək
Gənclərin peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, məqsədyönlü karyera planlaşdırılmasının təşviqi və əmək bazarına inteqrasiyasının dəstəklənməsi.
Aylıq təqaüd
Proqram müddəti ərzində iştirakçıların motivasiyasını dəstəkləmək məqsədilə aylıq təqaüdün təqdim edilməsi.
Seçim mərhələləri
- Müraciətlərin proqrama uyğunluğunun ilkin qiymətləndirilməsi;
- Məntiqi təfəkkürün və analitik düşünmə qabiliyyətinin yoxlanılması üzrə imtahan;
- Müsahibə.
Qeyd:
Proqram, eyni zamanda ali təhsil müəssisələri tərəfindən zəruri hesab edilən “Diplomqabağı istehsalat təcrübəsi”ni də əhatə edir. Seçim prosesini uğurla keçən hər bir tələbə təhsil müəssisəsindəki akademik göstəriciləri, imtahan və müsahibə nəticələri nəzərə alınmaqla AZCON Holding şirkətlərindən birində və ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində təcrübəyə cəlb olunacaq. Tələbələrin təcrübə keçdiyi müəssisədən asılı olmayaraq onlara təqdim edilən imtiyaz və imkanlar bərabər əsaslarla təmin ediləcək.



