Academy Scholars Proqramı
Bu proqram sosial elmlər üzrə fəlsəfə doktoru (PhD) dərəcəsini yaxın zamanda əldə etmiş şəxslər və doktorantura təhsilinin son mərhələsində olan namizədlər üçün açıqdır.
Harvard Universitetinin Beynəlxalq və Ərazi Araşdırmaları Akademiyası sosial elmlər sahəsində innovativ tədqiqatları inkişaf etdirməklə yanaşı, dünyanın müxtəlif region və ölkələrinin təcrübələri və fəaliyyətləri haqqında ümumi biliklərimizi dərinləşdirməyə həsr olunub. Academy Scholars Proqramı akademik karyeralarının başlanğıc mərhələsində olan, sosial elmlərin hər hansı bir sahəsində yüksək elmi göstəriciləri həmin sahənin ABŞ və ya Kanadadan kənar ölkə və regionlarının dili, biliyi və ya ekspertizası ilə birləşdirən görkəmli tədqiqatçıları müəyyən edir və dəstəkləyir. Proqram iştirakçılarının elmi fəaliyyəti ənənəvi akademik sahələr arasındakı sərhədləri aşır, keçmiş və müasir dövrə aid müqayisəli, transmilli və daxili məsələləri araşdırır.
Academy Scholars proqramının iştirakçıları təşəbbüskarlıq, çeviklik və orijinallıq nümayiş etdirən, elmi fəaliyyətlərinin tədqiqat universitetlərində və ya beynəlxalq qurumlarda karyera qurmaq üçün möhkəm təməl vəd etdiyi seçilmiş tədqiqatçılar icmasıdır.
Academy Scholars Harvard Universitetinin ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində yerləşən Beynəlxalq və Ərazi Araşdırmaları Akademiyasında ikiillik, əyani iştirak tələb edən postdoktorantura proqramına qəbul edilirlər. Onlara seçdikləri sahə və regionlar üzrə genişmiqyaslı tədqiqat layihələri həyata keçirməyə və bacarıqlarını inkişaf etdirməyə imkan verən əhəmiyyətli maliyyə və tədqiqat dəstəyi göstərilir. İştirakçılar tədqiqatlarına innovativ, fənlərarası yanaşmalar tətbiq etmək məqsədilə şam yeməklərində, seminarlarda və qeyri-rəsmi görüşlərdə bir araya gəlirlər. Onlara Harvard Academy-nin baş tədqiqatçıları mentorluq edir. Bu alimlər həm seçim komitəsində iştirak edən, həm Harvard Academy-nin tədbirlərinə qatılan, həm də Academy Scholars proqramının iştirakçılarına potensiallarını reallaşdırmaqda dəstək göstərməyə sadiq olan professor-müəllim heyətinin üzvləridir.
Uyğunluq meyarları
Bu proqram çərçivəsindəki təqaüdlər 1 avqust 2027-ci il tarixində başlayacaq proqramdan əvvəlki iki il ərzində PhD və ya ona ekvivalent dərəcə əldə etmiş şəxslər, eləcə də sosial elmlər üzrə doktorantura təhsilinin son mərhələsində olan namizədlər üçün nəzərdə tutulub.
Dissertasiyasını tamamlamaq üzrə olan alimlər 1 avqust 2027-ci ildə başlayacaq proqram üçün dərəcələrinin verildiyini təsdiq edən sənədi 30 iyun 2027-ci il tarixinədək universitetlərinin qeydiyyat ofisi tərəfindən təqdim edilmiş formada göndərə bilməlidirlər.
Hazırda başqa postdoktorantura proqramında iştirak edən və ya belə bir proqramı artıq başa vurmuş şəxslər müraciət edə bilməzlər.
Proqramın şərtləri
Hər il beş-altı nəfər Academy Scholar ikiillik, əyani iştirak tələb edən proqram üçün seçilir. İştirakçılara illik 80 000 ABŞ dolları məbləğində təqaüd verilir. Bundan əlavə, illik 6 000 ABŞ dolları məbləğində tədqiqat dəstəyi göstərilir. İkiillik proqram üç il ərzində tamamlanmalıdır.
Təqaüd proqramının birinci ili postdoktorantura proqramı üzrə təklif aldıqdan sonra gələn ilk payız semestrindən gec olmayaraq başlamalıdır. Birinci ilin başlanmasının təxirə salınmasına və ya başqa tarixə keçirilməsinə icazə verilmir.
Birinci və ikinci illər arasında Academy Scholars proqramının iştirakçıları birdəfəlik, maksimum 12 aylıq məzuniyyət üçün müraciət edə bilərlər. Bu məzuniyyət yalnız tenure-track tipli müəllim vəzifəsini qəbul etmək və ya belə bir vəzifədə fəaliyyətlərini davam etdirmək məqsədilə verilə bilər. Başqa peşəkar səbəblərlə məzuniyyət götürülməsinə icazə verilmir.
Academy Scholars proqramının iştirakçıları proqramda olduqları müddətdə kənar maliyyə dəstəyi, mükafat və ya digər peşəkar öhdəlikləri qəbul edə bilməzlər.
İştirakçılara proqram müddətində Harvard Universitetində bir dərs tədris etmək təklif oluna bilər.
Müraciət qaydası
Bütün müraciət materialları 18 sentyabr 2026-cı il tarixinədək təqdim edilməlidir. Gecikmiş müraciətlər qəbul edilmir.
Tam müraciət paketinə aşağıdakılar daxildir:
• CV – nəşrlərin siyahısı da daxil olmaqla;
• Tədqiqat təklifi – maksimum 2 000 söz həcmində olmalı, elmi məqsədləri, həmçinin planlaşdırılan metodoloji və fənlərarası işi əhatə etməlidir;
• Bir elmi yazı nümunəsi – məsələn, PhD dissertasiyasının bir fəsli və ya resenziyadan keçmiş elmi jurnalda dərc olunmuş məqalə. Birgə müəllifliklə hazırlanmış mətnlər də qəbul edilir. Bunun üçün hər bir müəllifin töhfəsi aydın şəkildə göstərilməli və əsərin müəlliflərindən biri akademik rəhbər olmamalıdır. Yazı nümunəsi ingilis dilində olmalı və 50 səhifədən çox olmamalıdır;
• PhD proqramının transkripti;
• Üç tövsiyə məktubu – tövsiyə məktubları onlayn müraciət sistemi vasitəsilə tövsiyə edən şəxs tərəfindən birbaşa və məxfi şəkildə yüklənməlidir. Nəzərə almaq lazımdır ki, tövsiyə məktubunun yüklənməsi üçün keçid tövsiyə edən şəxsə yalnız müraciət təqdim edildikdən sonra göndərilir. Buna görə müraciətinizi buna uyğun planlaşdırmalısınız.
Müraciətin bütün hissələri, o cümlədən üç tövsiyə məktubu PDF formatında onlayn təqdim edilməlidir. Onlayn müraciət formasına Harvard Academy-nin internet səhifəsinin əsas bölməsində yerləşən “APPLY ONLINE” düyməsi vasitəsilə daxil olmaq mümkündür.
Tövsiyə məktubları istisna olmaqla, bütün materiallar 18 sentyabr 2026-cı il, saat 23:59 EDT-dək təqdim edilməlidir. Tövsiyə məktubları isə ən gec 28 sentyabr 2026-cı il, saat 23:59 EDT-dək daxil olmalıdır.
Seçim prosesi bundan dərhal sonra başlayır. Müraciət materialları tam olmayan namizədlər Seçim Komitəsi tərəfindən qiymətləndirilərkən əlverişsiz vəziyyətdə olurlar. Təqaüd proqramı üzrə nəticələrin 2026-cı ilin dekabr ayında elan ediləcəyi gözlənilir.
Suallarınızı applicationinquiries@wcfia.harvard.edu elektron poçt ünvanına göndərmək olar.
Təqdim etdiyiniz tədqiqat layihəsinə haşiyələr, son qeydlər və/və ya biblioqrafiya əlavə edə bilərsiniz, lakin bu, məcburi deyil. Əgər istinadlardan istifadə etsəniz, onlar tədqiqat layihəsi üçün müəyyən edilmiş 2 000 sözlük limitə daxil edilməyəcək.
Xarici universitetlərdən alınmış transkriptlərə dair
Xarici universitetlərdə təhsil alan namizədlərin müraciətlərini qiymətləndirən mütəxəssislər bu cür universitetlərdən təqdim olunan çoxsaylı müraciətləri nəzərdən keçirirlər. Buna görə də magistratura və PhD proqramları daxil olmaqla, iştirak etdiyiniz və ya hazırda təhsil aldığınız bütün magistratura səviyyəli proqramlar üzrə universitetinizin Qeydiyyat ofisinin təqdim edə biləcəyi mümkün qədər ətraflı, transkriptə bənzər rəsmi sənədlərin göndərilməsi xahiş olunur. Çox güman ki, universitetiniz bu cür sorğuları mütəmadi olaraq alır və tələb olunan sənədləri müraciətiniz əsasında sizə təqdim edə bilər.



