1. Özünüzü qısa şəkildə necə təqdim edərdiniz?
Qısa olaraq, mən Fatimə Allahverdiyeva. 2024-cü ildə 670,5 bal toplayaraq ADA Universitetinin Hüquq ixtisasına qəbul olmuşam. Ancaq həmin il FLEX proqramında qalib olduğum üçün təhsilimə bir il gec başlamışam. Hazırda Hüquq ixtisasında təhsil alıram. Özümü yeniliklərə açıq, risk etməyi və yeni şeylər sınamağı sevən biri kimi təsvir edə bilərəm.
2. FLEX proqramının qeydiyyat prosesi hansı mərhələlərdən ibarətdir?
FLEX (Future Leaders Exchange Program) ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi, mədəniyyət və təhsil yönümlü, bir tədris ilini əhatə edən mübadilə proqramıdır. Qeydiyyat prosesi avqust-sentyabr aylarında başlayır və seçimlər 11-ci sinif müddətində davam edir. İlk olaraq qeydiyyat forması doldurulur. Bunun üçün müəyyən vaxt ərzində tələb olunan məlumatlar və suallara cavablar yazılmalıdır. Uğurla keçdiyimiz təqdirdə, növbəti mərhələdə host ailəyə məktub yazırıq. Düşünürəm ki, bu, seçim prosesinin əsas mərhələlərindən biridir.
Daha sonra, yaşayış yerindən asılı olaraq, əyani və ya onlayn esse mərhələləri və müsahibələrdən keçmək tələb olunur. Ən sonda, yaz aylarında nəticələr elan olunur. Daha sonra isə bizim üçün host ailələr müəyyənləşdirilir və digər sənəd işlərinə başlanılır. Bu mərhələlər zaman baxımından müəyyən qədər dəyişə bilər.
3. Sizcə, seçim zamanı ən çox nəyə diqqət yetirilir?
Düşünürəm ki, seçim zamanı ən çox bizim nə dərəcədə hazır olduğumuza diqqət yetirilir. Çünki məlum məsələdir ki, biz birbaşa olduğumuz mühiti dəyişirik və orada hər hansı çətinliklə qarşılaşanda, fərqli situasiyalarla üz-üzə gələndə onlara necə reaksiya verməli olduğumuzu bilməliyik. Eyni zamanda, biz orada təkcə özümüzü təmsil etmirik. Həm öz mədəniyyətimizi təqdim etməliyik, həm də həmin mədəniyyət haqqında kifayət qədər məlumatlı olmalıyıq. Buna görə də, bütün bunların öhdəsindən nə dərəcədə uğurla gələ biləcəyimiz yoxlanılır.

4. Hazırlıq üçün nələr etdiniz? Digər namizədlərə nə tövsiyə edərdiniz?
Ümumiyyətlə, bu prosesə hazırlıqla bağlı ən çox tövsiyə edəcəyim şey kifayət qədər aktiv olmaqdır. Çünki siz esse və müsahibə mərhələlərində olarkən, həmin vaxta qədər qarşılaşdığınız vəziyyətlər, atdığınız addımlar, tapdığınız çıxış yolları və bunları izah etmək bacarığınız sizin köməyinizə gələcək. Ona görə də kifayət qədər könüllülük fəaliyyətlərində, layihələrdə iştirak edin. Fəaliyyətiniz nə qədər çox olsa, qarşılaşdığınız hadisələr və onlara verdiyiniz reaksiyalar da bir o qədər formalaşacaq. Siz də verilən suallara həmin təcrübələrinizdən çıxış edərək cavab verə biləcəksiniz.
Əlbəttə ki, bundan əlavə, ən çox tövsiyə edəcəyim şey ingilis dilinizi inkişaf etdirməkdir. Burada söhbət dilin mükəmməl olmasından getmir. Ancaq məlum məsələdir ki, esselər və müsahibə mərhələsi, demək olar ki, hamısı ingilis dilində olur. Siz orada özünüzü ingilis dilində ifadə etməli, düşüncələrinizi çatdırmalı və ünsiyyət qurmağı bacarmalısınız. Buna görə də bacardığınız qədər ingilis dilinizi inkişaf etdirin.
5. Müsahibədə deyilir ki, həm Azərbaycan, həm də ingilis dillərində cavab verə bilərsiniz. Hətta müsahibədə bir nəfər azərbaycanlı olur. Sizcə, bu sadəcə müraciətçini yoxlamaq üçündür? Yəni azərbaycanca cavab vermək nəticəyə müsbət və ya mənfi təsir edə bilərmi?
Davamlı olaraq Azərbaycan dilində cavab vermək mənfi təsir göstərə bilər. Lakin burada əsas məsələ verilən cavabın nə dərəcədə keyfiyyətli olmasıdır. Əgər cavab verərkən çox yaxşı bir ideyanız varsa, lakin onu ingilis dilində ifadə edə bilmirsinizsə, Azərbaycan dilinə müraciət etməyə icazə verirlər.
Amma bunun davamlı olması mənfi təsir göstərə bilər. Çünki onların yoxlamaq istədikləri əsas məsələlərdən biri sizin özünüzü ingilis dilində nə dərəcədə rahat ifadə edə bilməyinizdir. Azərbaycan dilindən çox az istifadə etməyiniz isə düşünürəm ki, o qədər də ciddi təsir göstərməz.
6. Qalib olduğunuzu öyrənəndə ilk reaksiyanız necə oldu?
Bu xəbəri alanda məşğələdə idim. Biz bilirdik ki, həmin müddət ərzində bizə xəbər ediləcək, amma mən bunu gözləmirdim. Zəng gəldi, mən çölə çıxdım və geri zəng etdim. Mənə finalist olduğumu dedilər. Artıq ondan sonrakı cümlələr öz əhəmiyyətini itirdi. Həyəcan, xoşbəxtlik və bacardığım üçün qürur hissi keçirdim.
Əlbəttə, sonra bir daha xahiş etdim ki, sənədlər və digər məlumatlar mənə göndərilsin. Bundan sonra birbaşa valideynlərimə zəng etdim. Əvvəlcə anama, daha sonra atama xəbər verdim ki, seçilmişəm. Daha sonra tövsiyə məktubumu yazan müəllimimə də xəbər verdim və sevincimizi birlikdə qeyd etdik. Çox gözəl hisslər idi. İlk olaraq bu həyəcanı özüm yaşadım, daha sonra isə hər kəsə xəbər verdim. Düşünürəm ki, çox gözəl bir duyğu idi.
7. ABŞ-yə ilk getdiyiniz gün hansı hissləri keçirdiniz?
Əlbəttə, çox uzun yol, hazırlıqlar və gözləntilərimə görə çox yorulmuşdum. Amma bir tərəfdən də çox həyəcanlı idim. Necə qarşılanacağam?, necə olacaq? deyə suallar beynimdə dolanırdı. Mən gedəndə aeroportda məni ev yoldaşım, eyni zamanda ən yaxın dostlarımdan biri, Pakistandan olan otaq yoldaşım və host anam qarşıladılar. Məni çox gülərüzlə qarşıladılar və mən də çox sevinmişdim.
Ancaq o qədər yorğun idim ki, sadəcə evə gəlib yatmaq istəyirdim. Sonrakı iki-üç gündə də günün əsas hissəsini yatırdım. Eyni zamanda, ailə ilə tanış olmağa və onlarla yaxınlaşmağa çalışırdım. Qızlarla da yaxınlaşdıq və tanış olduq. Getdiyimiz yerlər boyunca şəhəri tanımağa və ona alışmağa çalışırdım, çünki bilirdim ki, bu yollarla bir il ərzində dəfələrlə gedib-gələcəyəm. Maraqlı idi. Ümumiyyətlə, ilk həftə çox həyəcanlı keçdi, çünki fərqli bir mühitdə idim və hər şey mənim üçün yeni idi.

8. İlk günlərdə adaptasiya prosesi necə keçdi?
Düşünürəm ki, adaptasiya prosesi finalistdən finalistə və düşdüyümüz mühitə görə dəyişir. Çünki bəzilərimiz ora gedəndə artıq məktəblər başlamışdı, bəzilərimizdə isə məktəb bir həftə ərzində, bəzilərimizdə isə müəyyən müddət sonra başlayacaqdı. Mənim məktəbin başlamasına 15 gün qalmışdı. Ona görə də həmin müddət ərzində ailəmlə daha yaxın oldum, otaq yoldaşımla daha yaxşı tanış oldum və birlikdə gəzə bildik. Bu baxımdan düşünürəm ki, yaxşı təsir etdi.
Ancaq mənim ümumi adaptasiya müddətim təxminən iki ay davam etdi. Çünki məktəblər açıldıqdan sonra məktəbə gedib-gəlmək və dərs sisteminə öyrəşmək müəyyən qədər vaxt aldı. Adaptasiya müddətində ən çox tövsiyə edə biləcəyim şey budur ki, nə qədər bacarırsınızsa, bir o qədər ünsiyyət qurmağa çalışın və danışmaqdan qorxmayın.
9. İki ölkə arasındakı ən böyük mədəni fərqlər hansılar idi?
Düşünürəm ki, hansı başqa ölkəyə getsəydim, yenə də müəyyən mədəni fərqlər olardı. Amerikada da mədəni fərqlər çox idi, amma deməzdim ki, onlara öyrəşmək çətin idi. Kiçik fərqlər olsa da, bəlkə də onları Amerika filmlərində gördüyümüz üçün öyrəşmək bizə bir o qədər çətin gəlmirdi.
Amma bizim qeyd etmədiyimiz Christmas və Halloween kimi bayramların qeyd olunması fərqli idi. İnsanların bir-birini tanımadan belə ünsiyyət qurması, yolda qarşılaşarkən bir-biri ilə salamlaşması, evdə yemək mədəniyyəti kimi fərqlər var idi. Lakin düşünürəm ki, bunlar həmin ölkəni gözəlləşdirən fərqlər idi. Əlbəttə, onların hər birini öz xüsusiyyətlərimə əlavə etməmişəm, amma bunları görmək də mənim üçün maraqlı bir təcrübə idi.
10. Host family ilə ilk tanışlığınız necə baş verdi, onlarla münasibətinizi necə formalaşdırdınız?
Mən əvvəlcə Vaşinqtona, daha sonra isə Miçiqan ştatına getdim. Ailəm Miçiqanda yaşayırdı. Məni hava limanında host anam, rəfiqəm və otaq yoldaşım qarşıladılar. Orada tanış olduq, çamadanları götürüb evə getdik. Daha sonra yavaş-yavaş host bacılarımla tanış oldum və onların hər birinin xüsusiyyətlərini öyrənməyə başladım.
11. Hələ də host family ilə əlaqə saxlayırsınızmı?
Nəinki host family ilə, orada tanış olduğum müxtəlif rəfiqələrimlə, hətta müəllimlərimlə də hələ də əlaqə saxlayıram. Bu, çox gözəl hissdir ki, dünyanın digər tərəfində yaşayan insanlarla münasibətlərin davam edir və bir-birinizlə əlaqə saxlaya bilirsiniz.
Xüsusilə, yaşadığım ştatda bir çox millətdən insanlar yaşayırdı. Dünyanın bir çox ölkəsindən olan, mənim üçün çox yaxın dostlara çevrilən, Argentinadan, Dominik Respublikasından və Meksikadan olan dostlarımla da hələ də əlaqəm davam edir.
12. Gündəlik həyatınız necə keçirdi?
Ümumiyyətlə, məktəb başladıqdan sonra günümüzün əksər hissəsini məktəbdə, məktəbdən sonrakı fəaliyyətlərdə, klublarda və layihələrdə keçirirdik. Evə gəldikdən sonra isə bizim də müəyyən məsuliyyətlərimiz var idi, çünki ailənin bir parçası kimi idik. Daha sonra, az da olsa, məktəb dərsləri ilə məşğul olurdum. Həftə sonlarımızı isə daha fərqli keçirməyə çalışırdıq və müxtəlif yerlərə gedirdik.
13. ABŞ-də öyrəndiyiniz ən dəyərli şey nə olub?
Bu suala çox geniş cavab vermək olar, çünki çox şey öyrənmişəm. Mənim yaşadığım ailə və icma Afro-Amerikan icması idi. Mən hər zaman musiqiyə və incəsənətə maraqlı olmuşam. Amma onlarda gördüyüm rəqs və musiqi həvəsi məndə fərqli hisslər yaratdı.
İstər məktəbdə, istər ailədə, istərsə də qarşılaşdığım insanlarda o sevinci və musiqi sevgisini çox dərindən hiss etmişəm. Bu mənə öyrətdi ki, həyatda daha xoşbəxt yaşamaq üçün həyatımıza incəsənəti daxil etməliyik. Eyni zamanda, mənəvi cəhətdən düşündükdə, hisslərimizin nə qədər əhəmiyyətli olduğunu öyrənmişəm. Hisslərimiz, əslində, faktlar qədər dəyərlidir. Hər kəsə empatiya ilə yanaşmalı və onların hisslərini önəmli hesab etməliyik.

14. Oxuduğunuz məktəb haqqında danışa bilərsinizmi? Amerikadakı tədris prosesi Azərbaycandakı sistemdən nə ilə fərqlənir?
Mən River Rouge High School-da 12-ci sinifdə təhsil almışam və Miçiqan ştatının məzun diplomunu almışam. Tədris prosesi Azərbaycandakı sistemdən tamamilə fərqlənir. Qısaca izah etməyə çalışsam, Amerikada, məhdud sayda istisnalar olmaqla, əksər dərslərimizi özümüz seçə bilirdik. İstədiyimiz və bizə maraqlı olan sahələr üzrə fənləri götürə bilirdik.
Həmin fənlərin əksəriyyəti texniki, idman və incəsənət yönümlü idi. Yəni insanın özünü müxtəlif sahələrdə sınaya biləcəyi fənlər idi. Akademik cəhətdən çox çətin olmasa da, insanın sosial bacarıqlarını formalaşdırması üçün çox vacib olan dərslər keçirilirdi.
Öz istədiyimiz fənləri seçmək böyük əhəmiyyət kəsb edirdi. Dərslərin tədris metodu da bizimkindən olduqca fərqli idi və daha çox praktiki yönümlü idi. Müəllim-şagird münasibətləri daha dostcasına və yaxın idi. Buna görə də daha isti münasibət yaranırdı və müəllimlərlə istənilən mövzuda rahatlıqla danışa bilirdik.
İdman fənləri də çox əhəmiyyətli idi. Aşağı siniflərdən yuxarı siniflərə qədər demək olar ki, hər kəs bir idman növü ilə məşğul olurdu.
15. Ev üçün darıxdığınız vaxtlar olubmu? Olubsa, bunun öhdəsindən necə gəlirdiniz?
Əlbəttə. Xüsusilə bayram ərəfələrində, məsələn, Novruz və bizim qeyd etdiyimiz digər bayramlar zamanı ev üçün daha çox darıxırdım. Lakin normal vaxtlarda ailəmlə əlaqə saxlayırdım. Eyni zamanda, yaşadığım yerdə müxtəlif fəaliyyətlərlə məşğul olmağa çalışırdım ki, özümü məşğul edim. Amma düşünürəm ki, ailəsindən daim uzaqda yaşayan biri kimi bunun öhdəsindən çox yaxşı gəlməyi bacarmışam.
16. Dil və ya mədəniyyət baxımından hansı çətinliklərlə qarşılaşırdınız?
Mədəniyyət baxımından çox multikultural bir ştatda təhsil almışam. Təhsil aldığım məktəbdə dünyanın 10-dan çox ölkəsindən olan tələbələr təhsil alırdı. Buna görə də müxtəlif mədəniyyətlərdən və müxtəlif dinlərdən olan insanlarla bir yerdə olmuşam. Bunun çətinlik olduğunu düşünmürəm, əksinə, çox gözəl olduğunu düşünürəm.
Dil baxımından ilk vaxtlarda bir qədər çətin idi. Aylar keçdikcə daha rahat ünsiyyət qurmağa və insanları daha asan başa düşməyə başladım və hər şey daha asanlaşdı. Düşünürəm ki, bunların hamısı çətinlikdən daha çox inkişaf idi.
17. FLEX həyatınızı hansı istiqamətdə dəyişdi? Dünyagörüşünüzdə və həyata baxışınızda hansı dəyişikliklər baş verdi?
FLEX həyatımda istər təhsil, istər dünyagörüşüm, istərsə də gələcək həyatım üçün çox müsbət bir addım oldu. Özümü əvvəllər gördüyümdən tamamilə fərqli bir mühitdə və müxtəlif situasiyalarda gördüyüm, daha fərqli bir mən ilə tanış olduğum bir dövr oldu.
Əlbəttə, həm dilimin inkişaf etməsi, həm də müxtəlif millətlərdən olan insanlarla ünsiyyət qurmağım mənə çox müsbət təsir etdi. Bir sözlə, FLEX-in mənə müsbət mənada qatdıqları saymaqla bitməz və sözlə ifadə etmək olmaz.
18. FLEX-ə müraciət etmək istəyən şagirdlərə ən vacib məsləhətiniz nə olardı?
Əvvəlcə qeyd etdiyim kimi, ingilis dilinizi inkişaf etdirməyə çalışın. Çoxlu təcrübələr qazanın, bacardığınız qədər könüllülük fəaliyyətlərində iştirak edin və aktiv olun ki, təcrübəniz artsın.
Ən əsas məsələlərdən biri də müraciət prosesində daim özünüz olmağınızdır. Özünüzü ən yaxşı şəkildə təqdim etməyi bacarın. Öz xüsusiyyətlərinizi və kimliyinizi açıq şəkildə ifadə edin. Bundan qətiyyən çəkinməyin. Çünki əsl liderin və FLEX proqramının tələb etdiyi əsas xüsusiyyətlərdən biri özünü tam şəkildə qəbul etmək və başqalarının da müxtəlifliyini qəbul etməkdir.
Ona görə də müxtəlifliklərə açıq olun və hadisələrə fərqli pəncərələrdən baxmağı bacarın.
19. Sizcə, bu proqram kimlər üçün daha uyğundur?
Bu proqram müxtəlif vəziyyətlərdə və çətin situasiyalarda çıxış yolu tapmağı bacaran, yaradıcı düşüncəyə sahib olan, psixologiyası və düşüncələri yeni mədəniyyətlərə və yeni insanlara açıq olan şagirdlər üçün uyğundur.
Əlbəttə, özünü daha fərqli bir mühitdə görmək istəyən şagirdlər üçün də əla seçimdir. Çünki onlar tamamilə fərqli təcrübələrlə qarşılaşacaqlar.
Ancaq hər zaman deyirik ki, FLEX fərqliliklərə çox açıq olan bir proqramdır. Əsas məsələ öz dünyagörüşün, yaradıcılığın və təcrübələrinlə olduğun yerə öz gözəlliyini və fərqliliyini gətirməyi bacarmaq, eyni zamanda oradan da həyatın üçün önəmli xüsusiyyətləri götürə bilməkdir. Məhz bu şəxslər proqram üçün ən ideal namizədlərdir.
20. Bir il ərzində qazandığınız ən böyük dərs nə oldu?
Ümumiyyətlə, əksəriyyətimiz üçün bu dərslər proqramdan qayıtdıqdan sonra fərqli situasiyalarla qarşılaşdıqda daha aydın olur. Onlardan biri budur ki, həyatda həmişə müəyyən hədəflərimiz olur, müəyyən məqsədlərə çatmaq istəyirik və onlar üçün can atırıq. Lakin unutmamalı olduğumuz bir şey var: nail olmaq istədiyimiz şeyin bizə xoşbəxtlik və hüzur gətirəcəyinə qəlbən inanmalıyıq.
Son zamanlarda oxuduğum bir kitabda da bunun təsdiqini tapdım: “Həyatda iki şeyə nail olmağa çalışın. Birincisi, qəlbən arzuladığınız hədəf nədirsə, ona can atın. İkincisi isə həmin məqsədə çatdıqda xoşbəxt ola biləsiniz və onun gətirdiyi xoşbəxtliyi hiss edə biləsiniz.”
Düşünürəm ki, bu, çox önəmlidir. Atdığınız addımların nəticəsində xoşbəxtlik əldə edəcəyinizi bilmək və bu xoşbəxtliyi yaşaya bilmək bizim üçün ən böyük uğurdur.




