Türk Dövlətləri Təşkilatı (TDT) Təcrübə Proqramı
Şərtlər və Qaydalar
Türk Dövlətləri Təşkilatının (TDT) Təcrübə Proqramı universitet tələbələrinə praktiki təcrübə qazanmaq və TDT çərçivəsində regional əməkdaşlıq haqqında biliklərini genişləndirmək imkanı yaradır. Proqram çərçivəsində təcrübəçilər Katibliyin fəaliyyəti ilə yaxından tanış olacaq, həmçinin TDT-yə üzv və müşahidəçi dövlətlərlə əməkdaşlıq əsasında həyata keçirilən layihə və təşəbbüslərə töhfə verəcəklər.
Təcrübə Proqramının məqsədləri:
- tələbələrə akademik biliklərini katiblikdə praktiki iş təcrübəsi ilə zənginləşdirmək imkanı yaratmaq;
- iştirakçıları Türk Dövlətləri Təşkilatının məqsədləri, fəaliyyəti və institusional iş prinsipləri ilə tanış etmək;
- Katibliyin fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil alan yüksək akademik göstəricilərə malik tələbələrin bilik və bacarıqlarından faydalanmaq.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
- TDT-yə üzv dövlətlərdən (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və ya Özbəkistan) birinin vətəndaşı olmaq;
- Aşağıdakı ixtisaslardan biri üzrə bakalavr təhsilinin üçüncü və ya sonuncu kursunda təhsil almaq:
- Beynəlxalq Münasibətlər
- Beynəlxalq Hüquq
- Siyasi Elmlər
- İqtisadiyyat
- Media və Kommunikasiya
- Müraciət zamanı yaşı 26-dan çox olmamaq;
- İngilis dilini yüksək səviyyədə bilmək. TDT-yə üzv dövlətlərin bir və ya bir neçə rəsmi dilini bilmək üstünlük hesab olunur.
Müraciət üçün tələb olunan sənədlər
- CV (tərcümeyi-hal) – maksimum 1 səhifə;
- Doldurulmuş Təcrübə Proqramı Müraciət Forması;
- Təcrübə Proqramından gözləntilərini və akademik maraqlarını izah edən motivasiya məktubu – maksimum 1 səhifə.
Maliyyə dəstəyi
TDT Katibliyi təcrübəçilərə həftəlik 150 ABŞ dolları məbləğində təqaüd təqdim edir.
Səyahət, yaşayış, sığorta, viza (tətbiq olunduğu hallarda) və digər şəxsi xərclər təcrübəçilər və ya onları dəstəkləyən təşkilatlar tərəfindən qarşılanır.
Müraciət qaydası
Müraciətlər elektron şəkildə internship@turkicstates.org ünvanına göndərilməlidir. Müraciətlər 1 avqust 2026-cı il tarixinədək qəbul edilir.



