spot_img
HomeBloqElmi TədqiqatAlimlər: Yeni dil öyrənmək beynin qocalmasını ləngidə bilər
spot_img

Alimlər: Yeni dil öyrənmək beynin qocalmasını ləngidə bilər

Araşdırmalar nəticəsində məlum olub ki, iki dildə danışanların beyni bir dildə danışanlara nisbətən təxminən altı il daha gənc görünür.

Yeni bir dil öyrənmək beynin qocalma prosesini 13 ilə qədər ləngidə bilər. Bu nəticə Barselonada keçirilən Avropa Neyroelm Cəmiyyətləri Federasiyasının (FENS) konfransında təqdim olunan yeni araşdırmada açıqlanıb.

Tədqiqatın nəticələrinə görə, iki dildə danışan insanların beyni yalnız bir dildə danışanlarla müqayisədə təxminən 6 il daha gənc görünür. Üç dildə danışanlarda bu fərq 7 ilə, dörd dildə danışanlarda isə təxminən 13 ilə çatır. Araşdırma həmçinin göstərib ki, nə qədər çox dil bilinsə və ikinci dil nə qədər erkən yaşda öyrənilsə, beynin qocalma prosesi bir o qədər yavaşlayır.

İnsan beyni bir-biri ilə əlaqə saxlayan milyardlarla sinir hüceyrəsindən ibarətdir. Yaş artdıqca bu əlaqələr zəifləyir, nəticədə yaddaş və düşünmə sürəti azalır.

Əvvəlki tədqiqatlar Avropada çoxdilli insanların daha yavaş qocalmağa meyilli olduğunu göstərsə də, bu araşdırma ilk dəfə olaraq dillərin fərdi beyinlərə təsirini ölçüb. İspaniya, Çili, Argentina və İrlandiyadan olan alimlər yüksək çoxdillilik səviyyəsi ilə seçilən Bask bölgəsində yaşayan, ispan, bask, fransız və ya ingilis dillərində danışan şəxsləri araşdırıblar.

Tədqiqat çərçivəsində 728 nəfərin beyin fəaliyyəti maqnetoensefaloqrafiya (MEG) vasitəsilə ölçülüb. Daha sonra süni intellektdən istifadə edilərək müxtəlif yaşlarda normal beyin əlaqəliliyi müəyyən edilib. Nəticələrin təsdiqlənməsi üçün əlavə olaraq bir, iki, üç və dörd dildə danışan 144 nəfərin beyni də müayinə olunub və müqayisə aparılıb.

San Sebastian şəhərində yerləşən Bask Koqnitivlik, Beyin və Dil Mərkəzinin tədqiqatçısı Dr. Lusiya Amoruso bildirib:

“Sadə dillə desək, daha çox dil bilən insanların beyni onların faktiki yaşından daha gənc görünürdü. Bu təsir yalnız danışılan dillərin sayı ilə bağlı deyildi. Dil biliyinin yüksək səviyyədə olması və ikinci dilin erkən yaşlarda öyrənilməsi də beynin qocalmasının gecikməsi ilə əlaqələndirildi. Bu onu göstərir ki, çoxdilli təcrübənin dərinliyi və davamlılığı mühüm rol oynayır.”

Araşdırma zamanı iştirakçıların yaşı, cinsi və təhsil səviyyəsi kimi amillər nəzərə alınsa da, alimlər sağlam həyat tərzi və sosial aktivlik kimi digər faktorların təsirini tam istisna etməyin mümkün olmadığını vurğulayıblar.

Araşdırmanı şərh edən Afina Milli və Kapodistrian Universitetinin neyroalimi professor Kristina Dalla bildirib ki, ikinci, üçüncü və ya dördüncü dili öyrənmək beynin daha uzun müddət gənc qalmasına kömək edə bilər. Onun sözlərinə görə, dil öyrənməyə nə qədər erkən başlanılsa, nəticələr bir o qədər müsbət olur. Professor əlavə edib ki, dil öyrənməyin sosial, mədəni və beyin sağlamlığı baxımından çoxsaylı üstünlükləri var və buna görə də məktəblərdə və həyatın bütün mərhələlərində dil təhsilinin təşviq edilməsi vacibdir.

Bununla belə, İngiltərənin Loughborough Universitetinin bioloji psixologiya professoru İf Hoqervorst nəticələrin ehtiyatla qiymətləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, çoxdilli insanların beyin sağlamlığının daha yaxşı olması onların eyni zamanda daha sağlam həyat tərzi sürməsi, daha çox mütaliə etməsi, ömürboyu öyrənməyə davam etməsi və ya musiqi alətlərində ifa etməsi kimi digər amillərlə də əlaqəli ola bilər.

Mənbə: The Guardian

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar