Texnologiya sahəsində beynəlxalq iş təcrübəsi qazanmaq istəyən tələbə və yeni məzunlar üçün HENNGE Qlobal Təcrübə Proqramı (Global Internship Program – GIP) 2026 üzrə müraciətlər açıq elan olunub.
Proqram Yaponiyanın Tokio şəhərində keçiriləcək və dünyanın müxtəlif ölkələrindən olan iştirakçılara beynəlxalq texnologiya şirkətində çalışmaq, müasir proqramlaşdırma texnologiyaları ilə praktiki təcrübə qazanmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı təqdim edir.
Proqram haqqında
HENNGE Qlobal Təcrübə Proqramı iki istiqamət üzrə təşkil olunur:
• Front-end Software Engineering
• Full Stack Software Engineering
İnformasiya texnologiyaları, kompüter elmləri və əlaqəli sahələr üzrə bakalavr, magistr və doktorantura pilləsində təhsil alan tələbələr, eləcə də yeni məzunlar proqrama müraciət edə bilərlər.
Seçilmiş iştirakçılar Tokio şəhərinin Şibuya rayonunda yerləşən HENNGE şirkətinin baş ofisində 4–6 həftə ərzində beynəlxalq komandada işləmək imkanı əldə edəcəklər.
Proqram iştirakçılara yalnız peşəkar deyil, həm də şəxsi inkişaf baxımından beynəlxalq və multikultural iş mühitində təcrübə qazanmaq imkanı yaradır.
Yapon dili tələb olunmur.
Proqramın üstünlüklərindən biri də iştirak üçün yapon dili biliyinin tələb edilməməsidir. İngilis dilində sərbəst ünsiyyət qura bilən namizədlər müraciət edə bilərlər.
Təcrübə proqramı çərçivəsində iştirakçılar Python, Go və TypeScript proqramlaşdırma dillərindən istifadə etməklə tətbiqlərin hazırlanması prosesində iştirak edəcək, həmçinin Amazon Web Services (AWS) kimi müasir bulud platformaları ilə işləmək bacarıqlarını inkişaf etdirəcəklər.
İştirakçılar hansı imkanları əldə edəcəklər?
HENNGE Qlobal Təcrübə Proqramı beynəlxalq tələbə və yeni məzunlara qlobal texnologiya şirkətində real layihələr üzərində işləmək imkanı yaradır.
İştirakçılar:
• Təcrübəli proqram mühəndisləri ilə əməkdaşlıq edəcək;
• Real proqram təminatı layihələrinin hazırlanmasında iştirak edəcəklər;
• Python, Go, TypeScript və AWS texnologiyaları üzrə praktiki bacarıqlar qazanacaqlar;
• Yaponiyanın innovativ iş mühiti və korporativ mədəniyyəti ilə yaxından tanış olacaqlar;
• Beynəlxalq peşəkar əlaqələrini genişləndirəcəklər.
Yüksək nəticə göstərən təcrübəçilərə proqramın sonunda HENNGE şirkətində tamştat iş təklifi təqdim oluna bilər.
Maliyyə dəstəyi
Proqram maaşlı olmasa da, iştirakla bağlı bütün əsas xərclər təşkilatçı tərəfindən qarşılanır.
Seçilmiş iştirakçılar aşağıdakı imkanlardan yararlanacaqlar:
• Aylıq maliyyə dəstəyi;
• Gediş-dönüş aviabileti;
• Pasport və viza prosedurları üzrə dəstək;
• Yaponiyada yaşamayan iştirakçılar üçün tibbi sığorta;
• İnternet paketli Yaponiya mobil nömrəsi;
• Şəbəkələşmə məqsədli naharlar;
• Aylıq texniki sessiyalar;
• Ofis imkanları, yüngül qidalar və korporativ tədbirlər;
• Yapon mədəniyyətinə həsr olunmuş müxtəlif tədbirlərdə iştirak imkanı.
Uyğunluq meyarları
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
• Bakalavr təhsilinin III kursunda və ya daha yuxarı təhsil pilləsində (magistr və doktorantura daxil olmaqla) təhsil almaq və ya yeni məzun olmaq;
• Kompüter elmləri və ya əlaqəli ixtisas üzrə təhsil almaq və ya texnologiya sahəsində ekvivalent praktiki təcrübəyə malik olmaq;
• İngilis dilini sərbəst bilmək;
• Linux, macOS və ya Unix tipli əməliyyat sistemləri ilə işləmək bacarığına malik olmaq;
• Açıq mənbə (Open Source) layihələrinə və texnologiya icmalarına maraq göstərmək;
• Full Stack istiqaməti üçün Python və ya Go, Front-End istiqaməti üçün isə TypeScript əsasında React və ya Vue texnologiyaları üzrə təcrübəyə malik olmaq;
• AWS və Terraform alətləri ilə tanışlıq;
• Full-stack veb proqramlaşdırma üzrə praktiki təcrübəyə sahib olmaq;
• Front-End istiqaməti üçün server tərəfli proqramlaşdırma üzrə əsas biliklərə malik olmaq;
• Yaponiyada karyera qurmağa maraq göstərmək.
Tələb olunan sənədlər
Müraciət zamanı aşağıdakı sənədlər təqdim edilməlidir:
• Motivasiya məktubu (Cover Letter);
• CV (Resume).
Müraciət prosesi
Müraciətlər yalnız onlayn qaydada qəbul edilir.
Namizədlər əvvəlcə rəsmi internet səhifəsində qeydiyyatdan keçərək seçdikləri təcrübə istiqamətini müəyyən etməlidirlər. Daha sonra qeydiyyat formasını doldurmalı, kodlaşdırma tapşırığını (Coding Challenge) yerinə yetirməli və CV ilə motivasiya məktubunu sistemə yükləməlidirlər.
İlkin seçim mərhələsini uğurla keçən namizədlər telefon müsahibəsinə, daha sonra isə onlayn müsahibəyə dəvət olunacaqlar.
Proqram üzrə yerlər məhdud olduğundan seçim “ilk müraciət edən – ilk qəbul olunan” prinsipi əsasında aparılır.
Proqram tarixləri
Front-End Pathway (5-ci qrup): 16 noyabr – 18 dekabr 2026
Full-Stack Pathway (1-ci qrup): 18 yanvar – 19 fevral 2027
Son müraciət tarixi
HENNGE Qlobal Təcrübə Proqramı üçün əvvəlcədən müəyyən edilmiş son müraciət tarixi yoxdur. Müraciətlər boş yerlər dolana qədər qəbul edilir. Buna görə də namizədlərə mümkün qədər erkən müraciət etmələri tövsiyə olunur.



