Əmək bazarına ilk addımı atmaq hər zaman müəyyən çətinliklərlə müşayiət olunur. Lakin bu gün gəncləri düşündürən daha bir mühüm sual var: Karyeranı süni intellektin təsirindən necə qorumaq olar?
Müxtəlif sahələrdə çalışan mütəxəssislərdən süni intellektin peşələrə mümkün təsiri və hansı ixtisasların bu texnologiyadan daha az təsirlənəcəyi barədə bir sıra tövsiyələr irəli sürürlər.
Tibb
“Əczaçılar, həkimlər, tibb bacıları və resept yazmaq səlahiyyətinə malik digər mütəxəssislər gələcəkdə də mühüm rol oynayacaqlar”
“Oushk Pharmacy”nin həmtəsisçisi və baş əczaçı Hira Malikin sözlərinə görə, səhiyyə sahəsində süni intellektin ən çox təsir göstərə biləcəyi vəzifələr tibbi katiblər, əczaçılıq üzrə dəstək personalı, reseptlərin emalı ilə məşğul olan əməkdaşlar və zəng mərkəzlərində çalışanlardır.
Onun fikrincə, əsas təsir klinik qərarların verilməsinə deyil, standart formalar, tibbi qeydlər və pasiyent müraciətləri ilə işləyən inzibati vəzifələrə olacaq. Məsələn, onlayn apteklərdə konsultasiya formalarının yoxlanılması, çatışmayan məlumatların tamamlanması, resept sorğularının emalı, standart pasiyent suallarının cavablandırılması və müraciətlərin əczaçıya yönləndirilməsi kimi işlər gələcəkdə avtomatlaşdırıla bilər. Bununla belə, bu vəzifələrin tamamilə aradan qalxacağı gözlənilmir.
Hira Malik hesab edir ki, əczaçılar, həkimlər, tibb bacıları və resept yazmaq səlahiyyətinə malik digər tibb işçilərinin süni intellektlə əvəz olunma ehtimalı xeyli aşağıdır. Çünki onlar pasiyentin təhlükəsizliyi və müalicə ilə bağlı son qərarları öz üzərlərinə götürürlər.
Onun sözlərinə görə, “Süni intellekt məlumatların sistemləşdirilməsinə və risklərin müəyyən edilməsinə kömək edə bilər, lakin müalicənin təhlükəsiz və ya uyğun olub-olmaması barədə qərar verə bilməz.”
Bəzi tibbi ixtisaslar, xüsusilə plastik cərrahiyyə, hər pasiyentin fərdi xüsusiyyətlərinə görə süni intellektlə əvəz olunması çətin olan sahələr hesab edilir. Plastik və rekonstruktiv cərrah Dr. Riaz Agha bildirir:
“Plastik cərrahiyyə tamamilə fərdi yanaşma tələb edir. Hər bir pasiyent unikaldır”.
Bununla yanaşı, o qeyd edir ki, gələcəkdə süni intellekt cərrahlara əvvəlki əməliyyatları təhlil etməyə kömək edərək qərarvermə prosesini dəstəkləyə bilər.
Dr. Aghanın fikrincə, radiologiya isə süni intellektin ən çox təsir göstərə biləcəyi tibbi sahələrdən biridir.
“Artıq çoxsaylı tədqiqatlar sübut edib ki, süni intellekt tibbi görüntüləri yüksək dəqiqlik və etibarlılıqla analiz edə bilir. Bu isə radioloqların tamamilə yox olacağı anlamına gəlmir, lakin onların rolu əhəmiyyətli dərəcədə dəyişə bilər.”
O, gələcəyin həkimlərinə süni intellektdən düzgün istifadə etməyi, onun həm üstünlüklərini, həm də məhdudiyyətlərini öyrənməyi tövsiyə edir.
Təhsil
“Uşaq baxıcılığı süni intellektlə əvəz olunma ehtimalı ən aşağı olan peşələrdən biridir”
Mütəxəssislərin fikrincə, təhsil sahəsində də süni intellekt əsasən inzibati və gündəlik tədrisə dəstək verən vəzifələrə təsir göstərəcək. Bununla belə, müəllimləri tamamilə əvəz etməsi gözlənilmir.
Oksford Universitetinin Generational Success Lab laboratoriyasının təsisçisi Sharath Jeevan hesab edir ki, müəllimlik gələcək üçün ən perspektivli peşələrdən biri olaraq qalır.
Onun sözlərinə görə, “Şagirdlərin öyrənməsi üçün hər zaman etibar edə biləcəkləri, onları istiqamətləndirən böyüklərə ehtiyac olacaq.”
Gələcəkdə insan əməyinə tələbatın davam edəcəyi digər sahələrdən biri də uşaq baxımıdır.
Tiney uşaq baxımı agentliyinin təsisçisi və baş icraçı direktoru Brett Vigdortz bildirir ki, uşaq baxıcılığı texnologiya ilə əvəz olunması ən çətin peşələrdən biridir. Onun sözlərinə görə, süni intellekt ünsiyyət və təşkilati işlərdə dəstək verə bilsə də, valideynlər uşaqlarına insanın qayğı göstərməsini istəyirlər.
Vigdortz qeyd edir ki, hazırda uşaq baxımı xidmətlərinə yüksək tələbat var və mövcud yerlər qısa müddətdə dolur. O hesab edir ki, uşaq baxıcılığı çevik iş qrafiki, evdən işləmək imkanı və yaxşı gəlir əldə etmək baxımından cəlbedici peşədir.
Bu sahədə uşaq bağçalarının idarə edilməsi, peşəkar dayəlik və fərdi repetitorluq kimi digər karyera imkanları da mövcuddur.
Hüquq
“Süni intellekt hüquqi xidmətlərin göstərilməsi xərclərini azaltdıqca, yeni iş yerləri də yarana bilər”.
Mütəxəssislərin fikrincə, hüquq sahəsində süni intellektin ən çox təsir göstərəcəyi vəzifələr hüquq köməkçiləri (paralegal) və gənc hüquqşünaslardır. Çünki bu vəzifələr əsasən sənədlərin araşdırılması, hüquqi sənədlərin ilkin layihələrinin hazırlanması, məlumatların toplanması və müxtəlif formaların doldurulması kimi təkrarlanan işləri əhatə edir.
Süni intellektdən istifadə etməklə hüquqi xidmətlər göstərən Lawhive şirkətinin baş icraçı direktoru Pierre Proner bildirir:
“Bütün bunlar süni intellektin xüsusilə yaxşı yerinə yetirdiyi tapşırıqlardır”.
Bununla belə, o vurğulayır ki, süni intellekt başlanğıc səviyyəli hüquq peşələrini tamamilə aradan qaldırmayacaq.
“Bu vəzifələr qalacaq, sadəcə onların məzmunu dəyişəcək”.
Onun sözlərinə görə, gələcəkdə gənc hüquqşünaslar vaxtlarını təkrarlanan inzibati işlərə deyil, hüquqi təhlil aparmağa, peşəkar qərarlar qəbul etməyə və müştərilərlə işləmək bacarıqlarını inkişaf etdirməyə sərf edəcəklər. Bundan əlavə, onların vəzifələrindən biri də süni intellekt sistemlərinin hazırladığı işlərin düzgünlüyünə nəzarət etmək olacaq.
“Süni intellektə hər zaman insan nəzarəti lazımdır”.
İngiltərə və Uels Hüquq Cəmiyyətinin vitse-prezidenti Brett Dixon hesab edir ki, rutin işlərin avtomatlaşdırılması gənc hüquqşünaslara mürəkkəb hüquqi məsələlər üzərində daha dərindən düşünmək üçün əlavə vaxt qazandıracaq.
Ekspertlərin fikrincə, ailə hüququ və məhkəmə çəkişmələri kimi daha çox insan ünsiyyəti və hüquqi mühakimə tələb edən sahələr süni intellektdən nisbətən az təsirlənəcək.
Bununla belə, Proner bildirir ki, süni intellekt məhkəmə proseslərinə hazırlıq zamanı hüquqşünaslara ciddi dəstək göstərə, həmçinin hüquq şirkətlərinin daxili inzibati fəaliyyətini daha səmərəli təşkil edə bilər.
Onun sözlərinə görə, peşənin qarşısındakı əsas çağırışlardan biri ənənəvi öyrənmə prosesinin bir hissəsini təşkil edən işlərin avtomatlaşdırıldığı şəraitdə gənc hüquqşünasların karyera inkişaf yolunu müəyyənləşdirməkdir.
Proner hesab edir ki, məzunlar indidən süni intellekt bacarıqlarını inkişaf etdirməlidirlər.
“Bir vaxtlar Word və Excel proqramlarını bilmək necə vacib idisə, bu gün də süni intellektdən istifadə bacarığı eyni dərəcədə əhəmiyyət qazanır”.
Onun sözlərinə görə, hüquq şirkətləri artıq namizədlərdən belə suallar soruşurlar:
• Süni intellektdən necə istifadə edirsiniz?
• AI vasitəsilə tətbiqlər hazırlayırsınızmı?
• AI agentləri ilə işləyirsinizmi?
Proner hesab edir ki, hüquqi xidmətlərə ehtiyacı olan insanların sayı hüquq şirkətlərinin imkanlarından daha çoxdur. Süni intellekt hüquqi xidmətlərin dəyərini azaltdıqca, gələcəkdə bu sahədə yeni iş yerlərinin yaranması da mümkündür.
Qonaqpərvərlik
“İnsanlar arasında canlı ünsiyyət süni intellektlə əvəz edilməməlidir”.
Portuqaliyadakı Nova Biznes və İqtisadiyyat Məktəbi nəzdində fəaliyyət göstərən Vestmont Turizm və Qonaqpərvərlik İnstitutunun akademik direktoru professor Graham Miller hesab edir ki, süni intellekt hotel sektorunda iş bölgüsünü dəyişə bilər. Onun fikrincə, gələcəkdə məşğulluq daha çox arxa ofis funksiyalarından müştəri ilə birbaşa təmasda olan vəzifələrə yönələcək.
Professor Miller hesab edir ki, qonaqpərvərlik sahəsində yaradıcı peşələr, xüsusilə aşpazlıq, rutin əməliyyatlarla müqayisədə süni intellektə qarşı daha davamlıdır.
Musiqi, incəsənət və əyləncə sektorlarını nümunə göstərən Miller deyir ki, süni intellekt hələlik həqiqətən yaradıcı insan əməyini təkrarlamaqda çətinlik çəkir. Bununla belə, o, keyfiyyətsiz işləri daha asan üzə çıxara bilər.
“Bir işin insan tərəfindən görülməsi onun avtomatik olaraq yaradıcı olması demək deyil”.
Onun fikrincə, burger çevirmək və ya pizza hazırlamaq kimi standart kulinariya işləri gələcəkdə avtomatlaşdırıla bilər. Lakin süni intellekt hələ də orijinal və innovativ kulinariya nümunələri yaratmaq səviyyəsində deyil.
Tikinti və peşə sahələri
“Kərpic hörgüsü və dülgərlik kimi praktiki peşələr gələcəkdə də perspektivli olacaq”
Master Builders Federasiyasının baş icraçı direktoru Brian Berry bildirir ki, süni intellekt tikinti sektorunun bəzi istiqamətlərini dəyişməyə başlayıb. Bununla belə, onun təsiri bütün sahələrdə eyni olmayacaq.
Onun sözlərinə görə, kərpic hörgüsü, dülgərlik və suvaqçılıq kimi praktiki peşələr süni intellektdən daha az təsirlənir və uzunmüddətli perspektivdə etibarlı karyera imkanları təqdim edir. Bu xüsusilə kiçik və yerli tikinti şirkətlərində çalışanlar üçün keçərlidir.
Berry hesab edir ki, gələcəkdə iri tikinti layihələrində bəzi fiziki işlərin avtomatlaşdırılması mümkün olsa da, bunun geniş tətbiqi üçün hələ vaxt lazımdır.
Ən çox təsirə məruz qalan vəzifələr isə planlaşdırma, smeta hazırlanması və digər inzibati ofis işləridir.
Onun fikrincə, insanlar zaman keçdikcə yerli ustaların və peşəkar tikinti mütəxəssislərinin əməyinin dəyərini daha yaxşı anlayacaqlar.
Lakin Berry bildirir ki, bu sahədə əsas problemlərdən biri cəmiyyətin münasibətidir. Federasiyanın araşdırmasına görə, valideynlərin yalnız 47 faizi övladına tikinti sahəsində karyera seçməyi tövsiyə edərdi.
“Bu düşüncə dəyişməlidir. İxtisaslı ustalara tələbat artır və bu peşələr süni intellekt qarşısında daha dayanıqlıdır. Tikinti sektoru gələcək üçün etibarlı və perspektivli karyera seçimidir”.
Bankçılıq və maliyyə
“Məlumat analitikləri və süni intellekt mühəndislərinə tələbat artacaq”
Bloomberg Intelligence şirkətinin bank sektoru üzrə baş analitiki Tomasz Noetzel hesab edir ki, bankçılıqda süni intellektdən ən çox təsirlənəcək vəzifələr çağrı mərkəzi əməkdaşları, müştəri xidmətləri mütəxəssisləri, orta ofis əməliyyatları üzrə işçilər, pərakəndə bank filiallarının əməkdaşları və İT dəstək xidmətləridir.
Onun sözlərinə görə, bu vəzifələrdə təkrarlanan işlər çox olduğundan onları süni intellekt əsaslı sistemlər yerinə yetirə bilər.
Bununla belə, Noetzel vurğulayır ki, bu iş yerləri dərhal yox olmayacaq.
Ekspert hesab edir ki, yaxın illərdə məlumat analitikləri (data scientists), süni intellekt mühəndisləri, proqram təminatı hazırlayan mütəxəssislər və digər texnologiya yönümlü peşələrə tələbat əhəmiyyətli dərəcədə artacaq.
Onun sözlərinə görə, müştərilər investisiya portfelləri barədə operativ məlumat almaq istəyirlər və bu istiqamətdə süni intellekt mühüm rol oynaya bilər.
Noetzel bildirir ki, bank sektorunda demək olar ki, bütün peşələr müəyyən dərəcədə dəyişəcək. Lakin yüksək peşəkar mühakimə və ixtisaslaşmış bilik tələb edən vəzifələr daha davamlı olacaq.
Bloomberg Intelligence tərəfindən Avropa bankları arasında keçirilən sorğuya əsasən, tədqiqat analitikləri, uyğunluq və monitorinq üzrə analitiklər, risk modelləşdirməsi mütəxəssisləri, daxili auditorlar və kredit qiymətləndirilməsi ilə məşğul olan əməkdaşlar süni intellektin təsirinə ən az məruz qalacaq peşələr sırasındadır.
Ekspert qeyd edir ki, kreditlərin qiymətləndirilməsi prosesində artıq süni intellektdən istifadə olunsa da, banklar bu sahədə insan nəzarətinin vacibliyini qoruyub saxlayırlar.



