Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycan şirkətinin birgə maliyyə dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə *“İnklüziv şəhərlər üçün gənclər: WUF13-ə gedən yolda”* adlı forum həyata keçiriləcək.
Layihə gənclərin davamlı şəhərsalma, ekoloji tarazlıq, sosial inklüzivlik və innovativ urban həllər sahəsində bilik və bacarıqlarının gücləndirilməsinə, eyni zamanda onların ideyalarının praktik layihələrə çevrilməsinə xidmət edir. Təşəbbüs Azərbaycan gənclərinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda fəal iştirakını təşviq edir.
Forum müddətində praktiki sessiyalarda yerli və xarici tələbələr real şəhər problemlərini təhlil edəcək, innovativ həllər hazırlayacaq və ekspert-məsləhətçilərin dəstəyi ilə bu ideyaları konkret layihə təkliflərinə çevirəcəklər.
Yekunda “Youth Urban Manifesto – Baku 2026” sənədi formalaşdırılacaq.



