Career Bridge “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu fikirləri Vilayət Vəliyev AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunan mətbuat konfransında deyib.
Rektor qeyd edib ki, məktəbin əsas üstünlüklərindən biri beynəlxalq keyfiyyət standartlarına əsaslanmadır.
Yeni yaradılacaq AZCON Mühəndislik və Texnologiya Məktəbi Azərbaycan Texniki Universitetinin tərkibində fəaliyyət göstərəcək. Əməkdaşlıq kurikulumun hazırlanması, müəllim seçimləri, keyfiyyət təminatı, potensialın artırılması və sənaye yönümlü tədris prosesini əhatə edəcək.
Proqramı uğurla başa vuran tələbələrə Azərbaycan diplomu ilə yanaşı, Münhen Texniki UniversitetiNİN (TUM) beynəlxalq sertifikatı da təqdim olunacaq. O qeyd edib ki, bu yanaşma region üçün mühüm və innovativ təhsil modeli hesab olunur.
Vilayət Vəliyev diqqətə çatdırıb ki, Azərbaycan Texniki Universiteti informasiya texnologiyaları, nəqliyyat və logistika, elektrik-elektronika, metallurgiya, maşınqayırma və digər strateji istiqamətlər üzrə yüksək ixtisaslı kadr hazırlığı həyata keçirir.
O əlavə edib ki, universitetin Almaniya ilə uzun illərə söykənən güclü elmi və akademik əlaqələri mövcuddur. Rektorun sözlərinə görə, AzTU Alman akademik mübadilə proqramlarında fəal iştirak edən seçilmiş universitetlərdən biridir və universitetin 16 fəxri doktorundan 6-sı alman alimləridir.
Vilayət Vəliyev qeyd edib ki, hazırda Almaniyanın aparıcı texniki universitetləri ilə doktorantura və ikili diplom proqramları uğurla icra olunur. O bildirib ki, universitetdə Alman mühəndislik mərkəzi fəaliyyət göstərir, bəzi proqramlar alman dilində tədris olunur və DAAD tərəfindən dəstəklənən müəllimlər AzTU-da çalışırlar.
Rektor vurğulayıb ki, AzTU-da süni intellekt əsaslı tədqiqat laboratoriyaları yaradılıb, burada yüksək səviyyəli elmi araşdırmalar aparılır, məqalələr hazırlanır və innovativ layihələr həyata keçirilir.



