spot_img
HomeElan və XəbərlərTəhsilQlobal geriləmə fonunda Azərbaycan PISA 2025-də nəticələrini yüksəldib
spot_img

Qlobal geriləmə fonunda Azərbaycan PISA 2025-də nəticələrini yüksəldib

PISA 2025 nəticələri dünya üzrə şagird nailiyyətlərində geriləmə meylinin davam etdiyini göstərsə də, Azərbaycan müsbət dinamika nümayiş etdirən ölkələr sırasında yer alıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqladığı PISA 2025 nəticələrinə əsasən, xüsusilə oxu və riyaziyyat üzrə göstəricilər beynəlxalq səviyyədə aşağı düşüb. OECD ölkələrində hər iki istiqamət üzrə orta nəticələr PISA tarixində qeydə alınan ən aşağı səviyyəyə enib.

PISA 2025-də ümumilikdə 91 ölkə və iqtisadiyyat iştirak edib. Müqayisəli göstəricilərə əsasən, əvvəlki qiymətləndirmə dövründə də iştirak edənlər arasında 62-də nəticələr geriləyib, yalnız 16-da yüksəliş qeydə alınıb. 13 iştirakçı isə əvvəlki PISA dövründə təmsil olunmadığından müqayisəyə daxil edilməyib.

Belə bir qlobal tendensiya fonunda Azərbaycan göstəricilərində müsbət dinamika müşahidə olunub. Azərbaycan oxu, riyaziyyat və təbiət elmləri üzrə əvvəlki nəticələrlə müqayisədə əhəmiyyətli irəliləyiş göstərərək hər üç istiqamət üzrə ən böyük yüksəliş nümayiş etdirən ölkələr sırasında yer alıb və ümumi irəliləyiş baxımından dünyada ikinci olub.

Müqayisəli nəticələrdə riyaziyyat üzrə 63, təbiət elmləri üzrə 60, oxu üzrə isə 40 ballıq yüksəliş qeydə alınıb. PISA 2025-də Azərbaycan üzrə orta göstərici riyaziyyatda 422, təbiət elmlərində 409, oxuda isə 374 bal təşkil edib.

PISA 2025 Azərbaycanın qiymətləndirmədə iştirak miqyasının genişlənməsi ilə də əvvəlki dövrlərdən fərqlənib. Əvvəlki PISA tədqiqatlarında Azərbaycanı yalnız Bakı məktəbləri təmsil etdiyi halda, 2025-ci ildə tədqiqat ilk dəfə ölkə üzrə genişmiqyaslı keçirilib. Müxtəlif iqtisadi rayonlardakı şəhər və kənd məktəblərindən ümumilikdə 241 məktəb və 7 432 şagird qiymətləndirməyə cəlb olunub.

Bu baxımdan, 2025-ci ilin ölkə üzrə ümumi göstəricilərinin əvvəlki illərin yalnız Bakı məktəblərini əhatə edən nəticələri ilə birbaşa müqayisəsində iştirak coğrafiyasındakı dəyişiklik də nəzərə alınmalıdır.

Qeyd edək ki, PISA OECD tərəfindən üç ildən bir keçirilən və 15 yaşlı şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə biliklərini real həyat situasiyalarında tətbiq etmək bacarığını qiymətləndirən beynəlxalq tədqiqatdır. PISA 2025-də dünya üzrə 760 mindən çox şagird iştirak edib.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar