Career Bridge-in bu dəfəki müsahibi Erasmus Mundus proqramına qəbul olmuş, birinci ili İtaliyada, ikinci il il isə İspaniyada təhsil alan Nuray Məmmədzadədir. Nuray xanıma ilk sualımız bu proqram haqqında ilk dəfə necə məlumatlandığı barədədir.
Erasmus Mundus proqramı haqqında ilk dəfə necə məlumat aldınız və sizi
müraciət etməyə motivasiya edən nə oldu?
– Mən Erasmus Mundus proqramını öyrənəndə bakalavr təhsilimin 2-ci kursunda təhsil
alırdım. Həm yaxın ətrafım, həm də universitetimin saytında olan elanlar sayəsində
Erasmus Mundus proqramı ilə tanış oldum. İlk başda proqramın adı maraqlı gəldi və
Avropanın ən azı iki ölkəsində təhsil ala bilmək şansının olduğunu görəndə çox
həyəcanlandım. Çünki bir ixtisası müxtəlif ölkələrdə öyrənmək şansı möhtəşəmdir. Bu
məni ilk andan özünə çəkdi. Sonra araşdırmağa başladım. YouTube vasitəsilə bu yoldan
keçmiş xarici və yerli tələbələri axtardım. Öyrəndim ki, bu təqaüd proqramı özündə bir
çox müxtəlif proqramları əhatə edir.
Nəyə görə bu proqrama müraciət etdiniz? Üstünlükləri nələrdir?
– Qeyd etdiyim kimi, məni bu proqramda ilk baxışda cəlb edən çoxlu təcrübə imkanı, çoxlu
səyahət imkanı və bir çox ölkədən network qurmaq şansı oldu. Araşdırdığım tələbələrin
bölüşdüyü təcrübələr də proqramın necə prestijli olduğunu göstərirdi. Kənd təsərrüfatı
sahəsində təhsil aldığım üçün və bu ixtisasda daha da dünyamiqyaslı işlər görmək üçün
bu proqram mənim ilk seçimim oldu. Əsas məqsədim kənd təsərrüfatında qlobal
məsələləri öyrənmək, tətbiq edilən praktikaları ölkəmizə də gətirə bilmək idi.
Təkcə səyahət yox, sadəcə 2 ildə aldığınız təhsillə bir neçə universitetdən eyni anda
diplom almaq şansı var. Eləcə də verilən təqaüd aylıq bütün xərcləri kifayət qədər
qarşılayır. Bu təqaüd yaxşı məbləğ olmaqla yanaşı, həm də bir tituldur.

İlk il İtaliya və digər il İspaniyada təhsil almaq proqramın özünə daxil idi yoxsa
bu ölkələri siz seçmisiniz?
– Proqramlar, əsasən, əvvəlcədən hazırlanılır. Yəni ki, bir neçə Avropa universitetləri öz
dərs proqramlarına uyğun olaraq proqram yaradır, saziş bağlayırlar. Bəzi proqramlarda
birinci il və ya birinci yarımil (semestr) sabit bir ölkə olur. Qəbul olan hər bir tələbə ilk
olaraq eyni ölkədə təhsil alır. Sonra isə seçimlərinə və ya proqramın qəbul şərtlərinə
əsasən proqramda iştirak edən digər əməkdaş universitetlərə göndərilir.
Mənim proqramımda isə hər yarımil yox, hər il ölkə/universitet dəyişməli idik. Bu isə biz
proqrama qəbul olunduğumuz zaman artıq təyin olunmuşdu. Hər nə qədər müraciət
edərkən seçim etsək də, bəzən bu seçimlər sadəcə tələbələrin ən çox hansı ölkəyə
tələbinin olduğunu görmək üçündür. Mən qəbul olduğumu öyrəndiyim gün rəsmi
məktubda artıq hansı ölkələrdə təhsil alacağımı öyrənmişdim. Bəzi tələbə yoldaşlarımda
isə bu İtaliya-İspaniya deyil, İspaniya-Almaniya, İtaliya-Fransa və s. proqramın təqdim
etdiyi ölkələrə uyğun bölünmüşdü.
Lakin müraciət etmədən qabaq seçdiyiniz proqramın hansı universitetlərlə əməkdaşlıq
etdiyinə və qəbul şərtlərinə baxmağınızı tövsiyə edirəm. Çünki dərs proqramının və
ölkələrin sizin hədəflərinizə uyğun olub-olmadığını bilməyiniz yaxşıdır.
Hər yeni tədris ilində fərqli ölkə, fərqli fərqli mədəniyyət, fərqli insanlar.. Bu
dəyişikliklərə adaptasiyada çətinlik yaşamısınız?
– Şübhəsiz olaraq deyərdim ki, Erasmus Mundusun elə ən çətin tərəflərindən biri
adaptasiya müddətidir. Təbii ki, bu sizin xarakterinizdən də asılıdır.
Mən isə hər zaman özümü tez adaptasiya ola bilən bir şəxs kimi tanımışam. Lakin
İtaliyaya getdiyim gündən etibarən adaptasiya olmağım haradasa bir ayımı aldı. Bu heç
kəsi qorxutmasın. Əksinə, bu müddət ərzində insan çox şey öyrənir. Həm tək qalmağı,
həm 7/24 tamamilə yad dillər eşitməyi, həm də maddi olaraq özünü idarə etməyi
öyrənirsən. Adaptasiya olduqdan sonra isə əvvəlki çətin zamanlar sadəcə xoş xatirələr
kimi ağılda qalır.
Eləcə də ikinci kurs üçün İspaniyaya gedərkən də bu adaptasiya müddətindən keçdim.
Ancaq əvvəlki qədər yorucu olmadı. Artıq tanıdığım insanlar var idi və dərslərlə məşğul
olmaq insanın beynini olduqca məşğul edir. Hətta bəzən əyləncəli olurdu. İspanları yeni
tanımağa başlayanda onları italyanlarla müqayisə etməkdən zövq alırdım. Elə bu
proqramın gözəlliyi odur ki, siz bir çox millətlərlə bərabər yaşayır və yeni həyatlar
görürsünüz.
Diplom işim üçün isə indi Almaniyada yaşayıram. Burada Julius-Kuhn Araşdırma
İnstitutunda diplom işim üçün seçdiyim mövzu üzərində araşdırmalar edirəm. Dürüst
olmaq istəyirəm ki, buraya gəldiyim ilk gündən İspaniya və Almaniya arasında həm hava,
həm də insanlar arasında çox böyük fərq hiss etdim. Birdən birə soyuq ölkədə yaşamaq
adaptasiya müddətini artırdı. Çünki artıq burada dostlarım yox idi. Lakin zamanla
araşdırmalarımı etdikcə yeni insanlar tanımağa başladım və özümlə tək qalmağı da
öyrəndim. İndi isə almanların həyat tərzləri ilə tanış olur və bu həyat necədir onu
öyrənirəm.
Bu proqramda əldə etdiyiniz təcrübələri bizimlə bölüşə bilərsinizmi?
Bu proqramdan əldə etdiyim çox təcrübə və xatirələr var. Ən birinci təcrübə odur ki, əsl
akademik fəaliyyətlərin icrasını burada öyrəndim. Laboratoriyada işləmək və iş prinsipi
burada tamamilə fərqlidir. Müəllimlər və tələbələr laboratoriyada ciddi olduğu qədər, həm
də rahatdırlar. İş apararkən səhvə yol açmaq olduqca normal qarşılanır. Əsas məsələ
səhvdən düzü öyrənmək olduğu üçün əzbərçilik kimi əlavə şeylərə ehtiyac yoxdur.
Digər öyrəndiyim və mənə gözəl təsirinin olduğunu düşündüyüm isə professor və
tələbələr arasında olan münasibətlər oldu. Təbii ki, hər yerdə ciddi və sərhədi olan
professorlar var. Lakin burada sual verməkdən çəkinmirik. Əksinə professorla dərs
saatından kənarda ofisdə gələcək planlarınızı belə müzakirə edə bilərsiniz. Mənim bir
professorum var idi. Onun sözünü heç vaxt unutmuram. O hər zaman deyirdi ki,
“Bu həyatda tək deyilik və kömək almağı bacarmalıyıq. Hər bir insanın həyatda güvənə
biləcəyi məsləhətçisi olmalıdır”. Qısacası burada o səmimi əlaqəni qurmaq və o “məsləhətçini” tapmaq elə də çətin deyil.
Saysız əldə etdiyim digər və sonuncu təcrübəm proqramım sayəsində qlobalda öz
sözünü demiş məşhur şirkətlərlə tanış olmaq oldu. Həm o şirkətlərdə işləyən, həm də
onların təqdim etdiyi bir çox işlərlə tanış olmaq şansımız oldu.

İspaniya və İtaliya təhsilini müqayisə etdikdə hansı fərqləri önəmli hesab
edirsiniz?
Fərqlər, təbii ki, var. İtaliyada bir çox universitetlər ictimaiyyətə açıqdır. Yəni siz həmin
dərsi almasaz belə, o mühazirədə iştirak haqqınız var. Bu isə ixtisasınıza aid olmasa da,
sizə maraqlı gələn mövzuları araşdırmaq və dinləmək üçün əla bir fürsətdir.
Üstəlik, İtaliyada hər bir dərsdən beş dəfə imtahan vermək şansımız olur. İmtahanda
keçsəz belə, əgər aldığınız baldan razı deyilsinizsə, rahatlıqla imtina verib digər
imtahanda iştirak edə bilirsiniz. Bəzən isə tələbələr dərslərə gəlmir və sadəcə imtahanda
iştirak edib qiymətlərini alırdılar. Burada əsas məsələ imtahandan aldığınız baldır.
İspaniyada isə işlər daha fərqli idi. Burada imtahandan əlavə olaraq, verilən digər
tapşırıqlardan aldığınız qiymətlər də əhəmiyyət kəsb edirdi. Bu tapşırıqlar müxtəlif
olurdu. Ya laboratoriyada etdiyimiz kiçik bir praktikanı 3-4 səhifəlik məqalə olaraq təqdim
etməli idik, ya da müxtəlif mövzularda təqdimatlar hazırlamalı idik. Bu bizim elmi yazı
bacarıqlarımızı və təqdimetmə nitqimizi inkişaf etdirirdi. Bəzi dərslər isə adi yazılı
imtahan ilə yox, sadəcə bu kimi təqdimat tapşırıqları ilə yekunlaşırdı. Hətta deyərdim ki,
İspaniyada daha çox praktika əsaslı dərslər mövcuddur. Bu isə mənim kimi təbiət/texniki
yönündə təhsil alan tələbələrə əla fürsətdir.
Əgər, hər semestr ölkə dəyişməli olsa idiniz, hansı ölkələri bu siyahıya əlavə
edərdiniz?
– Hər semestr ölkə dəyişsə idim, yəqin ki İspaniya elə birinci semestr olaraq seçimim
olardı. İkinci semestr Almaniya, üçüncü və dördüncü semestr isə Niderland krallığı
olardı. Çünki bu üç ölkə də kənd təsərrüfatında öz sözünü demiş ölkələrdir. İtaliyanı
sevirəm, lakin ixtisasım üçün seçimim bu üç ölkə olardı. Hər nə qədər yeməklər və hava
vacib olsa da, keyfiyyətli iş və gəlir də daha vacibdir.
Hansı ölkədə daha “özünüz kimi” hiss etdiniz və niyə?
Hələ də bu barədə çox düşünürəm. Çünki hər bir zaman adapatsiya olduğum yeri tərk
edirəm və yeni dünyalara gedirəm. Bu sualın cavabı nə Azərbaycan deyil, nə də digər
yaşadığım ölkələr. Ən qısa nümunə olaraq, Almaniyanı göstərə bilərəm. Mən əvvəllər
daha disiplin insanı olduğumu və sadəcə akademik həyatının məntiqli olduğunu
düşünürdüm. Lakin, buraya gələndən bəri anladım ki, hər nə qədər qanunların olduğu
yerdə yaşamaq gözəl olsa da əyləncə, dostlar və gülüş də bir o qədər önəmlidir.
İspaniya və İtaliyada bu əyləncəni və istiqanlılığı tapsam da, sevdiyim disiplinlilik
anlayışını da oralarda tapa bilmirdim. Bəlkə də özümə bunu anlamağım üçün zaman
lazımdır. Ya da yaşadığımız yeri aid hiss etdiyimiz yerə çevirmək özümüzdən asılıdır.
Zaman göstərəcək.
Təqaüdünüz nələri qarşılayırdı? Tələbələrə 1 ay üçün kifayətdirmi?
– Mən bu proqrama Erasmus Mundus təqaüdü ilə qəbul olmuşam. Bu təqaüd sayəsində
pulsuz təhsil alıram və eləcə də iki illik təhsil müddətində sığorta xərclərim də qarşılanır.
Aylıq xərclər üçün isə 1400 avro məbləğində pul alıram. Bu məbləğ həm qida, həm
yaşayış, həm nəqliyyat, həm də əyləncə üçün olduqca kifayətdir. Hətta müəyyən qədər
pul yığmaq mümkündür. Kiçik bir məsləhətim olsun. Pulu yığmağa çalışmaq lazımdır ki,
hər an üzləşə biləcəyiniz vəziyyətlərdən asanlıqla çıxa biləsiniz.
Ən çox yerli yoxsa əcnəbi tələbələrlə ünsiyyət qururdunuz?
– Erasmus Mundusda təhsil alan tələbələr dünyanın bir çox ölkəsindən, qitəsindən gələn
insanlardır. Günümün bir çox hissəsi onlarla keçir. Bu əslində çox əyləncəli və eyni
zamanda öyrədici bir şeydir. Amma universitetdə tanış olduğum yerli tələbələr də olub.
Əsasən yerli tələbələr əcnəbilərlə çox üsniyyət qurmaqdan çəkinsələr də, yerlilərlə olan
söhbətlər də hədsiz maraqlı olur. Çünki o ölkəyə adaptasiya olmaq daha da sürətlənir.
Əcnəbilərlə ünsiyyət daha asandır, çünki hər biriniz eyni çətinliklərdən keçdiyiniz üçün bir
birinizi daha yaxşı başa düşürsünüz.
İş, yaxşı təhsil və digər imkanlar cəhətdən hansı ölkə sizə daha faydalı oldu?
– Hələ ki, heç bir Avropa ölkəsində rəsmi iç təcrübəm olmayıb. Bu barədə müqayisə
aparmağım çətin olacaq. Lakin belə deyərdim ki, Almaniyada institutda apardığım iş və
olduğum atmosfer tam olaraq iş həyatıdır. İş həyatında olması lazım olan disiplinlik,
sərhədlər və gəlir olduqca yaxşıdır.
Öz təcrübəmə əsasən isə İspaniyada aldığım təhsil mənə çox şey qatdı. Həm elmi
olaraq, həm də praktiki təcrübələr olaraq özümü çox təkmilləşmiş olaraq gördüm.
– Erasmus Mundus proqramına müraciət zamanı hansısa çətinliklə
qarşılaşdınızmı?
Çətinlik əslində biraz özümün gecikməsi ilə bağlı olmuşdu. Tələb olunan yaşayış yeri
haqqında olan sənədi haradan ala biləcəyimi və necə tərcümə olunmalı olduğunu gec
araşdırıb öyrənmişdim. Bu isə böyük stress çəkməyimə və az qalsın ki, proqramın
müraciət tarixini qaçırmağıma səbəb olacaqdı.
Buradan onu çatdırmaq istərdim ki, sənədlərin siyahısı ilə aydın tanış olun və müraciət
tarixlərində diqqətli olun. Əks halda sonra çox gec olur. Lakin bundan savayı heç bir problem yaşamadım. Hər şey olduğu kimi irəlilədi.
– Proqram çox rəqabətlidir və bu rəqabətdə seçilənlərdən olmaq üçün müraciət
zamanı nələrə diqqət yetirmək lazımdır? Qəbul olmaq üçün “qızıl qaydalar”
nələrdir?
Proqram olduqca rəqabətlidir. Çünki təqaüdə, əsasən, hər ölkədən bir nəfər düşə bilir.
Təbii ki, seçilənlərdən olmaq üçün bəzi nüanslara diqqət yetirmək lazımdır. Ən birincisi
və sadəsi istədiyiniz proqramı yaxşı və dərin araşdırmaqdır. Proqramın təkcə tələbləri ilə
yox, dərs proqramı ilə, professor heyəti ilə, o professorların elmi bəzi elmi işləri ilə tanış
olmaq məsləhətlidir. Çünki bunun sayəsində siz motivasiya məktubunda və ya verilən
motivasiya suallarında müsahibə zamanı öz hədəflərinizi və məqsədlərinizi açıq aydın
izah edə biləcəksiniz. Hətta müsahibədə sizə sual verən şəxslərin gördüyü işlər
haqqında biraz bilikli olmağınız bu proqrama necə həvəsli olduğunuzu və məqsədyönlü
olduğunuzu göstərəcəkdir.
Digər qızıl qaydalar isə, təbii ki, akademik ortalama balınızı yaxşı saxlamaqla bərabər
özünüzü ingilis dilində maksimum dərəcədə inkişaf etdirməkdir. Azərbaycanda ikən
ingilis dilində məqalələr, kitablar oxuyun. Dinləmələr edin və təkcə kinolara baxaraq
deyil, həmçinin, çalışın conversation klublara qoşulun. Yaxşı dil biliyi insana özünəinam
qazandırır. Proqramda məhz özünəinamlı və enerjili şəxslər lazımdır.
Son olaraq, proqramda iştirak etmiş və təcrübə etmiş biri olaraq qəbul zamanı
və qəbuldan sonrakı mərhələ üçün gənclərə hansı tövsiyələriniz var?
– Qəbul prosesində çalışın ki, müraciət etdiyiniz bütün sənədlər qaydasında olsun. Müsahibə
mərhələsi varsa, buna yaxşı hazırlaşmağınızı tövsiyə edirəm. Ehtimal olan elmi və
motivasiya suallarını əvvəlcədən təxmin edin və özünüzə cavablar hazırlayın. Əzbərçilik
olmamaq şərti ilə əgər suallara əvvəlcədən hazırlıq olsanız bu şəkildə həyəcanınız azalacaq
və daha ardıcıl şəkildə danışmağı bacaracaqsınız. Əzbər formada danışmağı qətiyyən
tövsiyə etmirəm. Çünki bu zaman səmimiyyət də itmiş olur. Siz həm rahat olmalı, həm də bir o qədər məsuliyyətli olduğunuzu göstərməlisiniz.
Qəbuldan sonrakı mərhələ isə həm həyəcanverici, həm də bəzən stressli ola bilər. Çünki
artıq viza almaq və yaşayış yeri tapmaq kimi məsələlər gəlib çatır. Bu barədə narahat olub
stress keçirmək lazım deyil. Sadəcə ilk gedəcəyiniz ölkənin səfirliyi ilə mail vasitəsilə əlaqə
saxlayaraq cari ildə təhsil vizasına hansı sənədləri istədiklərini göstərən siyahını tələb edin.
Saytlarda da yoxlaya bilərsiniz, amma əvvəlcədən əlaqə saxlamaq daha məsləhətlidir. Sonra isə o siyahı içərisində proqramın sizə göndərəcəyi bütün sənədləri əldə etdiyinizə əmin olun.
Əmin olduqdan sonra isə əgər sizə yataqxana təmin edilməyibsə yaşayış yeri tapmaq üçün
gedəcəyiniz şəhərə uyğun etibarlı saytlar tapın. Bu şəkildə bütün işləri bir dəftərdə ardıcıl
olaraq siyahı kimi tərtib etsəniz və sistemli şəkildə irəliləsiniz heç bir çətinlik olmayacaqdır.
Viza üçün görüş saatı tapmaq üçün isə çalışın biraz tez başlayın. Əsasən gecə və ya sübh
səhərdən görüş saatlarını daha rahat tapa bilərsiniz. Özünüzə inanın, hər şey yaxşı olacaq!



