İlk dəfə iş axtarırsınız və CV hazırlayarkən “Təcrübə” bölməsinə baxıb nə yazacağınızı bilmirsiniz? Bir neçə dəqiqə sonra CV-ni bağlayıb “Mənim heç bir təcrübəm yoxdur” deyə düşünməyinizə ehtiyac yoxdur.
Çünki iş təcrübəsinin olmaması CV-də yazmağa heç nəyinizin olmadığı anlamına gəlmir.
Universitetdə hazırladığınız layihə, iştirak etdiyiniz tədbir, könüllü fəaliyyət, keçdiyiniz kurs, öyrəndiyiniz proqram və hətta şəxsi olaraq həyata keçirdiyiniz bir layihə belə işəgötürənə sizin haqqınızda müəyyən fikir verə bilər.
Əsas məsələ bunları düzgün təqdim etməkdir.
CV-də iş təcrübəsi yoxdursa, nə yazmalı?
İlk CV-ni hazırlayarkən ən çox edilən səhvlərdən biri “iş təcrübəm yoxdur” deyib CV-ni mümkün qədər boş saxlamaqdır. Əslində isə işəgötürən sizin harada işlədiyinizdən əlavə, nələri bacardığınızı və bu bacarıqları harada qazandığınızıda görmək istəyir.
Bəs bunu CV-də necə göstərmək olar?
1. Təhsilinizlə başlayın
Əgər yeni məzunsunuzsa və ya hələ tələbəsinizsə, təhsil bölməsini ön plana çıxara bilərsiniz.
Universitetin, ixtisasınızın adını və təhsil aldığınız illəri yazın. Bununla kifayətlənməyib ixtisasınızla bağlı maraqlı layihə və ya akademik fəaliyyətləriniz varsa, onları da qeyd edin.
Beləliklə, “Mən heç vaxt işləməmişəm” fikri əvəzinə, “Mən artıq bu sahə ilə bağlı müəyyən işlər görmüşəm” mesajını verirsiniz.
2. Könüllülük fəaliyyətini kiçik görməyin
Könüllü fəaliyyət “sadəcə tədbirdə iştirak etmək” deyil. Burada qazandığınız təcrübələr gələcək işiniz üçün kifayət qədər faydalı ola bilər.
Məsələn, tədbirin təşkilinə kömək etmisiniz, iştirakçılarla ünsiyyət qurmusunuz, sosial media üçün məzmun hazırlamısınız və ya komanda daxilində müəyyən məsuliyyət daşımısınızsa, bunları CV-də göstərin.
Sadəcə “Könüllü – 2025” yazmaq əvəzinə, könüllülük fəaliyyəti çərçivəsində gördüyünüz işləri qısa şəkildə qeyd edin.
Məsələn:
“Tədbirlərin təşkilində iştirak etmiş, iştirakçıların qeydiyyatı və məlumatlandırılması prosesinə dəstək göstərmişəm.”
Bu, işəgötürənə sizin nə etdiyinizi daha aydın göstərir.
3. Təcrübə proqramları da təcrübədir
Bir şirkətdə aylarla işləməsəniz belə, təcrübə proqramında iştirak etmisinizsə, bunu CV-dən çıxarmayın.
Təcrübə müddətində gördüyünüz işləri mümkün qədər konkret yazın.
Bu məlumatlar işəgötürənə sizin real iş mühiti ilə tanış olduğunuzu göstərir.

4. Kursları sadəcə siyahıya çevirməyin
CV-də 10-15 kursun adını yazmaq sizi avtomatik olaraq daha güclü namizəd etmir.
Əsas məsələ hansı kursların müraciət etdiyiniz işə aid olmasıdır.
Məsələn, marketinq üzrə vakansiyaya müraciət edirsinizsə, rəqəmsal marketinq, SMM və analitika üzrə keçdiyiniz kursları ön plana çıxarmaq daha məntiqlidir.
Kursun adını, təşkilatçını və varsa sertifikat məlumatını qeyd edə bilərsiniz.
5. “Bacarıqlarım yoxdur” deməyin
İlk dəfə iş axtaranların çoxu “Mənim heç bir xüsusi bacarığım yoxdur” düşünür. Əslində isə gündəlik və tələbəlik həyatında istifadə etdiyiniz bir çox bacarıq iş üçün də faydalı ola bilər.
Məsələn:
• Komanda ilə işləmək
• Vaxtı düzgün idarə etmək
• Araşdırma aparmaq
• Mətn yazmaq
• Təqdimat hazırlamaq
• Sosial media ilə işləmək
• Microsoft Office proqramlarından istifadə
• Qrafik dizayn proqramları
• Ünsiyyət qurmaq
Amma burada bir vacib məqam var: bacarmadığınız proqramı və ya biliyi CV-yə yazmayın.
Çünki CV-də qeyd etdiyiniz bacarıq müsahibə zamanı sizdən soruşula bilər.
6. Özünüz hazırladığınız layihələri göstərin
Bəlkə də ən çox gözdən qaçan məqamlardan biri budur.
Heç bir şirkətdə işləməsəniz də, özünüz üçün nəsə hazırlamısınızsa, bunu CV-də göstərə bilərsiniz.
Məsələn:
• Bloq yazıları hazırlamısınız;
• Sosial media səhifəsi idarə etmisiniz;
• Dizayn işləri hazırlamısınız;
• Video montaj etmisiniz;
• Araşdırma aparmısınız;
• Sayt və ya layihə yaratmısınız;
• Universitet üçün böyük bir layihə hazırlamısınız.
Bunlar rəsmi iş təcrübəsi olmaya bilər, amma praktiki fəaliyyətinizi göstərir.

Bəs “Təcrübə” bölməsini boş qoymaq olar?
Bəli, əgər həqiqətən heç bir iş, təcrübə proqramı və ya əlaqəli fəaliyyətiniz olmayıbsa, bu bölməni uydurma məlumatlarla doldurmaq lazım deyil.
Əvəzində CV-də Təhsil, Layihələr, Könüllülük fəaliyyəti, Kurslar və Bacarıqlar bölmələrini daha dolğun hazırlayın.
Ən vacibi isə CV-ni müraciət etdiyiniz vakansiyaya uyğunlaşdırmaqdır.
CV-də nəyi yazmaq olmaz?
İşə düzəlmək istəyirsiniz deyə təcrübənizi şişirtməyin.
Heç vaxt işləmədiyiniz şirkətin adını yazmaq, bilmədiyiniz proqramı “yaxşı bilirəm” kimi göstərmək və iştirak etmədiyiniz layihəni CV-yə əlavə etmək sonradan sizin əleyhinizə işləyə bilər.
Həmçinin CV-ni “çox şey yazım ki, dolu görünsün” prinsipi ilə hazırlamaq düzgün deyil.
Yaxşı CV uzun CV deyil. Yaxşı CV namizəd haqqında lazımi məlumatı qısa və aydın şəkildə verən CV-dir.
İlk CV-ni hazırlayanlar üçün kiçik formul
Əgər CV-yə haradan başlayacağınızı bilmirsinizsə, bu ardıcıllıqdan istifadə edə bilərsiniz:
Təhsil → Layihələr → Könüllülük/Təcrübə → Kurslar və sertifikatlar → Bacarıqlar → Dil bilikləri
Əlbəttə, bütün bölmələri əlavə etmək məcburi deyil. Sizə aid olan və müraciət etdiyiniz vəzifə üçün faydalı məlumatları seçmək kifayətdir.
Unutmayın
İlk işə müraciət edərkən CV-də böyük şirkətlərin və uzun illik iş təcrübəsinin olmaması normaldır. İşəgötürən sizin artıq peşəkar olduğunuzu deyil, öyrənməyə və işləməyə hazır olduğunuzu göstərən əsasları görmək istəyir.
Ona görə də CV-ni hazırlayarkən “Mənim təcrübəm yoxdur” cümləsindən yox, “Bu sahədə özümü inkişaf etdirmək üçün nələr etmişəm?” sualından başlayın.
Bəzən CV-də bir neçə sətirlik layihə və ya könüllülük fəaliyyəti belə işəgötürənin sizin haqqınızda ilk təsəvvürünü dəyişə bilər.



