Orta məktəbdən universitet həyatına keçid bir çox tələbə üçün çətin ola bilər. Yeni dərs yükünə uyğunlaşmaq və səmərəli öyrənmə üsulu tapmaq isə bəzən mürəkkəb görünür. Lakin düzgün yanaşma ilə bu prosesi daha asan və məhsuldar etmək mümkündür.
- İmtahan ərəfəsində materialı əzbərləməyə çalışmayın
Bir çox tələbə imtahandan əvvəl bütün mövzuları qısa müddətdə öyrənməyə çalışır. Lakin araşdırmalar göstərir ki, bu üsul uzunmüddətli yaddaşın formalaşmasına kömək etmir.
Amerika Psixologiya Assosiasiyasının məlumatına görə, tələbələr imtahanda yüksək nəticə əldə etsələr belə, bu, materialı həqiqətən mənimsədikləri anlamına gəlmir. Buna görə də məqsəd qısa müddətli əzbərləmə deyil, uzunmüddətli öyrənmə olmalıdır.
- Plan qurun və ona əməl edin
Əvvəlcədən hazırlanmış tədris planı və konkret məqsədlər özünüzü daha hazırlıqlı hiss etməyə kömək edir.
Harvard Yay Məktəbinin akademik məsləhətçisi Maggie Schwab bildirir ki, universitetə yeni başlayan tələbələrin ən çox etdiyi səhvlərdən biri dərsləri son ana saxlamaqdır.
“Orta məktəbdə dərs yükü universitetlə müqayisədə daha az olur. Buna görə də ən vacib tövsiyəm odur ki, dərsləri son ana saxlamayın. Özünüz üçün oxu planı hazırlayın və ona sadiq qalın.”
- Kömək istəməkdən çəkinməyin
Çətin mövzularla təkbaşına mübarizə aparmaq məcburiyyətində deyilsiniz.
Bir çox tələbə məktəb dövründə əlavə dəstək almağa öyrəşməsə də, universitetdə müəllimlərə, repetitorlara və ya qrup yoldaşlarına müraciət etmək olduqca normal hal hesab olunur.
Harvardın Akademik Resurs Mərkəzi tələbələr üçün akademik məsləhət, seminarlar, fərdi və qrup şəklində repetitor dəstəyi kimi müxtəlif imkanlar təqdim edir.
- Birgə öyrənməyin üstünlüklərindən yararlanın
Qrup yoldaşlarınız da sizinlə eyni çətinlikləri yaşayırlar.
Birlikdə dərs oxumaq:
● mövzuları müzakirə etməyə;
● bir-birinizi yoxlamağa;
● çətinliklərin öhdəsindən birlikdə gəlməyə;
● gələcəkdə faydalı əlaqələr qurmağa kömək edir.
- Sizə uyğun öyrənmə üsulunu müəyyənləşdirin
Hər kəs eyni üsulla öyrənmir. Hansı metodun sizin üçün daha səmərəli olduğunu müəyyənləşdirmək üçün müxtəlif yanaşmaları sınamaq faydalıdır.
Maggie Schwab bunun üçün metakoqnisiya üsulunu tövsiyə edir. Bu metod insanın öz öyrənmə prosesini analiz etməsinə və hansı üsulun daha effektiv olduğunu müəyyən etməsinə kömək edir.
O, aşağıdakı mərhələləri tövsiyə edir:
● Yeni mövzuya başlamazdan əvvəl həmin mövzu haqqında artıq bildiklərinizi düşünün.
● Oxuyarkən və ya mühazirəni dinləyərkən əlavə qeydlər aparın, ağlınıza gələn sualları yazın.
● Mövzu bitdikdən sonra öyrəndiklərinizi qısa şəkildə ümumiləşdirin və cavabsız qalan suallarınıza cavab axtarın.
- Fasilə verməyi unutmayın
İnsan beyni eyni anda məhdud miqdarda məlumat qəbul edə bilir.
ABŞ Milli Səhiyyə İnstitutunun araşdırmalarına əsasən, dərs zamanı verilən qısa fasilələr məlumatın yadda qalmasını artırır.
İstirahət beynin yeni məlumatları emal etməsinə və yaddaşa köçürməsinə kömək edir.
Buna görə də dərslər arasında kifayət qədər istirahət etməyə və keyfiyyətli yuxu almağa diqqət yetirin.
- Məhsuldar öyrənmə mühiti yaradın
Harada dərs oxumağınız, necə dərs oxumağınız qədər vacibdir.
Diqqətinizi yayındıracaq amillərin olmadığı sakit bir mühit seçin.
Dərsə başlamazdan əvvəl lazım olan bütün materialları hazırlayın. Özünüzlə su və yüngül qəlyanaltı götürməyiniz də faydalı ola bilər.
- Özünüzü mükafatlandırın
Uzun müddət dərs oxumaq həm zehni, həm də emosional baxımdan yorucu ola bilər.
Araşdırmalar göstərir ki, kiçik mükafatlar motivasiyanı artırır və öyrənmə prosesini daha maraqlı edir.
Məsələn, çətin bir mövzunu bitirdikdən sonra sevdiyiniz dondurmanı yeyə və ya sevimli serialınızın bir bölümünə baxa bilərsiniz.
- Təkrar etməyi vərdiş halına gətirin
Öyrəndiklərinizi mütəmadi təkrarlamaq məlumatın uzun müddət yadda qalmasının ən təsirli yollarından biridir.
Tədqiqatçılar Elizabeth və Robert Bjork bildirirlər ki, müəyyən çətinlik yaradan öyrənmə üsulları yaddaşı daha da gücləndirir.
Məsələn, sadəcə kitab oxumaqdansa, kartlardan (flashcards) istifadə edərək özünüzü yoxlamaq daha effektiv nəticə verir.
Schwab bunu belə izah edir:
“Necə ki, əzələləri gücləndirmək üçün məşq etmək lazımdır, yaddaşı gücləndirmək üçün də beyni mütəmadi məşq etdirmək lazımdır.”
- Konkret məqsədlər müəyyənləşdirin
Tədris prosesində kiçik və konkret məqsədlər qoymaq inkişafınızı izləməyə kömək edir.
Psychology Today nəşri bunun üçün SMART metodunu tövsiyə edir.
● Konkret (Specific): Məqsədinizi dəqiq müəyyənləşdirin. Məsələn: “Hər gün saat 14:00–16:00 arasında kitabxanada dərs oxuyacağam.”
● Ölçülə bilən (Measurable): Həftəlik dərs saatı və ya imtahan nəticəsi kimi ölçülə bilən göstəricilər seçin.
● Real (Realistic): Qarşınıza əlçatan hədəflər qoyun. Əgər hazırda həftədə 2 saat dərs oxuyursunuzsa, bunu birbaşa 10 saata deyil, 3–4 saata yüksəldin.
● Vaxt məhdudiyyətli (Time-specific): Məqsədlərinizi akademik təqviminizə uyğun planlaşdırın.
Nəticə
Bu tövsiyələrdən istifadə etməklə dərs materialını daha səmərəli mənimsəyə, akademik nəticələrinizi yaxşılaşdıra və universitet həyatınız boyunca daha uğurlu təhsil yolu keçə bilərsiniz.
Mənbə: Harvard Summer School.



