spot_img
HomeElan və XəbərlərQS 2026: Təhsil almaq üçün ən yaxşı şəhərlərin reytinqi açıqlanıb
spot_img

QS 2026: Təhsil almaq üçün ən yaxşı şəhərlərin reytinqi açıqlanıb

Ali təhsil sahəsində nüfuzlu beynəlxalq qiymətləndirmə təşkilatı Quacquarelli Symonds (QS) 2026-cı il üzrə “Best Student Cities” (“Tələbələr üçün ən yaxşı şəhərlər”) reytinqini açıqlayıb. Reytinqdə ali təhsil və tələbə həyatı üçün ən əlverişli hesab edilən dünyanın 150 şəhəri qiymətləndirilib.

İlk onluq belə formalaşıb:

20272026Şəhər
11Seul
22Tokio
33London
45Melburn
=54Münhen
=56Sidney
7=7Paris
8=7Berlin
910Vyana
109Sürix

Reytinqə əsasən, Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb. Bununla da Azərbaycanın paytaxtı Cənubi Qafqaz regionunda ən yüksək nəticə göstərən şəhər olub və Mərkəzi Asiyanın bir sıra iri şəhərlərini geridə qoyub.

Vyana doqquzuncu pilləyə yüksəlib və yaşayış üçün cəlbedicilik göstəricisinə görə dünyada ikinci yerdə qərarlaşıb. QS bunu Avstriya universitetlərinin beynəlxalqlaşma istiqamətində əldə etdiyi uğurlarla əlaqələndirir.

Çin (materik hissəsi) tarixində ilk dəfə reytinqdə rekord sayda şəhərlə təmsil olunur. Pekin 12-ci, Şanxay isə 21-ci yerdə qərarlaşıb. Şəhərlərin yüksəlişinə təhsil və yaşayış xərclərinin münasib olması, universitetlərin keyfiyyəti və işəgötürənlərlə sıx əməkdaşlıq müsbət təsir göstərsə də, beynəlxalq müxtəlifliyin aşağı səviyyədə qalması əsas zəif tərəf kimi qiymətləndirilir.

Paris universitetlərin keyfiyyətinə görə dünyada beşinci yeri tutsa da, Lion (71-ci), Tuluza (124-cü) və Monpelye (147-ci) mövqelərini əhəmiyyətli dərəcədə itirib. Bununla belə, aşağı təhsil haqları Fransanı tələbələr üçün ən əlverişli istiqamətlərdən biri kimi saxlayır.

Münhen və Berlin tələbə və məzunların rəylərinə görə dünyanın ən nüfuzlu tələbə şəhərləri sırasında yer alır. Hamburq isə ilk dəfə reytinqə daxil olaraq 103-cü pillədə qərarlaşıb.

Reytinqdə İtaliyanın üç şəhəri yer alıb. Onlardan Milan beş pillə irəliləyərək 39-cu olub. QS bunu şəhərin işəgötürənlər arasında nüfuzunun artması və universitetlərinin mövqeyinin güclənməsi ilə izah edir. İtaliya şəhərləri eyni zamanda Avropanın daha əlverişli təhsil istiqamətlərindən hesab olunur.

Yaponiyanın reytinqdə yer alan dörd şəhərinin hamısı mövqeyini qoruyub və ya yaxşılaşdırıb. Kioto 16-cı, Osaka 60-cı, Naqoya isə 108-ci pilləyə yüksəlib. Bununla belə, beynəlxalq tələbələrin sayının az olması ölkənin əsas çatışmazlıqlarından biri olaraq qalır.

Amsterdam Niderlandın reytinqdə yer alan yeganə şəhəri olaraq 19-cu yerə yüksəlib və yaşayış üçün cəlbedicilik göstəricisinə görə dünyada birinci olub.

Cənubi Koreya beş şəhərlə təmsil olunur. Daecon və Qvanqju ilk dəfə reytinqə daxil edilib. Ölkə hökuməti 2027-ci il üçün qarşıya qoyduğu 300 min beynəlxalq tələbə cəlb etmək hədəfinə planlaşdırılandan iki il əvvəl – 2025-ci ildə nail olub.

İsveçrə isə reytinqdə Sürix və Lozanna (23-cü yer) ilə təmsil olunur. Hər iki şəhər beynəlxalq tələbələrin yüksək payı və elmi-tədqiqat potensialı ilə seçilir.

QS-in “Best Student Cities” reytinqi şəhərləri universitetlərin dünya reytinqlərindəki nəticələri, məzunların məşğulluq imkanları, təhlükəsizlik və həyat keyfiyyəti, təhsil və yaşayış xərclərinin əlçatanlığı, beynəlxalq tələbələrin sayı və müxtəlifliyi, eləcə də tələbələrin rəyləri əsasında qiymətləndirir.

Mənbə: Yahoo.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar