Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.
Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən işğaldan azad edilmiş Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarından olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilər.
Son müraciət tarixi: 12 may, 2026-cı il
Seçilmiş gənclər müvafiq təlim və hazırlıq keçdikdən sonra işğaldan azad edilmiş ərazilərdə müxtəlif könüllü fəaliyyətləri göstərəcək, həmçinin mütəmadi olaraq burada keçirilən tədbirlərin təşkilində iştirak edəcək, buraya səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.
Qeyd edək ki, “Qayıdış Könüllüləri” Proqramı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq xüsusi nümayəndəliklərinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilir.



