– Macarıstanda qazandığınız bilik və bacarıqlar hazırda ADA Universitetindəki fəaliyyətinizə necə təsir edir?
– Macarıstanda qazandığım biliklər, xüsusilə praktiki təcrübələr ADA Universitetindəki fəaliyyətimə dəstəyi böyükdür. Hazırda çalışdığım Tələbə proqramları və tədris üzrə mütəxəssis vəzifəsi magistratura təhsilimlə – Təhsilin idarəedilməsi ixtisası ilə birbaşa əlaqəlidir. Təhsil müddətində əldə etdiyim bilik və təcrübələrdən hazırkı işimdə rahatlıqla istifadə edə bilirəm.
Eyni zamanda qeyd etmək istəyirdim ki, Macarıstanda təhsil aldığım müddətdə GE Aerospace beynəlxalq şirkətinin İnsan Resursları şöbəsində koordinator kimi fəaliyyət göstərmişəm.Həm təhsil zamanı qazandığım nəzəri və praktiki biliklər, həm də iş mühitində əldə etdiyim bacarıqlar məni real iş həyatına hazırladı. Bugünkü fəaliyyətimdə də həmin təcrübələrin böyük faydasını görürəm.
– Xaricdə təhsil sizə ən çox hansı peşəkar üstünlükləri qazandırıb?
– Xaricdə təhsil almağın məndə liderlik, komanda işi, müxtəlif millətlərə qarşı tolerantlıq və hörmət hisslərini əhəmiyyətli dərəcədə inkişaf etdirdiyini düşünürəm.
Bundan əlavə, xarici tələbə olaraq bütün məsuliyyətləri öz üzərinə götürmək insanın bir çox bacarıqlarını inkişaf etdirir. Xüsusilə, eyni anda bir neçə işi idarə etmək bacarığı – “multitasking” – bu müddətdə formalaşır və inkişaf edir. Xaricdə təhsil almağım bu bacarıqların yaranmasına böyük təsir göstərib.
Eyni zamanda, təhsil həyatım ərzində Azərbaycandakı təhsil sistemindən fərqli bir yanaşma ilə tanış oldum. Bu sistemləri müqayisə etmək və təhlil etmək mənə çox şey qazandırdı. Hazırda isə öyrəndiyim müsbət yanaşmaları öz iş mühitimdə tətbiq etməyə və inteqrasiya etməyə çalışıram.
– ELTE ilə ADA Universitetinin tələbə yönümlü yanaşmasını necə müqayisə edərdiniz?
– Akademik və sosial həyat baxımından hər iki universiteti müqayisə etmək istərdim. Akademik mühit baxımından aralarında kifayət qədər oxşarlıq var. Tələbəyönümlü yanaşma, müəllimlərin tələbələrlə səmimi münasibəti, rahat dərs mühiti və praktiki məşğələlərin üstünlük təşkil etməsi bu baxımdan hər iki universitet üçün xarakterikdir.
Sosial həyat baxımından isə düşünürəm ki, ADA Universiteti tələbələrə sosiallaşmaq və bu istiqamətdə özlərini inkişaf etdirmək üçün daha geniş imkanlar yaradır. Burada daha çox xarici tələbələrin baxış bucağından danışmaq istərdim. Çünki yerli tələbələrin təcrübəsi universitetdən universitetə fərqlənə bilər. Mənim müşahidəmə əsasən, ADA Universitetində xarici tələbələrin universitet mühitinə uyğunlaşması və müxtəlif fəaliyyətlərə cəlb olunması üçün daha geniş imkanlar yaradılır. Bu baxımdan ADA Universitetini ELTE Universitetindən daha üstün hesab edirəm.
Bununla yanaşı, ümumi olaraq hər iki universitetin tələbələr üçün yaratdığı təhsil mühitini və təqdim etdiyi imkanları yüksək qiymətləndirirəm.

– Macarıstanda sizi ən çox təəccübləndirən akademik yanaşma nə idi?
– Macarıstanda məni ən çox təəccübləndirən məqamlardan biri müəllimlərin tədris prosesi boyunca tələbələrə səmimi və rahat münasibət göstərməsi, onlarla daha çox dost münasibəti qurmağa çalışması idi.
Bundan əlavə, imtahanların əsasən praktiki biliklərə dayanması və nəzəriyyənin əzbərlənməsinə o qədər də önəm verilməməsi mənim üçün fərqli təcrübə oldu. Şifahi imtahanların əksəriyyəti isə diskussiya və qrup müzakirələri formatında keçirilirdi.
Bu yanaşma tələbələrdə analitik düşüncə bacarığını inkişaf etdirir, eyni zamanda onların fikirlərini daha sərbəst ifadə etməsinə imkan yaradırdı. Ən vacibi isə tələbələr özlərini tədris prosesində daha rahat hiss edirdilər.
– Macarıstana hansı təqaüdlə getmişdiniz və təqaüdün əsas şərtləri nələrdən ibarət idi?
– Mən Macarıstana Stipendium Hungaricum – Hökumətlərarası Təqaüd Proqramı vasitəsilə getmişəm. Bu təqaüdün əsas şərtlərindən biri, təbii ki, təhsil müddəti boyunca yüksək akademik göstəriciləri qorumaq idi. Digər əsas tələb isə bir il ərzində macar dilini öyrənmək və yekunda keçirilən imtahandan uğurla keçmək idi.
Təqaüd proqramına qəbul şərtlərinə isə GPA göstəricisinin 80-dən yuxarı olması, IELTS nəticəsi, əlavə sosial fəaliyyətlər, universitetdən qəbul məktubu, motivasiya və tövsiyə məktubları, eləcə də digər tələb olunan sənədlər daxil idi.
– Tələbələrlə işləyən bir mütəxəssis kimi, xaricdə təhsil almağı planlaşdıran gənclərdə ən çox hansı çatışmazlıqları görürsünüz?
– Düşünürəm ki, gənclərin ən çox buraxdığı səhvlərdən biri kifayət qədər araşdırma aparmamaları və buna lazımi vaxt ayırmamalarıdır.
Digər mühüm məqam isə ixtisaslarına uyğun olmayan müxtəlif sertifikat proqramlarında yalnız sertifikat əldə etmək məqsədilə iştirak etmələridir. Bu zaman həm vaxtlarını, həm də enerjilərini səmərəli istiqamətə yönəldə bilmirlər.
Məncə, gənclər öz məqsəd və ixtisaslarına uyğun, etibarlı və beynəlxalq səviyyədə tanınan könüllülük, təcrübə və inkişaf proqramlarında iştirak etməyə üstünlük verməlidirlər. Bu cür fəaliyyətlər həm onların bilik və bacarıqlarının inkişafına, həm də gələcək karyeralarına daha böyük töhfə verəcək.
– Xaricdə təhsil almaq istəyən tələbə universitetə qəbuldan əvvəl hansı bacarıqları inkişaf etdirməlidir?
– İlk növbədə, akademik göstəricilərini yüksək səviyyədə saxlamağa və ingilis dilini inkişaf etdirməyə çalışmalıdırlar. Bundan sonra isə həm yumşaq, həm də texniki bacarıqlarını, eləcə də sosial bacarıqlarını inkişaf etdirmələri vacibdir.
Əgər xaricdə təhsili öz büdcələri hesabına davam etdirməyi və ailələrinə əlavə maliyyə yükü yaratmamağı planlaşdırırlarsa, əvvəlcədən müəyyən məbləğdə vəsait toplamağa başlamaları da faydalı olar. Bu, həm daha rahat adaptasiya olmalarına, həm də gözlənilməz xərclərin öhdəsindən gəlmələrinə kömək edəcək.
– İngilis dili səviyyəsi Macarıstanda uğurlu təhsil üçün nə qədər önəmlidir?
– İngilis dilini bilmək olduqca vacibdir. Çünki Macarıstanda rəsmi dil macar dilidir. Universitetdə A1 səviyyəsində macar dili dərsləri keçirilsə də, bu səviyyə gündəlik həyat və təhsil üçün kifayət etmir. Buna görə də ən azı B1 səviyyəsində ingilis dili biliyinə sahib olmaq vacibdir.
İngilis dili ilə yanaşı, rus dilini bilmək də müəyyən üstünlüklər yarada bilər. Xüsusilə yaşlı nəsil, eləcə də bəzi dövlət qurumlarında və xəstəxanalarda çalışan əməkdaşlar rus dilini bildikləri üçün bu dil gündəlik həyatda bəzi hallarda ünsiyyəti asanlaşdıra bilər.
– Macarıstanda yaşadığınız müddətdə ən yaddaqalan təcrübəniz hansı olub?
– Macarıstanda yaşadığım müddətdə mənim üçün yaddaqalan xatirələr çox olub. Konkret birini seçmək çətindir. Ancaq hər dəfə xatırlayanda məni rahatlaşdıran və gülümsədən bir xatirə var.
Demək olar ki, hər axşam Dunay çayının sahili ilə gəzər, Budapeştin möhtəşəm mənzərəsini seyr edərdim. Həmin anlar mənim üçün uzun illər arzuladığım bir həyatın gerçəyə çevrildiyini hiss etdiyim xüsusi anlar idi. Sanki həm xəyallarımı yaşayır, həm də olduğum anın dəyərini hiss edirdim.
Düşünürəm ki, məhz bu hiss mənim üçün Macarıstanda qazandığım ən yaddaqalan və ən dəyərli təcrübələrdən biridir.
– Təhsil müddətində ən böyük çətinliyiniz nə idi və onu necə həll etdiniz?
– Macarıstanda qarşılaşdığım ən böyük çətinlik adaptasiya prosesi və yeni insanlara alışmaq idi. Zaman keçdikcə həm yerli cəmiyyətə inteqrasiya olmağa, həm də digər azərbaycanlılarla tanış olmağa başladım və bu proses mənim üçün daha asan keçdi.
Digər əsas çətinliyim isə iş tapmaq idi. Çünki Stipendium Hungaricum təqaüdü bütün xərcləri tam şəkildə qarşılamır. Bu səbəbdən tələbələrin ya ailələrindən maliyyə dəstəyi almaları, ya da işləmələri lazım gəlir.
İş tapmaq mənim üçün təxminən doqquz ay çəkdi. Bu müddət ərzində demək olar ki, hər gün ondan çox vakansiyaya müraciət edirdim. Proses kifayət qədər stressli olsa da, sonda istədiyim işi tapdım və bundan sonra həm maddi, həm də gündəlik həyat baxımından hər şey daha rahat oldu.
Macar iş yoldaşlarımın olması da həm yerli mühitə uyğunlaşmağımda, həm də yerli insanlarla ünsiyyət qurmağımda mənə böyük dəstək oldu.
– Macarıstanda təhsil almağı düşünən azərbaycanlı tələbələrə ən vacib üç məsləhətiniz nə olardı?
– İlk növbədə, xaricdə təhsil aldığınız müddətdə yalnız akademik həyatla kifayətlənməməyi tövsiyə edərdim. Fərqli millətlərdən olan insanlarla dostluq qurmağa, müxtəlif tədbir və fəaliyyətlərdə iştirak etməyə çalışın. Aktiv tələbə həyatı yaşamaq və Budapeştin gözəlliyini kəşf etmək bu təcrübəni daha da yaddaqalan edəcək.
İkinci tövsiyəm isə mümkün qədər çox səyahət etməkdir. Təkcə digər ölkələri deyil, Macarıstanın müxtəlif şəhər və bölgələrini də gəzməyə çalışın. Bu, ölkəni və mədəniyyəti daha yaxından tanımağınıza imkan verəcək.
Ən vacib məqamlardan biri isə sağlamlıq məsələsidir. Əgər hər hansı sağlamlıq probleminiz varsa, xaricə getməzdən əvvəl bununla bağlı lazımi müayinələri və müalicəni Azərbaycanda həll etməyə çalışın. Çünki Macarıstanda bəzi xəstəxanalarda və ailə həkimləri ilə ünsiyyət zamanı dil baryeri müəyyən çətinliklər yarada bilər.
Bundan əlavə, imkan daxilində gündəlik istifadə etdiyiniz dərmanları da özünüzlə aparmağınızı tövsiyə edərdim.




